Türkiyə Qərbə qarşı öz dirənişini nümayiş etdirdi -ŞƏRH

Türkiyə Qərbə qarşı öz dirənişini nümayiş etdirdi

Türkiyə Birləşmiş Ştatların təzyiqlərinə rəğmən Rusiyadan S-400 raketlərinin alınmasını reallaşdırdı. İndi hər kəs Vaşinqtonun Ankaraya qarşı cavabının nə olacağı barədə düşünür. Birləşmiş Ştatlar Türkiyənin Rusiyadan S-400 raketlərini almasına adekvat olaraq Ankaraya qarşı hansı təsir vasitələrindən istifadə edəcək? Birləşmiş Ştatlar-Türkiyə-Rusiya üçbucağında cərəyan edən proseslərə diqqət çəkən politoloq Məhəmməd Əsədullazadə deyir ki, bununla iki ölkə strateji hərbi əməkdaşlıq müstəvisində yeni mərhələyə start verdi. Onun sözlərinə görə, bu, həm də Türkiyə ilə NATO arasında soyuq münasibətlərin başlanmasının başlanğıcı oldu: "Xüsusi olaraq qeyd edim ki, "S-400" ZRK 12-15 İyul arası Türkiyəyə daşınması hərbi çevrilişə cəhd günü ilə üst-üstə düşməsi Qərbə mesajıdı".

Politoloq qeyd edib ki, NATO -nun Rusiyaya qarşı kəskinləşən siyasi-hərbi doktrinası fonunda Ankaranın Moskva ilə hərbi-texniki əməkdaşlığı Alyansda çatların baş verməsinə və Moskvanın bu təşkilat üzərində psixoloji və siyasi qələbəsinə gətirəcək: "Türkiyə rəhbərliyi, bu silahları almaqla, Rusiya ilə siyasi müstəvidə  yaxınlaşmaqla 2016-il iyul hərbi çevrilişində ona dəstək olan Moskvaya minnətdarlıq və Qərbə qarşı öz dirənişini nümayiş etdirdi. Bununla demək olar ki, Ankara artıq Qərbin bir nömrəli hədəfi halına gəldi. Ümumiyyətlə Türkiyənin bu raket sisteminə ehtiyacı yoxdur. Qərblə normal əməkdaşlıq davam etsəydi, kimdən müdafiə olunacaqdı?".

Məhəmməd Əsədullazadə qeyd edib ki, hazırda Suriyadan və İraqdan Türkiyəyə havadan heç bir təhlükə yoxdur: "Yunanıstanla da NATO-da hərbi müttəfiqdirlər. Görünür Rəcəb Tayyib Ərdoğa Qərbdən uzaqlaşmaq kursu həyata keçirməklə Rusiyadan bu silahları idxal etməklə, NATO və ABŞ-dan müdafiə olunmağı planlayır. Bu geosiyasi nizamda uduşlu Kremldi və NATO-dan Türkiyəni ayırmaqla öz geosiyasi məqsədlərini uğurla həyata keçirir". Politoloq hesab edir ki, ABŞ və Avropa Türkiyəyə qarşı iqtisadi sanksiyaları işə salarsa, Ərdoğana qarşı etirazlar dalğası başlayacaq: "Türkiyə-Rusiya əməkdaşlığının inkişafı Qarabağ münaqişəsinin nizamlanmasına heç bir müsbət təsir etməyəcək. Türkiyənin Cənubi Qafqazda rolu zəifləyəcək".

Müstəqil ekspert Kamran Sultanlı isə hesab edir ki, bu raket kompleksləri Şərq-Qərb konfiqurasiyası arasında yerləşən Türkiyə üçün yeni nəticələr doğuracaq: "Ümumiyyətlə S-400 kompleksləri dünya və region üçün yeni nəticələr doğuracaq. NATO üzvü olan Türkiyənin, NATO-nun əsas rəqibi olan Rusiyadan silah almasında Qərbin və onun lideri ABŞ-ın da günahı var. Türkiyə ilk öncə hava hücumundan müdafiə sistemləri üçün məhz NATO dövlətlərinə və ABŞ-a müraciət etmişdi. Həmin dövrdə Türkiyə Suriyada yeni əməliyyat keçirəcəyi ilə bağlı anons da vermişdi. Bu addımına görə ABŞ tərəfi Konqresdə təmsil olunan lobbi qrupları Türkiyəyə Patriot komplekslərini satmadı və ya təkliflər Türkiyəni qane etmədi. Vaşinqton bu addımı ilə Türkiyəyə cəza vermək istəyirdi. Türkiyə isə bundan sonra alternativ axtarışına çıxdı. O ərəfələrdə Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra Ərdoğanın üzr istəməsi, Türkiyə-ABŞ arasında fikir ayrılığının başladığı ərəfədə, Putin bundan məharətlə istifadə etdi və S-400 mövzuları yayılmağa başladı. S-400-ün həm Patriotdan ucuz olması, həm keyfiyyətlərinin üstünlüyü, həmçinin Rusiyanın ixrac prosedurlarında əlverişli təklifləri Türkiyəni qane etdi. Təbii ki, S-400 alqı-satqısını mən həm də Türkiyənin məlum təyyarə olayından sonra Rusiya ilə əlaqələri nizamlaması üçün konpensasiya kimi dəyərləndirirəm. Moskva üçün isə bu ticarət o baxımdan önəmli idi ki, Yaxın Şərqdə mühüm həlqə sayılan Türkiyə ilə yaxınlaşsın. Həmçinin Moskva NATO dövlətinə özünün aparıcı raketini satmaqla dünya silah bazarında imicini artırmış oldu".

Kamran Sultanlı bildirib ki, Türkiyədə S-400-lə bağlı hər hansısa mənfi şərh İdlibdə hansısa prosesə təsir göstərirdi: "Rusiya İdlibin Türkiyə üçün həssaslığını anlayaraq orada müəyyən təxribatlara əl atırdı. S-400-ü Türkiyə bütün təhdidlərə baxmayaraq almalı idi. Çünki Ankaranın Rusiyaya, Suriyada ehtiyacı var. Moskva ilə əlaqələri qorumaq üçün bu silah alveri bir vasitə idi. Bununla həm də Türkiyə Qərbə göstərdi ki, istənilən an onlardan başqa tərafdaş tapa bilər. Hazırda dünya dəyişir və Yaxın Şərqdə ABŞ-la istənilən soyuqluqdan Çin və Rusiya istifadə edir. Buna görə Tramp Yaxın Şərqin ərəb nəhəngləri ilə və digər dövlətləri bütün qeyri-demokratik addımlarına baxmayaraq göz yumaraq əlaqələri qorumağa çalışır. Bu amilləri önəmsəmir". Ekspertin sözlərinə görə,  S-400-ün təslim etməsindən sonra Ərdoğan çalışacaq ki, həm ABŞ, həm də Rusiya arasında manevr etsin: "Türkiyə, Yaxın Şərqin açar dövlətidir. Ankara rəqiblərinin onun üzərinə nə qədər gələ biləcəyini gözəl bilir. Rusiya ilə yaxınlaşma taktikidir, bunun strateji ola biləcəyini zənn etmirəm. Türkiyədə son dövrlər avrasiyaçılıq xətti genişlənsə də, Ankara Qərb ailəsinin üzvü olmağa davam edəcək. Lakin Türkiyə çalışacaq ki, Rusiya və Çinlə, Qərbə qarşı müəyyən bazarlıqla nəsə qoparsın. Türkiyənin Amerika ilə də əlaqələrini qoruması zəruridir. Çünki Türkiyə iqtisadiyyatı hazırda kövrəkdi və investisiyadan çox aslıdır. İnvestisiya cəlb etmək, Qərb maliyyə mərkəzlərinə çıxışı qorumaq üçün ABŞ-la əlaqələri qorumaq zəruridir. Suriyadaki maraqlara görə isə Ankara Moskva ilə kompromisə davam etməlidir". Kamran Sultanlı onu da deyib ki, S-400-lər Kipr adasında, Akkuyu AES-də quraşdırıla bilər: "Türkiyəyə ilk öncə komplekslərin radar hissəsi çatdırılıb. Əslində radarlar sonda çatdırılmalı idi, lakin Türkiyə radarları Şərqi Aralıqda, gərginliyə görə ilk öncə istəyib. Rusiya maksimum çalışacaq ki, iki NATO dövlətinin arasını açsın və NATO hava məkanına daxil ola bilsin. Təbii ki Vaşinqton və Ankara bundan agahdır. Amma bunun üçün okeanın o tayından da siyasi korrektələrə ehtiyac var. ABŞ maksimum şəkildə S-400-ün, F-35-lərin sirlərini öyrənməməsi üçün Türkiyəyə təzyiq etməyə çalışacaq. Rusiya və Türkiyə yaxınlaşmasının Qarabağa təsir edəcəyini zənn etmirəm. Çünki Rusiya nə qədər Türkiyə ilə yaxınlaşsa da, Moskva Ankaranı Cənubi Qafqazda yaxın buraxmayacaq. Ermənistan da məhz Türkiyəni Cənubi Qafqazdan uzaq tutmaq üçün Rusiyanın əlində vasitədir və hər nə olur-olsun Rusiya Ermənistanı Türkiyənin Cənubi Qafqazla dekordinasiyası üçün istifadə edəcək".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31