Almaniya gizli şəkildə İranı nüvə hissələrilə təmin edir - AÇIQLAMA
Qabil Hüseynli: “Almaniya vaxtilə nüvə atom stansiyalarının müəyyən komponentlərini İrana göndərib”
4 Mart 2013 17:35 Siyasətİran Atom Enerjisi Təşkilatının başçısı Firidun Abbasi mətbuata verdiyi açıqlamada İranın 360 meqavat gücündə nüvə reaktorunun istehsalı üçün Rusiya və Qərb ölkələrindən təklif aldığını da qeyd edib. Siyasi analitiklər isə hesab edirlər ki, İrana köməklik göstərən Qərb dövləti Almaniya ola bilər. Çünki, Almaniya Aİ və ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynlinin sözlərinə görə Abbasi öz açıqlamasında köhnə faktlardan istifadə edib: "Nüvə stansiyaları üçün İrana nüvə reaktorlarını əsasən Rusiya göndərir. Buşehirdə istifadəyə verilmiş atom stansiyası Rusiyanın təşəbbüsü sayəsində tikilib. Rusiya İranda ikinci atom stansiyasının tikilməsi üçün rəsmi Tehranla razılığa gəlmişdi, lakin hələlik bu stansiyanın tikilməsi prosesi başlamayıb. Almaniya da vaxtilə nüvə atom stansiyalarının müəyyən komponentlərini İrana göndərib. Lakin, indiki məqamda Almaniya ABŞ-ın əleyhinə qərarlar qəbul etməz. Rusiya isə Ermənistan vasitəsilə İrana nüvə elementləri və reaktorları göndərir. Rusiya həmin nüvə hissələrini Ermənistana göndərilməsi kimi qələmə verir. İranın nüvə reaktorları ilə təmin edilməsində Rusiyanın adını tam əminliklə çəkmək olar. Çünki, Rusiya İranla olan əlaqələrini hələ də qoruyur. Rusiya üçüncü dövlətin köməyilə İranı müxtəlif məhsullar və nüvə hissələrilə təmin edir. Bu mənada Suriya və Ermənistan Rusiyanın ən yaxın tərəfdaşlarıdır" (OLAYLAR İA)