Qazaxıstandakı sabitlik və inkişaf Qərbdə ürək ağrısı ilə qarşılanır - REGİON
Yaxud əgər pulun və yaxşı əlaqələrin varsa, cinayətkar olsan belə, Avropada rahat yaşaya bilərsən
1 Mart 2013 12:16 SiyasətSon illər Qazaxıstanda əldə olunan siyasi sabitlik, ölkə iqtisadiyyatındakı yüksək inkişaf, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində hakimiyyət tərəfindən atılan addımlar bəzi xarici dairələr tərəfindən qısqanclıqla qarşılanmaqdadır. Odur ki, xarici mətbuat səhifələrində bu ölkənin ünvanına tez-tez mənfi fikirlərlə dolu, iftiralardan ibarət yazılara rast gəlinir. Maraqlısı isə odur ki, bu zaman, məqalə müəllifləri mühacir həyatı yaşayan keçmiş oliqarx nümayəndələrinin, yaxud da hansısa bir ölkədə özünə siyasi sığınacaq tapmış müxalifət təmsilçilərinin fikirlərinə istinad edirlər. Bu günlərdə bu qəbildən olan növbəti yazı internet mediasında peyda olub. Bu dəfə isə "etibarlı mənbə" kimi isə hazırda Qərb ölkələrinin birində mühacirətdə olan keçmiş oliqarx, Böyük Britaniya, Rusiya, Qazaxıstan və Ukraynanın hüquq mühafizə orqanları tərəfindən axtarışda olan Muxtar Ablyazovdan istifadə olunub. Ən maraqlısı isə odur ki, Beynəlxalq Polis Təşkilatının("İnterpol")un axtarışında olan M.Ablyazov qərb mediasında sərbəst şəkildə müsahibələr verməkdədir. Doğrudur, kinofilmlərə inansaq, "İnterpol"dan nəinki Anqolanın cəngəlliklərində, hətta Antraktidanın buz səhralarında belə gizlənmək mümkün deyil. Amma, nədənsə, söhbət "xüsusi növ cinayətkarlar"dan , yaxud hansısa ölkənin "müxalifət lideri"ndən gedərkən, bu çox hörmətli təşkilat haqda yaranmış mif sanki bir sabun köpüyü olub yerə tökülür. Bir bir faktdır ki, şəninə təriflər söylənən "İnterpol" müxtəlif ölkələrdən köhnə qitəyə, yaxud okeanın o tayına adlamış və özünə siyasi sığınacaq tapmış cinayətkarları tutmaqda çox aciz durumdadır.Əgər belə olmasaydı, həmin oliqarxlar, öz ölkəsində törətdiyi cinayətlər ucbatından qərb ölkələrində sığınacaq tapanlar "İnterpol"un "axtarışları"na məhəl qoymadan öz fəaliyyətlərini davam etdirməzdilər. Demək belə çıxır ki, bu nəhəng polis-ədalət sisteminin sipəri artıq çat verdiyindən beynəlxalq cinayətkarlar,- oğru və fırıldaqçılar, qatil və adam zorlayanlar,- bu çatdan məharətlə istifadə edərək, hansı bir Bostvana, yaxud uzaq Afrika ölkəsində gizlənməklə, özünü müxalifət lideri kimi təqdim edə bilirlər. Öz ölkələrində guya insan hüquqlarının pozulmasını önə çəkmək, gurultulu bəyanatlar səsləndirməklə, ölkə hakimiyyətinə qarşı sonadək bu mübarizəni davam etdirəcəklərini bildirirlər. Bu zaman onlardan kimsə soruşmur ki, söhbət hansı hüquqlardan gedir-oğruların və qatillərin hüquqlarının pozulmasındanmı gedir, yoxsa nədən? Qəribəsi isə odur ki, bu şəxslərin öz ölkələrində qanuni yolla seçilmiş hökumətlə mübarizə aparması kimsəni narahat belə etmir, kimsə buna əhəmiyyət belə vermir. Görünən odur ki, bəzi supergüc dövlətlərin dünyanın yeni "demorkatik düzənin" yaradılması artıq öz pik həddinə çatıb və bu haqda fikirlər beynəlxalq media şəbəkəsi vasitəsilə insanların beyinlərinə o qədər yeridilib ki, kimsə söhbətin nədən getdiyinin dərinliyinə belə varmır və adını "demokrat" qoyan və hər hansı xarici dövlətdə öz ölkəsinin ünvanına qarayaxmalarla çıxış edən istənilən şəxs onlar üçün maraq obyektinə çevrilir. Gəlin məsələni Qazaxıstanın timsalında bir qədər də konkretləşdirək. Məsələn, Qazaxıstandan olan mühacirlər- "İnterpol" tərəfindən axtarışda olan Muxtar Ablyazov, Viktor Xrapunov və digər bu qəbildən olan cinayətkarların heç də gizli fəaliyyət keçdiklərini söyləmək olmaz. Çürki, onlar vaxtaşırı media səhifələrində çıxışlar edirlər. "İnterpol"da əgər istəsələr, onları çox asanlıqla həbs edə bilərlər. Amma,görünən odur ki, bu istək yoxdur. Məsələn, bu təşkilatda hamı çox gözəl bilir ki, milyoner, Qazaxıstanda bir sıra nazirlikliklərə rəhbərlik etmiş Viktor Xrapunovu harada və necə yaxalamaq olar.Bunun üçün interneti açmaq yetərlidir. Belə ki, onun şəxsi saytında bu haqda kifayət qədər məlumait var. Bu sözləri digər oliqarx -Muxtar Ablyazov haqda da söyləmək olar. O da mühacirətdə çox "aktiv həyat tərzi" keçirməkdə və siyasi ambisiyalarını reallaşdırmaqdadır. Ən azından jurnalistlər, polislərdən fərqli olaraq, onlarla çox asanlıqla əlaqə yarada, istədikləri suallara dərhal cavab ala bilirlər. Bir daha xatırlatmaq yerinə düşər ki, M.Ablyazov Böyük Britaniya, Rusiya, Qazaxıstan və Ukraynanın hüquq mühafizə orqanları tərəfindən axtarışdadır. Əgər ona qarşı irəli sürülən ittihamları cəmləsək və bu cinayətləri həbsxana illərinə çevirsək, yəqin ki, bu qədər müddətə, bəlkə də, Muxtar Ablyazovun qalan ömründən də artıq olar. Amma, buna baxmayaraq, nə o penitensiar xidmətinin həndəvərinə təşrif buyurmağa , nə də ki, "İnterpol" onun əllərini qandallamağa tələsmir.Digər tərəfdən isə keçmiş oliqarx M.Ablyazovun KİV-lə köhnə mehriban dostluq əlaqələri vardır.Bu günlərdə "Reuters" agentliyinə müsahibəsində o bəyan edib ki, əgər ölkəsində hakimiyyət dəyişikliyi olsa idi, Qazaxıstan prezidentliyinə seçkilərdə öz namizədliyini verərdi. Lakin , guya, ölkədəki antidemokratik vəziyyət onu bu imkandan məhrum edib. Ümumiyyətlə, bu cinayətkarın həyat yoluna nəzər saldıqda , Muxtar Ablyazovun ən uğurlu fırıldaqçı kimi tarixə düşə biləcəyinə heç şübhə yeri qalmır. Belə ki, ilk əvvəl kiçik biznesmen kimi fəaliyyətə başlamış bu kəs tezliklə Qazaxıstanda yüksək vəzifələr tutmağa belə nail olub,hətta hökumətdə nazir vəzifəsinədək yüksəlib. Gənc müstəqil Qazaxıstan dövlətinin yarandığı və keçmiş SSRİ-dən miras qalmış dövlət mülkiyyətinin özəlləşdirilməsinə başladığı ilk illərdə, M. Ablyazov "qollarını çırmayaraq" çox ustalıqla ölkədə yeni vüsət alan özəlləşdirmə maxinasiyalarına girişib. Lakin bir gün hüquq mühafizə orqanlarının əlinə keçəcəyini qabaqcadan duyaraq, gələcəkdə həbs olunarkən topladığı sərvətlərinin, eləcə də "hüquqlarının" müdafiəsi məqsədilə, öz tərəfdaşları ilə birgə siyasi təşkilat-"Qazaxıstanda demokratik seçkilər" hərəkatını da yaratmağa nail olub. Lakin törətdiyi cinayətlərinin üstünün açılması , onun arzularını yarımçıq qoyub. Çünki Qazaxıstanda ədalət məhkəməsi qarşısında hamı bərabərhüquqlu olduğundan, M. Ablyazov hüquq mühafizə orqanlarından öz əməllərini müdafiə edə bilməyib. Bu işdə ona heç ətrafında formalaşdırmağa başladığı "demokrat" obrazı da kömək edə bilməyib. O, həbs edilib. Maraqlısı isə odur ki, M.Ablyazov həbsdən vaxtından əvvəl azad olunub.Diqqət edin, əgər onun qələmə verdiyi kimi , Qazaxıstanda, həqiqətən də, avtaritar rejim hökm sürsəydi,- hakimiyyət üçün təhlükəli olan, onun özünü adlandırdığı kimi- müxalifətin əsas fiqurunu , hakimiyyətin əsas rəqibini , hakimiyyət üçün təhlükəli olan bir siyasətçi olsaydı,- o belə tezliklə həbsdən azad edərdilərmi? Əlbəttə, yox. Onda belə çıxır ki, ya Qazaxıstanda avtoritar rejim yoxdur, ya da ki, M.Ablyazovun dəyəri bir siyasətçi kimi sıfıra bərabərdir. Digər bir məqama diqqət yetirək. Təsəvvür edin ki, M.Ablyazova ölkənin aparıcı banklarından birinə rəhbərlik etmək kimi böyük bir etimad göstərilib. Üstündən az keçməmiş o həmin bankın milyardlarla dollar vəsaitini ofşor müəssisələr vasitəsilə mənimsəyib, talan edib, nəticədə bank müflisləşib. Ümumilikdə 5 milyard ABŞ dollarının "dalına keçə" bilib. Maraqlısı isə odur ki, xarici KİV-lərə müsahibələrində M.Ablyazov bunu belə izah edir ki, guya bank özəl olduğundan, onun bu hərəkəti oğruluq kimi qiymətləndirilməməlidir(?!). Guya bu, pulun bir cibdən götürülüb başqa bir cibə qoyulması kimi bir şey olub. Doğrudur, sonradan aydın olub ki, "başqa cibinə qoyduğu" pul heç də onun özünün deyilmiş. Bunlar sadə qazax xalqının fərdi əmanətləri və xarici bankların istiqraz vəsaitləri olublar. Xatırlatmaq yerinə düşər ki, o vaxtlar Böyük Britaniya bankları da M.Ablyazovun rəhbərlik etdiyi bankı böyük həcmdə istiqrazlar yerləşdiriblər. Belə çıxır ki, o, həm də, ingilis tərəfdaşlarına da "atıbmış". Bütün bunlar azmış kimi, hələ üstəlik, bu adam həyasızcasına İngiltərədən özünə siyasi sığınacaq almağa da utanmayıb. Ən qəribəsi isə odur ki, ingilislər oğru bankir və eks-dövlət məmurunun bu xahişini təmin edərək ona siyasi sığınacaq veriblər. Sonradan Rusiya və Qazaxıstanın hüquq-mühafizə orqanları onun maliyyə fırıldaqlarını aşkar etdiyindən , Muxtar Ablyazov özünü siyasi mühacir elan etməyə başlayıb. Müxtəlif KİV-lərdə özü haqda tükürpədici hadisələr uydurmaqla , -guya Qazaxıstan hakimiyyəti onun şəxsi biznesini ələ keçirmək istərkən, o çox ustalıqla, qəhrəmancasına bu vəsaitləri ofşor müəssisələrə köçürməklə, həmin vəsaitləri xilas edə bilib. Lakin onun uydurmalarının ömrü çox da uzun sürmədi. Tezliklə İngiltərənin hüquq-mühafizə orqanları da bu fırıldaqçı siyasi mühacirin saxta göz yaşlarına inanmağa son qoydu, bu iş siyasətdən kənar elan edildi. "Siyasi mühacirə" qarşı oğurlanmış vəsaitlərin geri qaytarılması maddəsi ilə mülki qaydada proses başlandı və ədalət məhkəməsi ona qarşı məhkəmə hökmü çıxardı. Onun bütün bank hesabları və aktivlər London ədalət məhkəməsi tərəfindən donduruldu. Məsələni belə görən fırıldaqçı-siyasətçi İngiltərədən başqa bir Avropa ölkəsinə qaçdı. Onun Londonun "milyarderlər məhəlləsi"ndəki nəhəng villası , eləcə də şəhər kənarındakı 100 hektarlıq torpaq sahəsi hələ də boş qalmaqdadır. Lakin bütün bunlar Muxtar Ablyazova hələ də azadlıqda qalmasına maneçilik törətmir. O, öz aktiv siyasi fəaliyyətini davam etdirməkdədir. Görünür öz ölkəsindən oğurladığı pullar yetərincədir ki, onun mühacir həyatını, KİV-lərdə ölkəsi haqda qarayaxmalarla dolu sifarişli yazılar dərc edə bilir. Digər tərəfdən maraqlısı isə odur ki, "İnterpol" M.Ablyazovu həbs etməyə hələ tələsmir. Belə təəssürat yaranır ki, cinayətkara sadəcə belə məsləhət görülüb ki, gözdən uzaq olsun və öz işini görsün.Bütün bunlardan belə başa düşülür ki, bu, müasir Avropanın siyasətidir-cinayətkarları onlara lazım olan məqsədlər üçün qorumaq! Əslində, bu, köhnə qitənin əski qaydadıdır, yüzilliklərdən bəri heç nə dəyişməyib. Keçmişdə cinayətkarları kilsələr himayə edirdi, bu gün isə bu işi ayrı-ayrı dövlətlər icra edirlər. Demək belə çıxır ki, əgər kiminsə aktivində böyük miqdarda pulu varsa, hansısa əlaqələrlə malikdirsə, o ədalət məhkəməsindən qorxmaya bilər, Avropada sərbəst yaşaya bilər.
Alim Hüseynli