Rüstəm İbrahimbəyov “inqilabı” xaricdən idarə edəcək? - SİYASİ ŞƏRH

Kinodramaturq Fransadan xalqı meydan çağıran Elnur Məcidliyə bənzəməyə bşlayır

Ziyalılar Forumunun üzvü, kinodramaturq Rüstəm İbrhaimbəyov yeni açıqlama ilə çıxış edib. Hazırda harada olduğu bilinməyən (böyük ehtimalla Avropa ölkələrindədir) İbrahimbəyovu danışmağa vadar edən Milli Şura, Ziyalılar Forumu və El hərəkatı ətrafında baş verən proseslər və ictimai rəydə yaranan "üçüncü qüvvə dağıldı", "İbrahimbəyov qaçdı" fikirləridir. İbrahimbəyov danışmaqla və hakimiyyətin ünvanına sərt fikirlər səsləndirməklə qaçmadığını, siyasi fəalliyyətini davam etdirdiyini göstərmək istəyir. İbrahimbəyov bir müddət öncə bəyan etmişdi ki, müvəqqəti olaraq siyasəti tərk edir və bundan sonra kino işləri ilə məşğul olacaq. Görünür, Ziyalılar Forumundan ona bildiriblər ki, verdiyi açıqlama işin ziyanına işləyib. Bu gedişlə nəinki İbrahimbəyova, Ziyalılar Forumuna da inam azalacaq. Onsuz da onun açıqlamasından sonra İbrahimbəyova və Ziyalılar Forumuna, kinodramaturqun xeyir-duası ilə yaranmaqda olan qurumlara münasibət dəyişmiş, inamsızlıq yaranmışdı. Hətta siyasi şərhçilər "üçüncü qüvvə mifi dağıldı", "İbrahimbəyov həbsdən qorxub siyasi meydanı tərk etdi" kimi fikirlərə yazırdılar. Eldar Namazovun yaratdığı El hərəkatı da nüfuzunu, cazibəsini itirdi.  İbrahimbəyovun atdığı addım həbslər görmüş ənənəvi müxalifət tərəfindən olduqca sərt qarşılandı. Biriləri onu bir qələmlə silib atmağa çalışdılar. Əslində kinodramarturqun atdığı addımlar normal deyildi və meydandan qaçmaq anlamına gəlirdi. Bu ona bənzəyirdi ki, Sovet imperiyasına qarşı hərəkata başçılıq edən Əbülfəz Elçibəy təzyiqlərdən qorxur və həbs təhlükəsi yaranan kimi "mən tarix müəllimiyəm, gedirəm dərsimi deməyə" deyib meydandan qaçır. Ciddi siyasətlə məşğul olan, hərəkata başçılıq etmək iddiası qoyan şəxs bunu etməməlidir. İbrahimbəyov etdi və etibarını sarsıtdı. Bundan sonra nə qədər sərt açıqlamalar versə də, İbrahimbəyov protest elektoratı üçün etibarlı rəhbər olmayacaq. Bundan sonra ona olan münasibət Quba hadisələri zamanı qeyrətə gəlib Fransadan (?) "xalqı meydanlara səsləyən" Elnur Məcidliyə, Belçikadan radikal statuslar yazanlara olan ironik münasibətdən seçilməyəcək. Görünür, Azərbaycan siyasətində Xomeyni olmaq, xaricdən gəlib "inqilaba rəhbərlik etmək" istəyənlərin sayı artmaqdadır. Hər halda yaxşı tendensiya deyil və Azərbaycan şəraitit üçün qəbul olunmayan istəkdir.

İbrahimbəyovun artıq arxivə verilməkdə olan  Milli Şuradan danışması da ciddi görünmür.  Milli Şuranın tərkibi ilə bağlı danışan kinodramaturqun sözlərinə görə, qurumu formalaşdırmağın vaxtı gəlib. Onun fikrincə, ölkənin aparıcı ictimai-siyasi qüvvələrinin nümayəndələri bu şuranın formalaşdırılması ideyasını dəstəkləyir. Ancaq hansı qüvvələr dəstəkləyir, bəlli deyil. Kinodramaturq deyir ki, Milli Şuraya partiya mənsubiyyətindən, vəzifəsindən və ideoloji əqidəsindən asılı olmayaraq, xalqın etimadını qazanmış şəxslər daxil olmalıdır.  Şuranın işinə Azərbaycan hüdudlarından kənarda yaşayan insanlar da cəlb edilə bilər. Milli Şuranın say tərkibi onun formalaşdırılması prosesində, regionların nümayəndələri nəzərə alınmaqla müəyyən ediləcək. Adından və təklif olunan modeldən görünür ki, alternativ parlament ideyasına çox yaxındır. Bu ideya yeni deyil, hər parlament seçkilərindən sonra ortaya atılır. Sonuncu parlament seçkilərindən sonra müxalifət çox çalışdı, axırda İctimai Palata ilə kifayətləndi. Belə görünür ki, İbrahimbəyov İctimai Palataya bənzər qurum yaratmaq niyyətindədir. Milli Şura ideyası çox cəlbedici idi. Amma İbrahimbəyovun ölkədən getməsi bu quruma olan marağı aşağı saldı. Bundan sonra Milli Şura ideyasının populyar olacağı real görünmür.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00