Asim Mollazadə ABŞ-da Ermənistanın hərbi cinayətləri barədə çıxışlar edəcək

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə ABŞ-a səfərə gedib. Bu barədə partiyanın mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, millət vəkili  səfər zamanı Texas Ştatında bir sıra tədbirlərdə iştirak edəcək. Bununla yanaşı Kaliforniya Senatının dəvəti ilə Kaliforniya Parlamentində müvafiq görüşlər keçirəcək. A.Mollazadə Vaşinqtonda Türk-Amerikan Birliyinin ənənəvi illik Konqresində də iştirak edəcək. Konqres çərçivəsində Nümayəndələr Palatasında azlıqda olan demokratlar fraksiyasının rəhbəri Nensi Pelosi, Arkanzas, Nyu-York, Texas və Florida ştatından senator və konqresmenlər, ABŞ Dövlət Departamentinin nümayəndələri, bir sıra institutların ekspertləri ilə görüşlər də nəzərdə tutulub.  Qeyd edək ki, Konqresdə iştirakçı ölkələrə həsr olunmuş mövzular üzrə diskussiyalar keçiriləcək. Azərbaycanla bağlı məsələlərə dair müzakirələr martın 13-də "Energetika, ticarət münasibətləri və inkişaf" forumu çərçivəsində baş tutacaq. Millət vəkili səfər müddətində Konqres və Senatda müxtəlif görüşlər keçirəcək. O, Vaşinqtondakı bir sıra aparıcı araşdırma mərkəzlərində də olacaq, orada ölkəmizdəki, regiondakı vəziyyət, mövcud münaqişələr və Ermənistanın hərbi cinayətləri barədə çıxışlar edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00