Üçüncü qüvvə mifi dağıldı? - ANALİZ

Ənənəvi müxalifət yeni qüvvənin ortaya çıxmasına imkan vermir

Ortaya çıxarılan kölgə kabinetlərindən bəlli idi ki, müxalifət yeni qüvvəni qəbul etmək fikrində deyil. Nə Ziyalılar Forumu, nə ənənəvi müxalifəti qəbul etməyən gənclər təşkilatları köhnələrin ürəyincə deyildi. Doğrudur, müxalifətin passivliyi fonunda yeni qüvvənin ortaya çıxması, təşəbbüsü ələ alması protest elektorat üçün vacib idi. Hətta bir ara siyasi proseslərin aktivləşməsini istəyən köhnə müxalifət belə Ziyalılar Forumuna, onun ayrı-ayrı tənqidçi üzvlərinə, radikal gənclərə azarkeşlik etməyə başlamışdılar. Amma bu, bir yerə qədər lazım idi. Köhnə müxalifətin timsalında  İctimai Palatanın aprel mitinqləri və bölgələrdə baş verən hadisələr ənənəvi müxalifətə tərs şapalaq oldu. Bəlli oldu ki, AXCP və Müsavatın (köhnə müxalifətdən bir onlar qalıb, qalanları tamamilə bərbad vəziyyətdədir, qrup şəklindədir) öz rayon təşkilatlarının üzvlərindən başqa dəstəyi yoxdur. Rayonlarda keçirilən aksiyalarda isə ümumiyyətlə, ənənəvi müxalifət saya salınmadı. Bu, artıq həyəcan siqnalı idi. Köhnə müxalifət öz gücsüzlüyünü bilirdi, eyni zamanda siyasi meydandakı yerini də vermək istəmirdi.  Müsavat başqanı İsa Qəmbəri prezidentliyə namizədliyini irəli sürməsi də hiyləgər addım idi. Müsavat başqanı "qoy, mübarizəni Rüstəm İbrahimbəyov və Ziyalılar Forumu aparsın, qələbəni isə biz qazanaq" prinsipindən çıxış edirdi. Bu gün də başqan bu inancla yaşayır. Hesab edir ki, onun və AXCP sədrinin əvəzindən kimlərsə mübarizə aparacaq, amma sonda onlar irəlidə olacaq və qələbə qazanacaq. Bu inancın nəticəsidir ki, El hərəkatının yaranması gecikəndə, Milli Şura yaranmayanda, Rüstəm İbrahimbəyov ölkəyə gəlməyəcəyini deyəndə köhnə müxalifət depressiyaya düşür. İndi ənənəvi müxalifətin piar maşını İbrahimbəyovu yaş yuyub, quru sərməklə məşğuldurlar. Pənah Hüseyn, Rauf Arifoğlu və digər müxalifət ideoloqlarının əlinə girəvə düşüb. "Biz illərdir savaşdıq, zindanlara düşdük, amma İbrahimbəyov bir dəfə təzyiq görən kimi meydandan qaçdı" tezisli təbliğat aparılır. Hələ ki bunu adıçəkilən adamlar demir. Amma öz yaxınlarına yazdırır, bu fikri cəmiyyətə sırımağa çalışırlar.  Məqsəd təkcə İbrahimbəyovu sıradan çıxarmaq deyil. Əslində İbrahimbəyovun sona qədər meydanda olmayacağı bəlli idi. Məlum idi ki, günlərin bir günü kinodramaturq siyasəti tərk edib gedəcək. Onun yaşı da siyasi mübarizəyə imkan vermirdi. Ənənəvi müxalifətin ideoloqları da əslində İbrahimbəyovu hədəfə almırlar. Onlar İbrahimbəyovun timsalında  üçüncü qüvvəni, ənənəvi müxalifəti inkar edən gəncliyi hədəfə alıblar. Emin Millinin ələ salınması, Elnur Məcidli haqqında lətifələrin qoşulması bunun nəticəsi idi. İndi cəmiyyətdə narahatlıq var: üçüncü qüvvə mifi dağıldımı? Rüstəm İbrahimbəyov ölkəyə gəlməsə,  Ziyalılar Forumu fəaliyyətinə son qoyacaqmı? Fikrimizcə, İbrahimbəyovun ölkədən və siyasətdən getməsi hələ üçüncü qüvvənin sıradan çıxması anlamına gəlmir. Üçüncü qüvvə var, yetişir və bu gün deyilsə, sabah siyasi meydanda olacaq. Hazırkı müxalifətin dövrü bitib, onları yeni nəsil əvəzləməlidir.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00