İrandakı kütləvi edamlar Ayətullah Əli Xamneyinin sifarişidir
İntiqam Əliyev: “İrandakı kütləvi edamlar müəyyən qüvvələrin sifarişləri əsasında həyata keçirilir”
1 Mart 2013 15:33 Siyasətİranın Məşhəd şəhərinin Vəkilabad həbsxanasında daha 3000 məhbus edam ediləcək. Son 1 ayda isə Vəkilabadda onlarla adam kütləvi şəkildə dar ağacından asılıb. Hal-hazırda 4000 min nəfərlik Vəkilabad həbsxanasında 12 min məhbus saxlanılır. BMT-nin ciddi xəbərdarlıqlarına baxmayaraq İranda hələ də məhbuslar kütləvi şəkildə və gizlin edam edilirlər. Siyasi analitiklər hesab edirlər ki, İranda tez-tez baş verən bu cür edamların arxasında ölkənin Ali dini lideri Ayətullah Əli Xamneyi dayanır. Məsələyə münasibət bildirən hüquq müdafiəçisi İntiqam Əliyevin sözlərinə görə İran insanların heyvani şəkildə öldürülməsi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənilən haldır: "O ölkələrdə ki, ədalət mühakiməsi, insan haqqları sahəsində problemlər var, orada sərt məhkəmə qərarları və sifarişli edamların baş verməsi ehtimalları artır. İranda o dövlətlərdəndir ki, burada insan haqqları ilə bağlı çox ciddi problemlər var. Xüsusən də insanların kütləvi şəkildə edam edilərək öldürülməsi beynəlxalq hüquq normalarını açıq şəkildə pozur. BMT və digər insan haqqları ilə bağlı beynəlxalq qurumlar İrana buna görə sərt xəbərdarlıq etməli, edam olunanların cinayətləri araşdırılmalıdır. Bu gün İranda elə insanlar var ki, onlar ağır cinayətlər işləmədikləri halda da edam edilirlər. Bu cür edamlar adətən sifarişli qətllər silsiləsinə daxildir. Bu gün İranda baş verən bu cür hadisələr tarixdə çox nadir hallarda rast gəlinən faktdır" (OLAYLAR İA)