Millət vəkili fransalı həmkarına məktub ünvanlayıb
1 Mart 2013 14:30 SiyasətYeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Fransa Milli Assambleyasının deputatı Fransua Roşenblouna məktub göndərib. "OLAYLAR"-ın xəbərinə görə, millət vəkili fransız həmkarına ünvanladığı məktubda qeyd edib ki, siz yadımda daha çox Ermənistanın maraqlarının ciddi müdafiəçisi kimi qalıbsınız. Ona görə də Sizin 26 fevral tarixində Parisdə, Fransa Milli Assambleyasının binasında Erməni Məsələləri üzrə Fransa Bürosu tərəfindən təşkil olunan tədbirdə iştirakınıza təəccüblənmədim: "Mümkündür ki, hətta orada Azərbaycanda olmadığınız halda ölkəmizlə bağlı geniş çıxış da etmisiniz. Ancaq təəccübləndim ki, həmin tədbirdə iki azərbaycanlı gəncin erməni əsilli iştirakçılar tərəfindən vəhşicəsinə döyməsini sakitcə seyr etmisiniz. Fransada təhsil alan azərbaycanlı tələbələr Mirvari Fətəliyeva və Vüsal Hüseynov tədbir zamanı "demokratikcəsinə" döyülmüş, onların kömək çağırışlarına isə heç kim məhəl qoymamışdı. Buna səbəb isə onların tədbir iştirakçılarından 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən öldürülümş minlərlə azərbaycanlının xatirəsinin yad edilməsini istəmələri olub". Millət vəkili daha sonra ermənilərin Xocalıda törətdikləri vəhşiliklər barədə yazıb və ümid etdiyini bildirib ki, Fransa parlament binasında baş verən hadisə və Xocalı faciəsi ilə əlaqədar yazdığım məlumat fransalı deputata erməni millətçiliyin əsl simasını aydın görməyə kömək edəcək.