Qafqazı yenidən bölüşdürmək savaşı kəskinləşəcək - MÖVQE
Ənənəvi müxalifət yeni qüvvənin ortaya çıxmasına imkan vermir
1 Mart 2013 14:17 SiyasətGürcüstan prezidenti Mixail Saakaşvilinin bu günlərdə reallaşdırdığı Azərbaycan səfəri çərçivəsində Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi yenidən gündəmin əsas mövzularından birinə çevrildi. Son parlament seçkilərində böyük səs üstünlüyü qazanaraq hökumət formalaşdırmaq missiyasını ələ keçirən İvanişvilinin sözügedən dəmiryolu layihəsi barədə verdiyi açıqlama və layihənin icrasının dayandırılacağı ilə bağlı söylədiyi fikirlər həmin dövrdə Tbilisi ilə Bakı arasında müəyyən sərinlik yaratsa da, Saakaşvili bu günlərdə Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə keçirdyi görüşdə bu məsələyə birdəfəlik nöqtə qoymuş oldu. Gürcüstan prezidenti Mixail Saakaşvili Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsinin reallaşdırılmasının həm region, həm də ölkəsi üçün vacib olduğunu bildirdi və layihənin dayandırılması ideyasını qətiyyətlə pisləyərək bunu cinayət hesab edib. Mixail Saakaşvilinin bu fikirləri rəsmi Bakıda bir qədər rahatlıq yaratsa da, bir məqamı da yaddan çıxarmaq lazım deyil ki, Saakaşvili artıq çemodan əhval-ruhiyyəsindədir. Növbəti prezident seçkilərində İvanişvilinin Rusiyanın köməyi ilə bu posta sahib olmasından sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsinin icrasının dayandırılması yenidən gündəmə gələ və hətta bu mənfi tendensiya baş tuta da bilər. Çünki İvanişvilinin pərdə arxasında xidmət etdiyi Kreml də Bakı-Tbilisi-Qars layihəsinə qarşıdır. Hələ bu ideya ortaya atılandan Moskva bu və ya digər dərəcədə layihəyə qarşı mənfi münasibətini ortaya qoyub. Bəs görəsən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin gələcək taleyi necə olacaq və bu layihəni qeyri-məqbul sayan İvanişvilinin istəyi nədən ibarətdir. Milli Məclisin üzvü Zahid Oruc hesab edir ki, regionun əsas iqtisadi-siyasi və təhlükəsizlik tendensiyalarını təyin edə bilməyən İvanişvilinin komandası Rusiyadakı aktivlərini qorumaq və əvvəlki hakimiyyətin kursunun yanlışlığını sübuta yetirmək üçün ən yaxşı layihə kimi gürcü-abxaz dəmir yolunun işə salınması ideyasını ortalığa atıb: " Azərbaycana səfəri öncəsi Bakı-Axalkalaki-Qars dəmir yolunun çəkilişini qeyri-rentabelli adlandıran yeni baş nazir əslində bunu hansı maraqlardan dilə gətirdiyini tam ortaya qoymuşdu. İki fərqli xarici siyasət orientasiyaları arasında manevr qabiliyyətini itirərək vurnuxan "Gürcü arzusu" işğal olunmuş ərazilərdən keçən kommunikasiyaların bərpası ilə çoxgedişli plan həyata keçirdiyini zənn edir. Belə ki, müstəqilliyi tanınan separatçı subyektlərlə hər cür əlaqələrə can atmaqla düşmənçiliyin azaldılması istiqamətində əlverişli təşəbbüslərin meydana gələcəyi düşünülür". Millət vəkili deyib ki, ən başlıcası, Ermənistan bu dəmir yolu vasitəsilə təcridolunmadan çıxa və Rusiya ilə yükdaşımalarını daha da genişləndirə bilər. Belə layihə vasitəsilə rəsmi Yerevanın Rusiya və Gürcüstan arasında daha böyük rola və barışdırıcı missiya sahibinə çevrilməsi mümkündür: "Ermənistanın bu layihədən qazanması və özünün regional izolyasiyadan çıxarmasına hər cür qarşı olan Azərbaycan İvanişvilinin "nifaq alması"na çevrilən layihəsindən qətiyyən məmnun deyil və onun əngəllənməsinə çalışır. Gürcüstanın neft-qaz dəhlizi rolunda möhkəmlənməsi belə onu istədiyi təşəbbüsü reallaşdırmağa imkan vermir. Yəni, uzun müddət ərzində Qərblə enerji daşıyacılarının işlənməsində başlıca tranzit məkanına çevrilmiş Gürcüstan bölgəni iqtisadi cəhətdən qarışdıran təklifləri ilə nələri itirə biləcəklərinin fərqində olmalıdır". Zahid Orucun sözlərinə görə, Qarsa qədər uzanan dəmir yolu Türkiyənin tarixi siyasi rolunu möhkəmlətmək və regionun Rusiyadan iqtisadi asılılığını azaltmaq baxımından da əhəmiyyətlidir. Çünki qədim dövrdən Çinə qədər uzanan nəhəng ticarət arteriyası işə düşərsə, bir neçə ölkənin iqtisadi durumunu əsaslı şəkildə dəyişə bilər: "Əgər İvanişvili Rusiya ilə yükdaşımaları gerçəkləşdirmək istəyirsə, bu o deməkdir ki, Türkiyənin aktiv roluna və bölgədəki çəkisinə zərbə vurur, qüvvələr nisbətini dəyişdirir". Zahid Oruc hesab edir ki, Azərbaycanın iqtisadi və təhlükəsizlik maraqlarını təhdid edən bu layihəyə qarşı tətbiq olunacaq təsir vasitələrinin hamısı gedib Rusiyaya dirənir: "Son aylar ərzində Cənubi Qafqazın siyasi atmosferindəki gərginliyin başlıca səbəblərindən biri də budur. Əgər Gürcüstan xarici siyasət kursunu dəyişsə, ölkəmiz üçün bir sıra diplomatik tədbirlər qaçılmaz olacaq. Görünür, axır vaxtlar bizə təzyiqlərin bir səbəbi də budur. Nələr korrektə edilə bilərsə, hakimiyyətin onlara əl atacağına şübhə yeri yoxdur. İndi Saakaşvili iqtidarı təkcə özünü deyil, həm də bizim Qərblə birgə maraqlarımızı və dünyaya çıxış imkanlarımızı öz platformasında təmsil edir. Onun hakimiyyətdən gedişi Qafqazın yenidən bölüşdürülməsi uğrundakı savaşı kəskinləşdirəcək, qeyri-sabitliyi gücləndirəcək. Bu baxımdan dəmir yolları ruspərəst qüvvələrin bölgəni ələ keçirməsi istiqamətində əlverişli revanş cəhdidir".
Süleyman İsmayılbəyli