Ənənəvi müxalifət yerini möhkəmlədir - ANALİZ

El hərəkatı sıradan bir təşkilat olacaq

Kinodramaturq Rüstəm İbrahimbəyovun həbs olunmaqdan çəkinərək Fransaya sığınması, müxalifət partiyalarının, Ziyalılar Forumunun və gənclər təşkilatlarının iştirakı ilə geniş koalisiyanın yaranması prosesinin baş tutmaması protest elektoratında ümidsizlik yaradıb. Sosial şəbəkələrdə Ziyalılar Forumu ilə bağlı bədbin fikirlər artır. Maraqlıdır ki, buna paralel olaraq ənənəvi müxalifətin dirçəlməsi prosesi başlanıb. İbrahimbəyovun ölkəyə gəlməyəcəyini bəyan etməsi İctimai Palata və bu quruma yaxın olan media orqanlarında sevinclə qarşılanıb. Köhnə müxalifət üçün qüvvə adlanan qrupun iflasına sevinir. Real Hərəkatının lideri İlqar Məmmədovun həbsi, İbrahimbəyovun mühacirət etməsi köhnə müxalifətin dirçəlməsinə şərait yaradıb. Əkrəm Əylisli olayından da göründü ki, köhnə müxalifət ilk fürsətdə yenilərin üzərinə atılacaq. Əkrəm Əylislinin Pənah Hüseynin, Rauf Arifoğlunun timsalında vurulması, Ziyalılar Forumunun radikal müxalifətçilər tərəfindən ələ salınması köhnələrin niyyətini üzə çıxarırdı. Əgər ZF-da Rüstəm İbrahimbəyov, Rafiq Əliyev kimi adamlar olmasaydı, yəqin ki,  ənənəvi müxalifət bu qurumun daşını-daş üstə qoymazdı. İctimai rəyin qınağından qorxan ənənəvi müxalifət Ziyalılar Forumuna qarşı açıq çıxmadılar və məqamı gözlədilər. Məqam artıq yetişib. Ziyalılar Forumu artıq siyasi proseslərdən çəkilib. Rüstəm İbrahimbəyov mühacirətə gedib, müxalifətin önü açılıb. ABŞ və Avropa səfirlikləri də sağ müxalifətin toparlanmasında maraqlıdır. Ötən həftə səfirlikdə keçirilən görüşə ancaq İctimai Palataya daxil olan partiyaların və digər qurumların sədrlərinin dəvət olunması, Ziyalılar Forumuna, El hərəkatına daxil olan şəxslərin çağırılmaması da ənənəvi müxalifəti xeyli ümidləndirib. Neçə gündür mətbuatda, sosial şəbəkələrdə təxminən belə bir təbliğat aparılır: "Yenə bizə ağız açdılar, üçüncü qüvvə mifi dağıldı".

Bu arada uduzan həqiqətən də üçüncü qüvvə olmağa iddialı şəxslər oldu. İlqar Məmmədovun həbsi ilə Real Hərəkatının gücü (əslində gücsüzlüyü) ortaya çıxdı. Hərəkat öz sədrinin müdafiə kampaniyası da düzgün apara bilmir. İbrahimbəyovun siyasətdən çəkilməsinin ağrısını daha çox El hərəkatını yaratmaq istəyən şəxslər çəkəcək. Konkret desək, Əylisli olayından sonra yaranmış situasiya Eldar Namazova daha çox zərbə vurdu. Eldar Namazov və onun ətrafındakı ağrıdağçının zəhməti boşa getdi. Namazov qrupu ziyalıların cəmiyyətdəki nüfuzundan yararlanaraq yeni siyasi təşkilat qurmaq istəyirdilər. Hesab olunurdu ki, İbrahimbəyov yeni hərəkat və ya Milli Şura yaradacaq, bütün müxalifəti birləşdirəcək, protest elektoratının ixtiyarını Eldar Namazova verəcək, o da prezident seçkilərində müxalifətin əsas namizədi kimi iştirak edəcək. Amma hesablamalar özünü doğrultmadı. İbrahimbəyov ölkəni tərk etdi, siyasəti buraxdı,  Milli Şuranın yaranması tamamilə kənara atıldı. İndi söhbət İctimai Palataya alternativ olacaq yeni qurumun-El Hərəkatının yaranmasından gedir. Yaxın günlərdə Eldar Namazov hərəkatı elan etməlidir. Bu qurumun gözlənilən effekti verməyəcyi bəribaşdan bəllidir. Eldar Namazov hamını birləşdirə biləcək lider deyil. Müsavat vahid namizəd məsələsində ona güzəşt etməyəcək. AXCP Namazova yönəlik "sabiq çaydaşıyan" piarını davam etdirəcək. O halda El Hərəkatı İctimai Palatanın zəif formasından başqa bir şey olmayacaq. 

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00