Azərbaycan diasporası İspaniyada öz sözünü deyir
Azərbaycan diasporası İspaniyada öz sözünü deyir
15 İyul 2019 13:46 SiyasətVahid İmanov: "Artiq diaspora təşkilatları dövlətimizin dəstəyilə ölkəmizi dünyada tanıdır, dövlətimizi və dövlətçiliyimizi düzgün şəkildə təbliğ edirlər"
"Bütün bu işlərin ərsəyə gəlməsində, reallaşmasında Fuad Muradovun əməyi danılmazdır"
Son illər diaspor sahəsində müsbət tendensiya müşahidə edilməkdədir. Xüsusilə, bu sahə ilə məşğul olan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində edilən dəyişiklik qeyd etdiyimiz sahədə bir canlama yaradıb. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Koordinasiya Şuraları yaradılaraq birgə fəaliyyət göstərmələri istiqamətində atılan addımlar, eləcə də xaricdə yaşayan soydaşlarımızın üzləşdikləri problemlərin həlli üçün göstərilən çevik reaksiya deyilənləri təsdiqləyir. Elə İspaniya Azərbaycanlıları Birliyinin təsisçisi, İspaniya Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyası (ACAE) direktorlar Şurasının üzvü Vahid İmanovla söhbətimiz də bu istiqamətdə oldu. Vahid İmanov "OLAYLAR"-a verdiyi müsahibədə təmsil etdiyi qurumun Bakı ilə Madrid arasında münasibətlərin inkişafına verdiyi töhfələrdən də danışıb.
-Vahid müəllim, rəhbəri olduğunuz İspaniya Azərbaycanlıları Birliyi nə vaxtdan fəaliyyət göstərir və birliyin əsas fəaliyyət istiqamətlərinə nələr daxildir?
-İspaniya Azərbaycanlılari Birliyinin yaradıcılarından biri, İspaniya Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyası (ACAE) direktorlar Şurasının daimi üzvü, yaşadığım bölgə üzrə ACAE direktoru (Junto y Leon de Castillo), Qərbi Azərbaycan İctimai Birliyinin İspaniya üzrə səlahiyyətli nümayəndəsi olaraq uzun müddətdir ki, diaspora fəaliyyəti ilə məşğul oluram. İspaniya Azərbaycanlıları Birliyi 2010-cu ilin sonlarında yaradılıb . Fəaliyyətimiz ondan ibarətdir ki, ölkəmizi xaricidə layiqincə təmsil edək. Bu günkü günə kimi dövlətimizi və dövlətçiliyimizi İspaniya cəmiyyətində layiqincə tanıtmışıq. Əsas fəaliyyətimiz Azərbaycan dövlətinin maraqlarını xaricdə qorumaq, inkişaf etdirmək, dövlətimiz haqqında düzgün məlumatları ispan cəmiyyətinə çatdırmaqdır. İmkanımız daxilində bu sahədə əlimizdən gələni edirik.
- Ötən müddət ərzində rəhbərlik etdiyiniz təşkilat nə kimi tədbirlər keçirib və qarşıdakı planlarınız nələrdir?
-- İspaniya azərbaycanlıları olaraq hər zaman aktiv müstəvidə bir çox gözəl işlərə imza atmışıq. Qarşımızdakı əsas məqsədimiz ondan ibarətdir ki, İspaniyada sözünü deyən diasporamız olsun. Əvvəllər İspaniyada Azərbaycan dedikdə insanlar bir anlıq dururdu. Amma artıq Azərbaycan dedikdə çox həqiqətləri ispan ictimayyəti bilir. Bu da çəkdiyimiz əziyyətin sahəsində əldə edilən uğurlardır.
-Təşkilat olaraq Azərbaycanla İspaniya arasında əlaqələrin inkişafına nə kimi töhfə verirsiniz?
-Diaspora fəaliyyətimizlə yanaşı, bəzi sahələrdə də öz sözümüzü deyirik. Buna misal olaraq Bakı ilə Madrid arasında ACAE (Ispaniya Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyası) təşkilatı çərcivəsində bir çox iqtisadi-ticari, mədəni əlaqələrin qurulmasında maraqlıyıq və bunu bacardığımız qədər həyata keçiririk.
- Siz eyni zamanda İspaniya Azərbaycan Ticarət və Mədəniyyət Asssosiasiyasının direktorlar şurasının daimi üzvüsünüz. Məsələyə iqtisadi və ticari aspektdən yanaşsaq, Madridlə Bakı arasında iqtisadi və ticari əlaqələri necə dəyərləndirərdiniz?
-Bu işdə bizlər-ACAE olaraq F.Mustafayev (prezident) M.İbrahim (Valensia üzrə direktor ) C.Quliyev (Madrid təmsilçisi) və mən əlimizdən gələni edirik. İnşallah yaxın vaxtlarda gözəl naliyyətlərə imza atacağıq.
-İki ölkə arasında qeyd edilən sahədə əməkdaşlığı daha da inkişaf etdirmək üçün hansı potensial və perspektivlər var?
-İki ölkə arasında əməkdaşlığı artan xətt üzrə inkişaf etdirmək üçün çox gözəl potensial, imkanlar var.
- İspaniyada Azərbaycan diasporunun durumunu necə dəyərləndirirsiniz?
Əvvəlki illərə nisbətən artıq Azərbaycan diasporası İspaniyada öz sözünü deyir. Lakin nöqsanlarda az deyil. Çalışdığımız qədər, imkanlarımız daxilində nöqsanları aradan qaldırırıq.
- Son vaxtlar Diasporla Iş üzrə Dövlət Komitəsi müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının Koordinasiya Şuraıarını yaradır. Bu proses diasporamızın daha da təşkilatlanmasına hansı töhfələr verə bilər?
--Son 1-2 ildə diaspora sahəsində çox işlər görülür. Buna misal olaraq qeyd etmək istəyirəm ki, cari ilin may ayında Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmilərinin də iştirakı ilə keçirilən toplantıda İspaniya üzrə iki koordinator seçdik. Bütün bunlar Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun səyləri nəticəsində baş tutdu. Diasporla İş üzrə Dövlət Komitəsinin 17 illik fəaliyyəti dövründə bu İspaniyada baş tutan ilk rəsmi görüş idi . Bütün bu işlərin ərsəyə gəlməsində, reallaşmasında Fuad Muradovun əməyi danılmazdır. Bir çox Avropa ölkələrində diaspora fəalları ilə keçirilən görüşlər bunun bariz nümunəsidir. Artiq diaspora təşkilatları dövlətimizin dəstəyilə ölkəmizi dünyada tanıdır, dövlətimizi və dövlətçiliyimizi düzgün şəkildə təbliğ edirlər.
-Paralel olaraq Rusiyada da diasporumuzun mütəşəkkil fəaliyyət göstərməsi istiqamətində işlər görülür. Rusiya Azərbaycanlıları Ittifaqı təsis edən Fizuli Məmmədov hazırda da Dünya Azərbaycanlılarının Ittifaqının yaradılması istiqamətdə iş aparır. Bu fəaliyyət diasporumuzun daha da güclənməsinə təkan verə bilərmi?
--Ölkə hüdudlarına nəzər salanda görürük ki, İrandan sonra azərbaycanlıların ən çox cəmləşdiyi ölkə Rusiya Federasiyasıdır. Bu yaxınlarda qeyd etdiyimiz ölkədə Rusiya Azərbaycanlıları İttifaqı təsis edildi. Bu da iş adamı Fizuli Məmmədovun səyi nəticəsində baş tutdu. Mətbuatdan izlədiyim qədər Fizuli Məmmədov Dünya Azərbaycanlıları İttifaqInIn yaradIlmasI istiqamətində işlər görür. Bu şox təqdirəlayiq işdir.
-Ümumiyyətlə, təşkilat olaraq digər ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə əlaqələr qurur, əməkdaşlıq edirsinizmi?
-İspaniya Azərbaycanlıları Birliyi olaraq başqa ölkələrdəki diaspora tışkilatları ilə də gözəl əlaqələrimiz və əməkdaşlığımız var.
- İspaniyada təxminən nə qədər azərbaycanlı yaşayır və onlar mütəşəkkildirlərmi?
-İspaniyada təqribən 1000-2000 nəfər arasında azərbaycanlı yaşayır və burada birliyimizin möhkəmlənməsi sahəsində çox işlər görürük. Lakin bəzi nöqsanlarımız da var. Bu da ondan qaynaqlanır ki, biz azərbaycanlılar ölkə hüdudlarından kənarda birliyə meyilli deyilik. Gərək bizlər anlayaq ki, güc birlikdədir. Dünyanın harasında yaşamağımızdan, hansı ölkənin vətəndaşı olmağımızdan asılı olmayaraq, bizim ana vətənimiz, canımız, qanımız Azərbaycandır. M.Ə.Rəsulzadənin gözəl bir sözü var. Torpaq -uğrunda ölən varsa Vətəndir. Biz də vətənimiz üçün canımızdan keçməyə hər zaman hazırıq.
Süleyman İsmayılbəyli