Azərbaycan ATƏT-in Minsk Qrupundan imtina etməlidir - AÇIQLAMA

Qabil Hüseynli: “ATƏT-in 21 illik Dağlıq Qarabağ danışıqlarının nəticəsiz olması qəbul edilməli və danışıqlar alternativ müstəviyə keçirilməlidir”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması dair növbəti görüşdə iştirak etmək üçün Parisə yola düşüb. Siyasi analitiklər isə hesab edirlər ki, bu tip görüşlər səmərə vermədiyindən problemin həlli istiqamətini Rusiya-Azərbycan kontekstinə yönəltmək daha əlverşli ola bilər. "Məsələni Rusiya-Azərbaycan danışıqlar masasına keçirmək problemi həll edə bilməz. Çünki, problem Rusiyadan qaynaqlanıb, bu gün də onun həllində əsas maneə Rusiyadır. 1999-cu ildə ATƏT-in İstanbul zirvə sammitinə az qalmış problemin həllinə dair ciddi uzlaşma əldə edilmişdi. Ermənistan münaqişənin həllinə görə Azərbaycanla sülh müqaviləsinin bağlanmasına razılıq vermişdi. Bu məsələ ABŞ-ın keçmiş Dövlət katibi Leri İqlberqerin vasitəçiliyi ilə həyata keçirilirdi. İstanbul sammitinin başlanmasına iki gün qalmış Ermənistan parlamenti gülləbaran edilərək spiker Dəmirçiyan və bir neçə şəxs öldürüldü. Beləliklə Köçəryanın dövründə əldə edilmiş razılaşma rədd edildi. Sonradan sui-qəsdi həyata keçirən terrorçular bunun kimin tapşırığı ilə həyata keçirildiyini açıqlamadılar. Ermənistan hakimiyyəti də bu məsələdə israrlı olmadı. Bu dəqiq idi ki, hadisə Rusiyanın əmrilə baş verib. Əsl mqəsəd də əldə edilmiş razılaşmaya maneə törətmək olub. Həmin dövrdən Rusiya Dağlıq Qarabağ münaqişəsini dondurmağa səy göstərir. Bu gün də Rusiyanın siyasi elitasına yaxın olan politoloqlar tərəfindən münaqişənin həllinə dair yox, müharibənin yenidən qızışdırlmasına dair mətbuata "təhlil"lər daxil olur. Rusiyanın Azərbaycana qarşı olan kini və qəzəbi nəinki münaqişənin həllinə, əksinə olaraq münaqişənin qızışdırılmasına yönəlib. Serj Sərkisyan yenidən Kremlin xeyir-duası ilə hakimiyyətə gəldi. O, axıra qədər də Rusiyanın tapşırıqlarını yerinə yetirməkdə davam edəcək. Bu isə onu göstərir ki, Dağlıq Qarabağ danışıqlarında konsensius əldə edilməsi işi çətinləşəcək. ATƏT-in 21 illik danışıqlarının nəticəsiz olması qəbul edilməli və danışıqlar alternativ müstəviyə keçirilməlidir. Məsələnin təkcə Rusiyanın öhdəliyinə buraxılması fəlakətə səbəb ola bilər. Bu gün Ermənistan Rusiya tərəfindən tamamilə silahlandırılmış vəziyyətdədir, hətta Ermənistan bu amilə görə regionda hegemon olmaq iddiasına düşüb. Məsələdə tərəfbazlıq edən tərəflər danışıqlar masasından uzaqlaşdırılmalıdır. Düzdür, bu çox asan məsələ deyil, amma Azərbaycan bunda israrlı olmalıdır. Çünki, bütün danışıqlar Ermənistanın Dağlıq Qarabağa müstəqillik istəklərinə istiqamətləndirilir. Azərbaycanın irəli sürdüyü bütün təkliflər Ermənistanın qəyyumları tərəfindən qəbul edilmir. Azərbaycan danışıqlarda nəticə əldə etmək istəyirsə Minsk Qrupunun vasitəçiliyindən imtina etməlidir. Məsələ daha nüfuzlu beynəlxalq təşkilatların öhdəliyinə buraxılmalıdır" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00