Nümayəndə heyəti AŞPA-nın həmməruzəçisi ilə görüşüb

Nümayəndə heyəti AŞPA-nın həmməruzəçisi ilə görüşüb

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak ilə görüşüblər. MM-in Mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov Azərbaycanla qurum arasındakı əməkdaşlığın əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvü kimi hər zaman öz öhdəliklərinə məsuliyyətlə yanaşıb: "Əlaqələrin inkişafında həmməruzəçilər mühüm rol oynayır". Səməd Seyidov ölkədə son dövrdə bütün sahələrdə həyata keçirilən islahatlardan söhbət açıb. Parlamentin bu istiqamətdə gördüyü işləri diqqətə çatdıraraq bildirib ki, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlarla bağlı qanunvericilik bazasınını təkmilləşdirilməsi prosesi aktiv surətdə həyata keçirilir və bu səbəbdən parlamentin növbədənkənar sessiyasının iclasları hələ davam edir. Deputat qeyd edib ki, ölkədə insanların hüquq və azadlıqlarının müdafiəsi, onların həyat şəraitinin yaxşılaşdırılması, firavan yaşaması üçün mühüm addımlar atılır: "Bununla bağlı qanunvericilik bazası təkmilləşdirilir".

AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak səmimi görüş üçün minnətdarlığını bildirib. O, Azərbaycan dövlətinin son illərdə yüksək templə inkişaf etdiyindən məmnunluğunu diqqətə çatdırıb. Həmməruzəçi tərəqqinin davamlı olması üçün dünyada və bölgədə sülhün və əmin-amanlığın bərpasının böyük önəm kəsb etdiyini deyib. Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31