BMT baş katibinə müraciət göndərilib

Türk-Amerika Dərnəkləri Federasiyası Nyu-Yorkdakı Azərbaycan diasporu ilə birgə ABŞ-ın Nyu-York şəhərindəki Ermənistan kosulluğu və BMT qərargahının qarşısında etiraz aksiyası keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, aksiyada iştirak edən Türkiyə və Azərbaycan diasporunun nümayəndələri əllərində Azərbaycan, Türkiyə və ABŞ-ın bayraqları, həmçinin Ermənistanın işğalçılıq siyasəti, Xocalı Soyqırımını pisləyən plakatlar tutublar. Aksiyada "Ermənistan terrorçudur, "Ermənistan işğalçıdır", "Dağlıq Qarabağda kriminal rejimə son qoyulsun", "Xocalıya ədalət"  kimi şüarlar səsləndirilib. Türk-Amerika Dərnəkləri Federasiyasının rəhbəri Əli Çinar aksiyada çıxış edərək Azərbaycanın haqlı mübarizəsində hər zaman Azərbaycanın yanında olacaqlarını bildirib. Aksiyanın sonunda Azərbaycan  Nyu-York Assosiasiyasının BMT baş katibinə yazılmış məktubu səsləndirilib. Qurumun üzvü Elcan Yerdələnli bildirib ki, məktubda 1948-ci ildə qəbul edilib, 1951-də qüvvəyə minən BMT-nin soyqırım haqqında qanununun Azərbaycan və Xocalıya tətbiq olunması tələb olunur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00