Azərbaycan-Avropa İttifaqı əlaqələri yüksələn xətt üzrə inkişaf edir- TƏHLİL

İlham Əliyev: "Biz də öz tərəfimizdən Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirmək üçün çox işlər görürük"

Azərbaycan dövlətinin xarici siyasətində Avropa qurumları ilə əlaqələr əsas prioritet istiqamətlərdən biridir. Xüsusilə beynəlxalq təşkilat kimi Avropa İttifaqı ilə bütün sahələrdə fəal əməkdaşlıqla yanaşı, ölkəmiz Avropa təhlükəsizlik sisteminin etibarlı tərəfdaşı olaraq qitənin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Məhz bu amillər nəzərə alınaraq Azərbaycanla Avropa İttifaqı arasında gələcək münasibətlərin inkişafına dair saziş üzərində danışıqlara başlanıb. Onu da qeyd edək ki, ikitərəfli əlaqələrin inkişafında qarşılıqlı səfələr mühüm əhəmiyət kəsb edir. Xatırladaq ki,  Avropa İttifaqı Şurasının Prezidenti cənab Donald Tusku Azərbaycana kinci dəfədir ki, səfər edir. Azərbaycan prezidenti İlham Əliyev də  dəfələrlə Brüsseldə səfərdə olub. Hər  səfər çərçivəsində Azərbaycanla Avropa İttifaqının ortaq maraqlarında olan məsələlərin ən ali səviyyədə müzakirəsi aparılıb. Daha doğrusu, səfərlər çərçivəsində ikitərəfli əməkdaşlıq, regioanda və beynəlxalq aləmdə təhlükəsizlik məsələləri müzakirə predmeti olub. Təkcə bu fakt Azərbaycanla Avropa İttifaqı arasında fəal siyasi dialoqun movcudluğunu təsdiq edir. Ümumi qənaət isə ondan ibarətdir ki, Avropa Komissiyası ilə Azərbaycan arasında əlaqələrin çox müsbət dinamikası var. Məhz bu baxımdan cənab Donald Tuskun ölkəmizə səfəri zamanı yeni sazişlə bağlı Avropa Komissiyası ilə Azərbaycan arasında davam edən danışıqların müzakirəsi aparılıb. Aparılan danışıqlarin isə uğurla nəticələnəcəyi heç bir şübhə yeri qoymur.  Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla mətbuata bəyanatla çıxışı zamanı deyib ki, danışıqlar uğurla davam edir: "Danışıqların perspektivləri ilə bağlı fikirlərimizi ifadə etdik. Danışıqlar uğurla davam edir. Bir çox məsələlər artıq öz həllini tapıb. Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində iş aparırıq". Yeri gəlmişkən xatırladaq ki, hələ ötən il Avropa Komissiyası ilə Azərbaycan arasında Tərəfdaşlıq prioritetləri sənədi qəbul olunub. Dövlət başçısı İlham Əliyev bu sənədi yüksək qiymətləndirib: "Bu, çox mühüm sənəddir. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur. Bu gün Cənab Prezidentlə təkbətək görüşümüz zamanı mən ona Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz barədə məlumat verdim. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən həll olunmalıdır. Uzun illərdir ərazilərimiz erməni işğalı altındadır. Bir milyondan çox qaçqın və məcburi köçkün bu təcavüz və işğaldan əziyyət çəkir. Bizim qəti mövqeyimiz ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Səylərimiz münaqişənin ən tez zamanda həllinə yönəlib. Münaqişənin indiyədək həll olunmamasının əsas səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir. Qeyd etməliyəm ki, beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk qrupunun səyləri münaqişənin ən tez zamanda həllinə yönəlməlidir. Status-kvo qəbuledilməzdir və dəyişməlidir. Status-kvonun dəyişməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanması deməkdir. Bu gün biz, həmçinin enerji təhlükəsizliyi, nəqliyyat sektoru ilə bağlı məsələləri müzakirə etdik".

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Avropa İttifaqı bu sahələrdə çox konstruktiv əməkdaşlıq edir: "Cənub Qaz Dəhlizi layihəsi uğurla həyata keçirilir. Nəqliyyat sektoruna gəlincə, Azərbaycanda logistika və nəqliyyat sahəsinə yatırılan investisiyalar bizə mühüm nəqliyyat habına çevrilmək imkanı verib. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçir. Sözsüz ki, coğrafi mövqeyimiz üstünlük yaradır, lakin nəqliyyat sektoruna investisiyalar yatırılmasaydı, coğrafi mövqeyimiz o qədər də böyük məna kəsb etməzdi. Bu səbəbdən də son illərdə bizim bu istiqamətdəki səylərimiz artıq yaxşı nəticələr verir, Azərbaycan mühüm tranzit ölkəyə çevrilir. Gələcəkdə bizim tranzit ölkə kimi rolumuz sözsüz ki, artacaq. Biz digər sektorlarda da yaxşı əməkdaşlıq edirik. Ümidvarıq ki, bütün planlarımız həyata keçiriləcək. Çünki Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır. Mən bu əlaqələrin inkişafına verdiyi şəxsi töhfəyə görə xüsusilə Prezident Tuska minnətdarlığımı bildirmək istərdim. O, Azərbaycandakı vəziyyətə yaxşı bələddir. Onun bizim yaxınlaşmağımızda rolu çox mühümdür. Biz də öz tərəfimizdən Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirmək üçün çox işlər görürük. Mən, həmçinin qeyd etmək istərdim ki, Azərbaycan Avropa İttifaqının bir neçə üzv ölkəsi ilə strateji tərəfdaşlığa dair sənədləri qəbul edib və ya imzalayıb. Bu da bizim əməkdaşlığımıza yaxşı töhfədir".

Sirr deyil ki, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Öz növbəsində, Avropa İttifaqı da ölkəmizlə münasibətlərin inkişafında maraqlı tərəf kimi çıxış edir. Bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Məlum olduğu kimi Azərbaycanla bu qurum arasında gələcək münasibətlərin inkişafına dair saziş üzərində danışıqlara başlanıb. Bu sazişdə ikitərəfli münasibətlərin bütün aspektləri əks olunması mövcud əlaqələrin perspektiv inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31