Azərbaycan dinamik və sabit inkişaf yolunu davam etdirir

Azərbaycan dinamik və sabit inkişaf yolunu davam etdirir

Ölkənin sosial siyasəti cəmiyyətdən alınan sifarişlər əsasında formalaşıb

Azərbaycan Cənubi Qafqazın şəksiz lideri kimi inkişaf templərini azaltmır. Qlobal iqtisadi və geosiyasi böhranın mövcud olduğu hazırkı şəraitdə ölkə dinamik və sabit inkişaf yolunu davam etdirməkdədir. Təsadüfi deyil ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur: "Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır".

Dövlət başçısının cari ilin sosial rifah ili olacağı barədə vədini təsadüfi hesab etmək olmaz. Çünki, ölkəmizin məqsədyönlü siyasətini cəmiyyətdən, xalqdan aldığı sifarişlər əsasında formalaşdıran Prezident İlham Əliyev qarşıya respublikamızda sosial vəziyyəti dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə çatdırmaqla bağlı mühüm vəzifə qoyub. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb. Nəticədə cari ilin əvvəlindən həyata keçirilən böyük sosial paketin icrası aktiv fazaya daxil olub, 2019-cu ilin əvvəlindən başlayaraq, ölkəmizdə vətəndaşlarının həyat səviyyəsinin daha da yüksəldilməsi, onları narahat edən müxtəlif sosial məsələlərin həllinə yönələn çoxlu sayda fərman və sərəncamlar imzalanıb. Bütün bunlardan 2019-cu ili birinci rübündə sosial və iqtisadi sferalarda aparılan islahatların bir-birini tamamladığı nəticəsini ala bilərik. Bu, Azərbaycanın yeni iqtisadi inkişaf modelinin mühüm cəhətlərindən biri hesab oluna bilər. Millət vəkili Azər Badamov qeyd edib ki, Azərbaycanın dünya dövlətləri, beynəlxalq təşkilatlarla münasibətləri bir qədər də yaxşılaşıb, ölkəmizin dostları, tərəfdaşları çoxalıb. Bununla paralel olaraq 2019-cu ilin əvvəlindən ölkəmizin həyatında vətəndaşların razılıqla qarşıladığı, Azərbaycanın inkişafına, insanlarımızın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edən müsbət hadisələr baş verib: "Cari ilin ilk 6 ayı ərzində siyasi baxımdan Azərbaycanın dünya dövlətləri, beynəlxalq təşkilatlarla münasibətləri bir qədər də yaxşılaşıb, ölkəmizin dostları, tərəfdaşları çoxalıb. Bu isə nəticə etibarı ilə 30 ildən artıqdır davam edən Qarabağ probleminin sülh danışıqları yolu ilə həllində Azərbaycanın mövqelərinin daha da güclənməsinə, möhkəmlənməsinə səbəb olub. Bu problem gec-tez bizim xeyrimizə həll olunacaq, çünki haqq, ədalət bizim tərəfimizdədir. Ermənistan sülhlə razılığa gəlməsə, Azərbaycan bu problemi başqa yolla öz xeyrinə çözəcək. Ermənistan və onların havadarları bunu anlamalıdır. Onlar Aprel zəfərini, "Cünnüt əməliyyat"ını unutmasınlar". Mİllət vəkilinin qənaətinə görə, Azərbaycan Cənubi Qafqazda sabitlik, əmin-amanlıq adası, multikulturalizm və tolerantlıq ənənələrini yaşadan, beynəlxalq miqyaslı tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edən ölkə kimi nüfuzunu daha da artırıb: "Beynəlxalq forumların Azərbaycanda keçirilməsi, böyük dövlətləri təmsil edən ali hərbi rəhbərlərin dialoq məkanı kimi paytaxt Bakını seçməsi ölkəmizin inkişafını göstərməklə bərabər, həm də bizə olan inamın, etibarın nümayişidir. Hesab edirəm ki, ötən 6 ayda bu inam və etibar artıb, beynəlxalq aləmdə mövqelərimiz bir qədər də möhkəmlənib".

Onun sözlərinə görə, 2019-cu ilin 6 ayı Azərbaycan üçün sosial-iqtisadi baxımdan xüsusilə əlamətdardır: "Təkcə birinci rübdə 40 min ödənişli ictimai iş yeri açılıb və 35 min vətəndaş ödənişli ictimai işlərlə təmin edilib. Təbii olaraq sonrakı dövrlərdə bu istiqamətdə davamlı addımlar atılıb. Eyni zamanda cari ilin birinci rübündə Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar sayəsində 3 milyon vətəndaşın sosial vəziyyəti daha da yaxşılaşıb. Pensiyalar, müavinətlər, əməkhaqları, təqaüdlər artırılıb, şəhid ailələri, əlilliyi olan şəxslər, müharibə veteranları, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin, mənzil-məişət qayğılarının, həmçinin problemli kreditlərin, yeni tikilən çoxmənzilli binaların sənədləşməsinin, qeydiyyatının həlli, çoxuşaqlı ailələrə, valideyn himayəsindən məhrum olan uşaqlara qayğı istiqamətində mühüm addımlar atılıb. Prezident İlham Əliyevin ikinci rübdə - 18 iyun 2019-cu il tarixdə imzaladığı sərəncamlar və yeni qanunvericilik təşəbbüsü isə 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan verib. Xüsusilə qeyd edilməlidir ki, son sərəncamlardan sonra minimum əmək haqqının 250 manata çatdırılması ölkəmizdə ilk dəfə olaraq minimum əmək haqqının yaşayış minimumunu üstələməsinə imkan verib. Bütün bunlar Azərbaycanın iqtisadi qüdrətini artırması nəticəsində baş verir. Çünki, iqtisadiyyat, o cümlədən qeyri-neft sektoru inkişaf etdikcə, dövlət büdcəsinin gəlirləri artıqca, ölkədə müxtəlif sahələrlə bərabər, sosial sferada da ciddi addımlar atılır. Ümumilikdə 2019-cu ilin ilk 6 ayı Azərbaycanın siyasi, iqtisadi, sosial həyatında böyük dəyişikliklərlə yadda qalıb".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31