İsa Qəmbər seçkiyə kiminlə gedir? - SİYASİ ANALİZ

Cırtdan partiyaların dəstəyi ilə ciddi nəticə mümkün olmayacaq

Bir müddət öncə veriliş və reportajlarında AXCP-yə meylini açıq-aşkar hiss etdirən Xədicə İsmayıl prezidentliyə namizədliyini vaxtından qabaq elan etmiş Müsavat başqanı İsa Qəmbərə sual ünvanlamışdı: "İsa Qəmbər seçkiyə nə ilə gedir". O zaman Müsavat fəalları və tərəfdarları Xədicə İsmayılın fikirlərini ironiya ilə qarşılamış, ciddi saymamışdılar. Əslində bu fikir jurnalistlərin dilinə siyasətçilərdən düşmüşdü. Daha dəqiqi, AXCP mətbəxindən sızmışdı. Fikir boşuna deyildi, həqiqət vardı. "İsa Qəmbər seçki kiminlə gedir" sualına ironiya ilə yanaşanlar qısa müddətdən sonra ortaya ciddi iş qoya bilmədilər. Məlum oldu ki, heç İctimai Palata da Müsavat başqanını dəstəkləmir. AXCP birmənalı şəkildə Müsavatı müdafiə etməyəcəyini bəyan etdi. Partiya sədri Əli Kərimlinin açıqlamalarından görünür ki, Xalq Cəbhəsi ən yaxşı halda seçkini boykot edəcək. "Qarabağ" blokunun, parlament partiyalarının mövqeyi aydındır. Bəri başdan aydındır ki, onlar Müsavatı dəstəkləməyəcəklər. Ziyalılar Forumu, El hərəkatı, gənclər təşkilatlarının Müsavat başqanına münasibəti aydındır. Onlar Müsavat başqanı da daxil, ənənəvi müxalifət liderlərinə keçmişin qalığı kimi baxırlar. O halda Müsavat bu seçkidə kimin dəstəyinə ümid edir? İsa Qəmbərin seçki qərargahında kimlər ola bilər? Bu günlərdə mətbuata belə bir xəbər çıxdı ki, Müsavat qərargahında 2003-cü ildə yaranmış "Bizim Azərbaycan" seçki blokuna daxil olan partiyalar toplanıb. Adının anonim qalmasını istəyən İctimai Palata üzvlərindən birinin verdiyi məlumata görə, Müsavatətrafı xırda partiyalar Müsavatın qərargahında tez-tez toplaşırlar. Məqsəd də seçki bloku yaratmaqdır. İP üzvü bu durumla bağlı İctimai Palatada narahatlığın olduğunu dedi: "Artıq İctimai Palatada narahatlıq var. Böyük ehtimalla, müxalifətin böyük birliyi alınmayacaq. İctimai Palata seçkiyə blok şəklində gedə bilməyəcək. Müsavat özü də geniş koalisiya yaratmaq gücündə deyil. 2003-cü ilin 16 oktyabrı heç kimin yadından çıxmayıb. Müsavatı dəstəkləyən, İsa Qəmbərə böyük ümidlər bəsləyən o adamlar bir daha özlərini biabırçı duruma salmaq istəməzlər. "Bizim Azərbaycan" onsuz da güclü blok deyildi. ADP, AXCP, AMİP quruma daxil olmamışdı. Bununla belə müxalifət elektoratının müəyyən qədər səsini almışdılar. Amma qazanılan nəticə qorunmadı. Ona görə də BASB dağıldı. Blokda olan partiyaların əksəriyyəti Müsavatdan ayrılıb. İsa Qəmbərin ətrafında bir özü, bir qovluğu olan təkadamlıq partiyalar qalıb. Məsələn, siyasətdən çox, bizneslə məşğul olan Bədrəddin Quliyev, Qiyas Sadıxov kimi adamların gücü ilə Müsavat nəyə nail ola bilər". İP üzvü deyir ki, Müsavatda da anlayırlar ki, 5-6 cırtdan partiyanın gücü ilə nəyəsə nail olmaq mümkün deyil. Sadəcə, olaraq ona ümid edilir ki, elə bir situasiya yaranacaq ki, əksər qüvvələr Müsavatın namizədini dəstəkləyəcək: "Müsavat daha çox fors-maşor situasiyalara ümid edir. Hesab edirlər ki, İsmayıllı hadisələrinə oxşar olaylar olacaq, siyasi qüvvələr birləşmək zorunda qalacaq və başqa namizəd axtarmayacaq, elə İsa Qəmbərin üzərində dayanacaqlar. Amma belə olmayacaq. Hakimiyyət rahat şəkildə seçki keçirəcək və müxalifətin pərakəndəliyindən yararlanaraq qələbə çalacaq. Müxalifəti bu hala salan da İsa Qəmbərin qeyri-konstruktiv mövqeyidir". Göründüyü kimi İsa Qəmbərin prezident seçkilərindəki şanssızlığı təkcə Müsavatda yox, İP-də də məlumdur. Bilinən odur ki, Müsavatın 10 il öncəki potensialı yoxdur. Resurslarının 70 faizini itirmiş Müsavat cırtdan partiyaların dəstəyi ilə ciddi nəticələrə ümid edə bilməz.
 

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00