Bəşəri sivilizasiyanın inkişafına Azərbaycanın daha bir töhfəsi- Münasibət

Bəşəri sivilizasiyanın inkişafına Azərbaycanın daha bir töhfəsi

UNESKO-nun qərarı Şəkinin adına layiq verilmiş ali qiymətdir

Doğma Azərbaycanımızın dilbər guşələrindən biri olan Şəki- qədim tariximizin əksər mərhələlərini özündə birləşdirən bənzərsiz bir şəhər-açıq səma altında tarix muzeyidir. Şəki-Azərbaycan dövlətçiliyinin möhtəşəm qalalarından biridir. Şəki ilə yaxından tanışlıq Azərbaycan dövlətinin nə qədər qədim və özünəməxsus dəyərlər daşıyıcısı olan bir dövlət olduğunu göstərir. Şəki- tarixin dərinliklərindən süzülüb gələn çox dəyərli abidələr məskənidir. Qədim Alban məbədi və digər qədim abidələrlə yanaşı, Azərbaycan tarixinin xanlıqlar dövrünün ən möhtəşəm memarlıq nümunəsi də Şəkidədir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın memarlıq qoruğu adlandırılan Şəkiyə səyahət həm qədim tarixə, sənətkarlar yurduna səyahət, həm dağlar qoynunda füsünkar təbiətlə təmas şəraitində istirahət-unudulmaz səyahət, həm də zəngin mətbəxi sayəsində "dadlı səyahət" adlandırılır. Məhz bu kimi amillər nəzərə alınaraq TÜRKSOY tərəfindən Şəki şəhəri 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan olunub. Ardınca isə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.UNESKO-nun Ümumdünya İrs Komitəsinin bu qərarı qədim Şəkinin adına layiq olmaqla, həm də Azərbaycanımız üçün də böyük hadisədir. Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib ki, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilən zəngin tarixə və mədəniyyətə malik Azərbaycan UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi etdi. Bu dəfə ölkəmiz ümumdünya mədəni və təbii irsin qorunması sahəsində ən yaxşı təcrübələri bir araya gətirməklə dünya ictimaiyyətinə sülh, əmin-amanlıq çağırışları səsləndirilməsinə, elm, təhsil və mədəniyyət sahələrində yeni əməkdaşlıq körpülərinin salınmasına vasitəçi oldu. Deputat bildirib ki, qarşılıqlı inam və etimada söykənən Azərbaycan - UNESKO əməkdaşlığı nəticəsində ölkəmiz həmçinin milli-mənəvi dəyərlərinin, tarixi-mədəni mirasının qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə də dəstək verir: "Tarixi-mədəni abidələri Dünya İrs Siyahısına salınması üçün təkliflərin dəyərləndirilməsində, müzakirələrin aparılmasında 2500-dən çox nümayəndənin iştirakı ilə keçən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası  iştirakçı ölkələrə həm də bir-birinin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradıb". Pərvin Kərimzadə əlavə edib ki, UNESKO-nun  Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən mötəbər qonaqlar da sessiyanın tribunasından Azərbaycanın beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün böyük təcrübəyə malik olduğunu səsləndirib, multikultural sahədə təcrübəsinin digər dövlətlərə nümunə olduğunu qeyd ediblər: "Bütün bunlar sülhün, dayanıqlı inkişafın,  qlobal və regional sabitliyin ölkəmizin əsasi hədəflərindən olduğunu bir daha təsdiqləyir. Azərbaycan dövləti milli mədəniyyətimizin, tarixi irsimizin nadir incilərini qoruyub saxlayaraq dünyada tanıdılması  və təbliği istiqamətində ardıcıl və sistemli siyasət aparıb. Bu siyasətin nəticəsi olaraq Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESKO-nun Ümumdünya İrs Siyahısına salındı. Təsadüfi deyil ki, tarixən beynəlxalq karvan-ticarət yolları üzərində yerləşən Azərbaycan, xüsusən də onun unikal təbii gözəlliklərə və tarixi-mədəni xüsusiyyətlərə malik, qədim ipəkçilik mərkəzi olan Şəki şəhəri mədəni müxtəlifliyin yaradılmasında və qorunub saxlanmasında bəşəri sivilizasiyanın inkişafına öz töhfəsini verib. Bu dəfə isə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" nin Ümumdünya İrs Siyahısına daxil edilməsi minillərlə bu coğrafiyada yaşayan, etnik milli  xüsusiyyətlər çərçivəsində özlərinin yaradıcılıq və sənətkarlıq qabiliyyətlərini yaradan və inkişaf etdirən, dünyanın həm mənəvi, həm də maddi irsinə bənzərsiz nailiyyətlər bəxş etmiş bu diyarın sakinlərinə və onların bu bacarıqlarına verilmiş ali qiymətdir".

Deputatın sözlərinə görə, müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub, milli mənəvi dəyərlərinin, tarixi-mədəni irsinin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə də dəstək verib: "2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyeva sessiyanın açılışında çıxış edərək, ölkəmizlə bu təşkilat arasında ötən 27 ildə bir sıra sahələrdə uğurlu əlaqələrin qurulduğunu, ümumdünya və milli irsin qorunmasının Azərbaycanda dövlət siyasətinin mərkəzində dayandığını xüsusilə qeyd edib". Deputat qeyd edib ki, Azərbaycan-UNESKO münasibətlərinin inkişaf etdirilməsi sahəsində UNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir:  "Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti nəticəsində İçəri Şəhər, Qız Qalası, Şirvanşahlar Saray Kompleksi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı, milli-mənəvi dəyərlərimizdən olan muğam sənəti, novruz ənələrimiz,  aşıq,  misgərlik kəlağayı və xalça sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunub. Bir çox tədbirlər UNESKO çərçivəsində qeyd edilib. Bütün bunlar Azərbaycan - UNESKO əlaqələrinin yüksələn bir xətlə inkişafda olduğunu göstərir. Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində, Heydər Əliyev Fondu və UNESKO arasında əməkdaşlıq çərçivəsində imzalanmış sazişlər də yüksək səviyyədə həyata keçirilir.UNESKO-nun sabiq baş direktoru İrina Bokovanın Mehriban xanım Əliyeva haqqında söylədiyi "Siz UNESKO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız" sözləri isə UNESKO-nun Xoşməramlı Səfirinin bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin işinə sədaqətinə, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfələrinə verilən qiymətdir. Bu il ölkəmizdə keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası xalqımızın zəngin mədəni irsinin qorunmasına, ölkəmizdə mədəni və turizm imkanlarının təşviq olunmasına öz töhvəsini verdi".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31