Türkiyə Ermənistanın ayağının altına yer verir - ŞƏRH
Razi Nurullayev: “Ermənistan Türkiyədən güzəşt aldıqca iddiaları bir o qədər də böyüyür”
1 Mart 2013 16:30 SiyasətAprelin 3-də Ermənistan paytaxtı ilə Türkiyənin Van şəhəri arasında ilk uçuş həyata keçiriləcək. Ermənistanın "Narekavan Tour" turizm şirkətinin direktoru Armen Avanesyanın sözlərinə görə onlar bu reysin açılmasına 4 illik danışıqlardan sonra nail olublar. Avanesyan bunun Ermənistan-Türkiyə arasındakı biznes münasibətlərinin inkişafına təsiq edəcəyini bildirib. Məsələyə münasibət bildirən AXCP sədrinin Beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayevin sözlərinə görə Türkiyə özünün müstəqil xarici siyasətində maraqlarını qorumağa çalışır: "Türk hakimiyyətinin hazırki Ermənistan siyasəti isə Azərbaycanın maraqlarına uyğun gəlmir. Van-İrəvan reysi heç də Ermənistan-Türkiyə əlaqələrini inkişaf etdirməyəcək. Eyni zamanda Ermənistanın Azərbaycan və Türkiyəyə olan ərazi iddialarından geri çəkilməsi üçün səbəb olmayacaq. Ermənistan Türkiyədən güzəşt aldıqca iddiaları bir o qədər də böyüyür. Türkiyə hakimiyyətinin nəyə görə belə addım atmasını demək doğrusu çox çətindir. Bütün bunlar danışıqlar prosesində Ermənistanın daha konstruktiv olmasına görə deyil. Bu gün bütün Azərbaycan xalqı heç də Türkiyənin bu addımından xoşhal olmur. Türkiyə Ermənistanla əlaqələri inkişaf etdirərkən Azərbaycanın da maraqlarını nəzərə alsa daha yaxşı olar. Türkiyə və Azərbaycanın xarici siyasətində müəyyən uzlaşmalar olmalıdır. Bu uzlaşmalar Türkiyə tərəfindən pozulur, bu heç də yaxşı nəticələrə yol açmayacaq" ("OLAYLAR" İA)