Radikal müxalifət nədən narahatdır?
Radikal müxalifət nədən narahatdır?
3 İyul 2019 16:02 SiyasətYaxın günlərdə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçiriləcək. Maraqlıdır ki, bu xəbər yayılar-yayılmaz radikal siyasi düşərgədə bir gərginlik müşahidə edilməyə başlanılıb. Həmçinin ənənəvi olaraq bu düşərgə tərəfindən heç bir əsası olmayan, hələlik təsdiqini tapmayan fikirlər gündəmə buraxılıb. İddia edilir ki, guya iyulun 9-da Milli Məclis buraxılacaq və növbədənkənar parlament seçkiləri elan ediləcək.
Radikal siyasi düşərgənin bu iddiaları və əndişəsini əsassız sayan Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, müxalifət hər zamankı kimi öz ənənəsini davam etdirir: "Parlamentin iyulda toplanması xəbəri nədən müxalifəti bu qədər narahat etdi və parlamentin buraxılması xəbərinin həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək cəhdi müxalifətə nə verəcək? Dünən gündəmi zəbt edən əsas məsələ Milli Məclisin iyulun 9-u, 12-si tarixlərində keçiriləcək iclasında Azərbaycan parlamentinin özünü buraxacağı və bundan sonra yeni seçkilərin keçiriləcəyinin ehtimal edilməsi oldu. Bəri başdan qeyd edim ki, bu cür əsassız fikri ortaya atıb süni ajiotaj yaradanlar da məhz müxalifətçilər idi. Jurnalist Sevinc Osmanqızı isə hətta bir qədər də irəli gedərək öz kanalında "Parlamentin buraxılması xəbəri həqiqətə uyğundurmu? Hökumətin planı nədir?" mövzusunda isti-isti müzakirə də açdı. Onun canlı yayımda müzakirəyə dəvət etdiyi şəxslər isə hamısı super "peşəkar" seçki "mütəxəssis"ləri və siyasi "ekspert"lər idi. Təsəvvür edirsinizmi, bu qədər mühüm bir mövzunu RATİ-dan Emin Hüseynov, "Milli Şura"dan Gültəkin Hacıbəyli və "siyasi fəal" Orduxan Teymurxan kimi şəxslər müzakirə edirdi. Sevinc Osmanqızına afərin, "əla" kontingent toplamışdı. Ümumiyyətlə, Sevinc Osmanqızı öz rolunu əla oynayır. Nəlbəkidə "fırtına" qoparmaq onda əla alınır. Amma həm Sevinc Osmanqızı, həm də onun sevimli "ekspert"ləri eşitsinlər və bilsinlər ki, parlamentin buraxılması xəbəri həqiqətə uyğun deyil. Narahat olmasınlar, əbəs yerə təlaşlanmasınlar". Partiya sədri deyib ki, parlamentin gözlənilən iclasında Milli Məclisin özünü buraxması barədə heç bir qərar qəbul edilməyəcək: "Zatən, qanunvericilikdə də belə bir müddəa yoxdur. Parlament seçkiləri qanunda nəzərdə tutulduğu vaxtda, 2020-ci ilin noyabrında keçiriləcək. Ölkədə süni gündəm yaratmaq lazım deyil. Fürsətçilər xam xəyallarla yaşamasınlar. Parlamentin buraxılması xəbərinin həqiqətə uyğun olub-olmadığını dəqiqləşdirmək cəhdləri onsuz da müxalifətə heç nə qazandırmayacaq".
Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov isə qeyd edib ki, növbədənkənar parlament seçkilərinin təyin olunması həm dövlətin, həm də seçki komissiyalarının işinin yüngülləşdirilməsi baxımından məqsədəuyğun addım olardı: "Çünki referendumda konstitusiyaya edilən son dəyişikliklərə görə ötən il keçirilən prezident seçkilərində ölkə başçısı 7 il müddətinə seçilib və parlament seçkiləri gələn il, yəni 2020-ci ildə keçiriləcəyi halda, 2025-ci ildə ölkədə həm prezident, həm də parlament seçkiləri keçirilməli olacaq ki, bu da iki ən böyük siyasi hadisənin- seçkilərin eyni ildə keçirilməsi deməkdir. Bir seçki eksperti kimi hesab edirəm ki, eyni ildə, həm prezident, həm parlament seçkiləri təşkilati, həm də ictimai baxımdan böyük siyasi hadisələrdir və bu iki böyük siyasi hadisənin eyni ilə düşməsi həmən ilin dövlət büdcəsi üçün əlavə maliyyə yükü, ölkənin ictimai-siyasi gündəminin seçkilərlə geniş formada zəbt olunması demək olardı. Belə ki seçki böyük hadisə olduğundan, hər bir dövlətdə ona bir neçə ay əvvəl hazırlıqlar gedir və iki seçkinin eyni ildə keçiriləcəyi halda prezident seçkiləri ilə parlament seçkiləri arasında cəmi bir neçə ay fərq olacaqdır ki, bu da siyasi partiyaların və namizədlərin praktik olaraq seçkilərə hazırlıq dövrü, seçki öncəsi kampaniyasının təşkili baxımından çox az müddətdir". Təşkilat sədri deyir ki, digər bir variant prezident və parlament seçkilərinin bir gündə keçirilməsi variantı ola bilər ki, bunun da baş verməsi praktik tərəfdən qeyri-real görsənir: "Çünki hər iki seçki öz xüsusiyyətlərinə və mahiyyətinə görə fərqlənir. Belə ki, Azərbaycanda keçirilən prezident seçkilərində daha çox siyasi partiyalar iştirak edir və prezident postuna namizədliyini irəli sürür, parlament seçkilərində isə proporsional deyil, majoritar seçki sistemi mövcuddur və siyasi rəqabət daha çox siyasi partiyalar arasında deyil, fərdi namizədlər arasında aparılır. Digər tərəfdən Azərbaycan seçiciləri və cəmiyyəti bir gündə, yaxud bir ildə həm prezident, həm də parlament seçkilərinin keçirilməsi təcrübəsini əvvəllər yaşamadığından, parlament seçkilərinin 2019-cu ilə təyin olunması seçki təcrübəsi baxımından da doğru bir qərar olardı".
Füzuli