Fransanın Minsk Qrupundakı ədalətli mövqeyi şübhə doğurur - MÖVQE
İlham İsmayılov: “Fransa rəsmilərinin ermənipərəst mövqe tutmalarını dəfələrlə müşahidə etmişik”
5 Mart 2013 14:28 SiyasətRauf Zeyni : "Bu rəsmi Parisə başucalığı gətirmir"
Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Azərbaycanın ildən-ilə uğurlara imza atması və sözügedən məsələdə vüsət alan mütəşəllik Ermənistanda ciddi narahatçılıq doğurmağa başlayıb. Xarici siyasət və diplomatik mübarizədə Azərbaycandan geri qalan işğalçı dövlət, eləcə də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbisi bundan ciddi narahat olaraq təxribatlara əl atırlar. Bir neçə gün əvvəl Fransa Milli Assambleyasının binasında bu ölkədəki Erməni Məsələləri Bürоsunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və parlamentin bir neçə deputatının iştirakı ilə keçirilən tədbirdə Parisdəki "Azərbaycan Evi"-nin rəhbəri Mirvari Fətəliyeva və orada təhsil alan azərbaycanlı tələbə Vüsal Hüseynovun erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülməsinin timsalında bunu açıq şəkildə görmək mümkündür. Burada maraqlı və kifayət qədər təəssüf doğuran məqam ondan ibarətdir ki, Azərbaycan diaspor təşkilatı rəhbəri və azərbaycanlı tələbəyə qarşı həyata keçirilən zorakılıqda Fransa Senatının üzvü Fransua Roşeblon da iştirak edib. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov bildirib ki, Azərbaycanın diaspora üzvlərinə qarşı həyata keçirilən zorakılıqda Fransa Senatının üzvü Fransua Roşebloun da iştirak etməsi rəsmi Parisin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ munaqışəsinin sülh yolu ilə tənzimlənməsində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olaraq iştirakını və münaqişənin ədalətli həllində tutacağı mövqeyini bir daha şübhə altına alır. "Fransa rəsmilərinin ermənipərəst mövqe tutmalarını biz dəfələrlə müşahidə etmişik. Məhz bunun nəticəsidir ki, ermənilər Fransada özlərini Ermənistanda olduqları kimi hiss edirlər". İlham İsmayılov deyir ki, fevralın 26-da diaspora üzvlərimizə qarşı törədilən məlum zorakılıqlar Fransada rast gəldiyimiz hadisə deyil və müntəzəm olaraq həmsədr ölkədə bu kimi neqativ hallar müşahidə edilir: "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi hər il Fransanın Strasburq şəhərində Xocalı soyqırımının ildönümü ilə bağlı Strasburq "Azərbaycan Evi" ilə birgə mitinqlər təşkil edir. Biz 2010-cu ildə Strasburqda keçirdiyimiz Xocalı mitinqində də oxşar hadisələrə rast gəlmişik. Belə ki, Fransada yaşayan bir qrup erməni əsilli şəxslər həmin ərəfədə mitinqin baş tutmaması üçün müxtəlif təxribatlara əl ataraq, qarşıdurma yaratmağa cəhd göstərdilər, həmin aksiyanın reallaşmaması üçün əllərindən gələni etməyə çalışdılar. O zaman insidentin böyüməməsi sadəcə olaraq bizim soyuqqanlılığımızın və yerli hüquq-muhafizə orqanlarının müdaxiləsindən sonra mümkün oldur. Hətta Fransada yaşayan erməni lobbisi Strasburq "Azərbaycan Evi"nin rəhbəri Mustafa Əlincəni terror hədəsilə qorxutmağa çalışaraq, bir daha Xocalı ilə bağlı Fransada mitinqlərin keçirilməməsinə çağırmışlar. Lakin bu təhdidlərə baxmayaraq, biz Fransada hər il Xocalı ilə bağlı mitinqləri daha da kütləvi və mütəşəkkil formada həyata keçiririk". Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovun sözlərinə görə bu gün Azərbaycan diasporunun effektli və sistemli şəkildə apardıqları çalışmalar erməniləri ciddi şəkildə narahat edir və onlar artıq dünyada ifşa olunduqlarını görərək, bu cür təxribatlara əl atmaqla diasporamızın fəaliyyətinə əngəl törətməyə çalışırlar: "Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində bir neçə dövlətin bu qətliamla bağlı bəyanat verməsi, Çexiyanın Xocalı soyqırımına qiymət verməsi, eləcə də Birləşmiş Ştatların Arkanzas ştatının Xocalı soyqırımını tanıması ermənilərin iç üzünün artıq dünyaya bəlli olduğundan xəbər verir. Təbii ki, bütün bunlar Azərbaycan dövlətinin uğurlu xarici siyasəti və diasporumuzun məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olur. Artıq Azərbaycanın uğurlu xarici siyasət kursu nəticəsində ermənilər beynəlxalq aləmdə ciddi şəkildə məğlubiyyətlə üzləşirlər".
Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni isə hesab edir ki, Fransada Azərbaycan diaspor nümayəndələrinin vəhşicəsinə döyülməsi bu ölkədə insan hüquq və azadlıqlarına hörmət edilmədiyini ortaya qoymuş olur. Rauf Zeyninin sözlərinə görə, belə bir hadisənin xüsusilə ATƏT-in Minsk qrupuna həmsədrlik edən bir ölkədə qeydə alınması rəsmi Parisə başucalığı gətirmir: "Nəzərə alsaq ki, diaspor nümayəndələrimizin döyülməsi prosesinə Fransa Senatının nümayəndəsi də şahidlik edib və buna adekvat olaraq heç bir addım atmayıb, o halda bu ölkənin bir daha ermənipərəst mövqe nümayiş etdirdiyini söyləyə bilərik: "Hesab edirəm ki, ermənilərə açıq-aşkar dəstək verən bir ölkənin ATƏT-in Minsk Qrupunda təmsil olunması yolverilməzdir". Milli QHT Forumunun prezidenti bildirib ki, qondarma "erməni soyqırımı" ilə bağlı məsələdə də rəsmi Parisin ermənipərəst mövqe nümayiş etdirdiyi özünü göstərdi: "Ona görə də Fransadan vasitəçi bir ölkə kimi Dağlıq Qarabağ probleminin həllində ədalətli mövqe gözləmək yersiz olar".
Süleyman İsmayılbəyli