Müxalifətin məğlubiyyəti qaçılmaz olacaq - FİKİR

Əhməd Oruc: “Bu düşərgə seçkilərə qədər vahid mövqe nümayiş etdirməsə...”

Prezident seçkilərinin vaxtı tədricən yaxınlaşsa da, hələlik Azərbaycan müxalifəti seçkilərlə bağlı ortaya vahid bir mövqe qoya bilməyib. Yalnız bir neçə partiya seçki mübarizəsinə qoşulacağını bəyan etsə də, həmin partiyalar da seçkidə hansı formada iştirak edəcəklərini müəyyənləşdirməyib. Müxalifət düşərgəsində mövcud olan pərakəndəlik partiyaların da fəaliyyətinə istər-istəməz öz təsirini göstərir. Bəs görəsən müxalifətin prezident seçkilərinə qədər vahid namizəd müəyyən edə bilməməsi və seçkiyə pərakəndə şəkildə getməsi bu düşərgə üçün hansı mənfi tendensiyalara yol açacaq? 

Demokratik Qüvvələrin Məşvərət Məclisinin sədrlər şurasının üzvü, Azadlıq Partiyasının sədri Əhməd Oruc deyir ki, təkcə müxalifət partiyaları deyil, cəmiyyətdə fəaliyyət göstərən ayrı-ayrı təşkilat və qurumlar arasında bir-birindən tamamilə fərqli mövqedə dayanan təşkilatlar da mövcuddur ki, bunu da təbii qarşılamaq lazımdır. Partiya sədrinin sözlərinə görə, dünyanın heç bir ölkəsində müxalifətin vahid bir mövqeyi olmur və bu düşərgədə təmsil olunan partiyaların biri millətçi, digəri isə sosialist və diktatura meyilli partiya olur. Buna baxmayaraq müxalifət partiyalarının müəyyən prinsipial məsələlərdə vahid mövqe nümayiş etdirdiyini də deyən Əhməd Oruc  ümumilikdə bu düşərgədəki vəziyyətin heç də ürəkaçan olmadığını vurğulayıb. Azadlıq Partiyasının sədri bildirib ki, hazırda müxalifət daxilindəki vəziyyət rəhbərlik etdiyi partiyanın istəyinə uyğun deyil: " Xüsusilə seçki qanunvericiliyinin dəyişdirilməsi, qarşıdakı prezident seçkilərinə qədər demokratik mühitin yaradılması ilə bağlı müxalifət partiyalarının fəaliyyətini əlaqələndirməyə zəruri ehtiyac var. Bu məqsədlə bizim partiyanın da təmsil olunduğu Demokratik Qüvvələrin Məşvərət Məclisi bir sıra təşəbbüslərlə çıxış edib, təkliflər paketi hazırlayaraq müxalifətdəki ayrı-ayrı partiyalara təqdim edib. Ancaq təəssüflər olsun ki, bu kimi məsələlərdə bəzi dairələr, partiyalar vahid mövqe nümayiş etdirməkdən yayınırlar. Baxmayaraq ki, bizim hazırladığımız təkliflərdə hansısa tərəf üstün mövqe kimi təqdim edilmir, bütün tərəflərə bərabər əsasda baxılır. Biz istəyirik ki, ilkin mərhələdə müxalifət düşərgəsi seçki mühitinin normallaşdırılması ilə bağlı ortaya vahid mövqe qoya bilsin: "Bəzi qüvvələr isə belə bir mövqenin ortaya qoyulmasına əngəl törədir, hər vasitə ilə müxalifətin pərakəndəliyi istiqamətində çaba göstərirlər". Əhməd Orucun sözlərinə görə, ölkədə fəaliyyət göstərən əsas müxalifət partiyalarının bir araya gəlməsinə müxalifətin özü tərəfindən törədilən əngəllər təəssüf doğurur. Partiya sədri hesab edir ki, həmin qüvvələr milli maraqlara deyil, xarici dairələrin maraqlarına xidmət edirlər: " Görünür həmin qüvvələrə can-başla qulluq etdikləri xarici dairələr tərəfindən müxalifətin bir araya gəlməsinə ciddi cəhdlə mane olmaq tapşırığı verilib. Onlar da həmin tapşırığıa əsasən öz fəaliyyətlərini qurublar". Partiya sədri prezident seçkilərinə qədər Azərbaycan müxalifətinin vahid namizəd müəyyən edəcəyinə də inanmır: "Mənzərə göz önündədir. Ümumiyyətlə, Azərbaycan müxalifətinin vahid namizəd müəyyən etməsi heç vaxt mümkün olmayıb. Düşünürəm ki, qarşıdan gələn prezident seçkilərində də bu mümkün olmayacaq. Çünki partiyalarda və onlara rəhbərlik edən liderlərdə bir-birini qəbul etməmək, güzəştə getməmək prinsipi var. Ona görə də bu məsələ barədə ümumiyyətlə danışmağa dəyməz. Ancaq təbii ki, Azərbaycanda demokratik seçkilərin keçirilməsində maraqlı olan bütün siyasi qüvvələrin fəaliyyətini koordinasiya etmək mümkündür. Hesab edirəm ki, bu ən uğurlu variant olardı". Azadlıq Partiyasının sədri deyir ki, seçkilərə qədər olan müddətdə Azərbaycan müxalifəti əsas prinsipial məsələlərdə bir araya gəlib seçki qanunvericiliyində dəyişikliklərə nail olmasa və vahid mövqe nümayiş etdirməsə 2013-cü il prezident seçkilərində də məğlubiyyət qaçılmaz olacaq: "Təbii ki, bu da öz-özlüyündə cəmiyyəti növbəti dəfə müxalifətdən uzaqlaşdıracaq, bu düşərgəni dəstəkləyən insanların sayı getdikcə məhdudlaşacaq. Bunun baş verməməsi üçünsə müxalifət partiyalarının liderləri ciddi şəkildə düşünməlidirlər".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00