Ermənilər barbarlıq ənənələrini davam etdirirlər

Minsk Qrupu isə bəyanat yaymaqla məşğuldur

ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və İan Kelli (ABŞ) Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla keçirdikləri görüşlərin yekunları ilə bağlı birgə bəyanat yayıblar. Həmsədrlər bəyan ediblər ki, görüşlərdə Dağlıq Qarabağa mülki təyyarələrin uçuşlarının həyata keçirilməsi ətrafında yaranmış vəziyyətdən və son vaxtlar təmas xəttində müşahidə olunan gərginlikdən narahatlıqlarını ifadə ediblər. Onlar həmçinin atəşkəs rejiminin möhkəmləndirilməsi üzrə ideyaları müzakirə ediblər. Bəyanatda bildirilir ki, həmsədrlər yaxın həftələrdə regiona səfər edərək, Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti addımları müzakirə edəcəklər. Məsələ orasındadır ki, həmsədrlərin səsləndirdikləri sonuncu bəyanat əvvəlkilərdən heç nə ilə fərqlənmir və konkret hansı işlərin görülməsi və ya planlaşdırılması barədə məlumat əks olunmur. Ümumi, diplomatik xarakterli belə bəyanatlar artıq xalqın heysiyyatı ilə oynamağa bərabər tutulur. Hüquqşünas Mirzə Manafov bildirib ki, vasitəçilərin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinə bu səviyyədə yanaşmalarının kökündə beynəlxalq təşkilatların problemə münasibətdə ikili standartların olması dayanır. Heç bir hüquqi əsası olmayan müxtəlif bəyanatlar səsləndirən beynəlxalq təşkilatlar, dövlət rəhbərləri nə üçün Azərbaycanın işğal olunmuş 20 faizdən artıq torpaqlarının, viran edilmiş yüzlərlə kəndlərinin, şəhərlərinin, tarixi, dini, mədəniyyət abidələrinin, məktəblərinin, öldürülmüş, şikəst edilmiş, əsir götürülmüş on minlərlə vətəndaşının, Xocalı soyqrımının, Qaradağlı, Meşəli, Cəmilli faciələrinin, bir milyondan artıq qaçqın və köçkünün taleyinə acımırlar, nəyə görə erməni faşistləri tərəfindən azərbaycanlıların başına gətirilən müsibətləri, on illərlə davam edən soyqırım faktlarını, terror əməllərini görmürlər, bunun üçün haqq səslərini ucaltmırlar, günahkarı cəzalandırmırlar? Dünyaya demokratiya dərsi keçmək olar, ancaq dərs verənin, yol göstərənin əməli ilə sözü, əxlaqı ilə hərəkətləri, niyyəti ilə yolu düz olmayanda bəşəri dəyərlər itir, insanlar aldandıqlarını başa düşür və heç kim dərs verənin sözünə inanmır, əxlaqına, tərbiyəsinə şübhə ilə baxır və yeri gələndə onun üzünə qayıdır. Əlbəttə, bu gün bütün dünya Ermənistanın təcavüzkar, işğalçı, terroru dəstəkləyən, ona arxa duran və maliyyələşdirən bir dövlət olduğunu yaxşı bilir və ermənilərin mövqeyinin yeni faciələrə yol açdığını görür. Haqlı olaraq bir çox beynəlxalq təşkilatlar, ölkələr bu faktların obyektiv qiymətini verir, Ermənistanın işğalçılıq əməllərini tənqid edir və bu hərəkətlərin nəinki Azərbaycan üçün, Cənubi Qafqaz reğionu və dünya üçün təhlükəli olduğunu qeyd edirlər. Təəssüflər olsun ki,

Ermənistanın işğalçılıq əməllərin tənqidi heç bir real nəticə vermir: " Etiraf edilməlidir ki, deyilənlər, qəbul olunan sənədlər, qətnamələr kağız üzərində qalır, həyata keçirilmir. Cəzadan, beynəlxalq təzyiqdən kənarda qaldığını, əksinə, bəzi hallarda dəstəkləndiyini gördükdə Ermənistan, onun rəhbərləri daha da azğınlaşır, beynəlxalq təşkilatların qərarlarına məhəl qoymurlar. Nə üçün BMT qəbul etdiyi dörd qətnaməyə hörmətlə yanaşıb Azərbaycanin işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad olunmasını təmin etmir? Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumlar nəyə görə işğalçılıq faktları ilə əlaqədar olaraq qəbul etdikləri sənədlərin nəticəsi ilə maraqlanmır? Axı, niyə dünyanın ən böyük dövlətlərini rəhbərləri, siyasi xadimləri verdikləri vədə əməl etmir, ikili mövqe tutur, haqqı-ədaləti danırlar? Hətta, bəzən təcavüzkarı belə müdafiə edirlər? Xocalı soyqırımının təşkilatçılarından biri olan, yüzlərlə günahsız insanin qətlində bilavasitə iştirak edən və bunu Avropa Şurasının mötəbər trubunasından bütün dünyaya fəxrlə bəyan edən Ermənistanın bu günkü prezidenti Serj Sərkisyanın hərəkətlərinə beynəlxalq aləmim göz yumması bəşəriyyətə, insanlığa, demokratiyaya, ilk növbədə insan hüquqlarından danışan beynəlxalq təşkilatlara ən böyük hörmətsizlikdir, tarixə silinməz qara ləkədir". Hüquqşünasın sözlərinə görə, Ermənistan terrorçu bir dövlətdir və bunu ermənilərin dünyanın bir çox ölkələrində törətdikləri terror aktları sübut edir. Amma dünya terrorizmə qarşı mübarizə aparsa da bu ölkə barədə indiyə qədər hər hansı sanksiya qəbul edilməyib. Təbii ki, bu məsələlərin arxasında maraqlı siyasi qüvvələr durur: "Bu gün dünyada 20-dən çox erməni terror təşkilatı və qruplaşması fəaliyyət göstərir. "Armenakan", "Hncak", "Daşnaksütun" erməni federativ inqilab partiyalar, "Erməni gizli azadlıq ordusu", "Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu"(ASALA), "Geqaron" "Erməni azadlıq hərakatı", "Erməni azadlıq cəbhəsi", "Erməni birliyi", "Gənc ermənilər birliyi" və digər bir çox partiyaların, birliklərin, qruplaşmaların fəaliyyəti yalnız və yalnız terrora, əsasən türklərin və azərbaycanlıların məhv edilməsinə istiqamətləndirilib, eləcə də bir çox ölkələrdə qanlı faciələrin törədilməsinə səfərbər edilib.1890-cı ildə Tbilisidə yaradılmış "Daşnaqsütun erməni federativ inqilab partiyasi"nın əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında "Böyük Ermənistan" dövləti yaratmaqdır. Daşnaqsütunun ilk qurultayında qarşiya qoyduğu əsas vəzifələrdən biri isə türklərə qarşı sui-qəsdlər təşkil etmək, "türkü, kürdü hər yerdə, hər bir şəraitdə öldürmək, intiqam almaq, sözündən dönənləri, erməni xainlərini öldürüb məhv etmək"dir. Məhz buna görə də Daşnaqsütun və ASALA-nın törətdiyi terror aktları nəticəsində son illər 20-dən çox türk diplomatı və yüzlərlə dinc Azərbaycan vətəndaşı qətlə yetirilib, şikəst edilib. Erməni terrorunun qurbanları sırasında türklər, azərbaycanlılarla bərabər ruslar, amerkanlar, kürdlər və eləcə də başqa ölkələrin də vətəndaşları çoxdur. Bu gün Ermənistana rəhbərlik edənlərdən- Serj Sərkisyan, Seyran Ohanyan, keçmiş prezident Robert Köçəryan və hazırda vəzifədə olanlardan bir çoxu terror qruplaşmalarının üzvləridir və keçən əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı bilavasitə onların fəal iştirakı ilə həyata keçirilib, yüzlərlə dinc sakin qətlə yetirilib. Bu gün terrorçuluğa və beynəlxalq terrorizmə qarşı mübarizənin gücləndiyi bir vaxtda Ermənistan rəhbərlərinin, erməni terror birləşmələrinin verdiyi bəyanatlar, türklərin və azərbaycanlıların terror hədəfinə çevriləcəkləri barədə söylənilən fikirlər Ermənistan dövlətinin həqiqətən terrorçu olduğunu, terrorçuları dəstələdiklərini, maliyyələşdirdiklərini və dünyaya meydan oxuduqlarını, dövlətlərə və xalqlara hörmətsizlik etdiklərini göstərir". Onun sözlərinə görə, ermənilər bu gün də barbarlıq ənənələrini davam etdirirlər. Söz, diplomatiya savaşında uduzduqlarını dərk edən ermənilər artıq fiziki güc tətbiqinə keçmək niyyəti güdürlər. Fransada azərbaycanlılara qarşı törədilən hadisə, Türkiyədə Xocalı ilə bağlı hazırlanan stendlərə hücum bu fikri bir daha təsdiqləyir. Təəssüflər olsun ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar yenə Ermənistanın bu iyrənc niyyətlərini qiymətləndirib onun qarşısını almaq üçün təsirli tədbirlər görmürlər, əksinə bir çox hallarda ona dəstək olurlar.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00