İran seçkilərə qədər parçalana bilər - AÇIQLAMA
Yevda Abramov: “Əhmədinejadla Xamneyi arasında olan siyasi mübarizənin məntiqi nəticəsi İran cəmiyyətinin parçalanması ola bilər”
28 Fevral 2013 16:58 Siyasətİran prezidenti Mahmud Əhmədinejad ölkəni idarə edənləri dəyişmək istədiyini söyləyib. Prezident bildirib ki, sağ əli sayılan İsfəndiyar Rəhimi-Məşainin prezidentliyə namizədliyi qeydə alınmayacağı təqdirdə Ayətullah Xamneyinin nəzarəti altında olan İnqilab Şurasına seçkiləri gerçəkləşdirməyəcək. Onlar Xamneyiyə qarşı güc mübarizəsində Əhmədinejad və Məşai Xamneyinin dövlət idarəçiliyindəki təsirini azaltmaq üçün İranın Konstitusiyasını dəyişdirəcəkləri planlarını bəyan ediblər. Məşai "məscidin dövlətdən ayrılmasını" dəstəklədiyini bildirib. "İranda Xamneyi ilə Əhmədinejad arasında olan mübarizə bir il bundan əvvəl başlayıb. Xarici siyasət, bir sıra insanların nazir postlarına yerləşdirilməsi məsələlərində prezidentlə Xamneyi arasında fikir ayrılığı mövcuddur" deyən millət vəkili Yevda Abramovun sözlərinə görə məsələnin bu cür qabardılaraq gündəmə çıxarılması seçkilərlə bağlıdır: "Beynəlxalq təcrübədə də seçkilərdən qabaq bu cür ajiotajlar qəbul ediləndir. İran cəmiyyəti qapalı olduğu üçün bu dövlət haqqında əvvəlcədən siyasi proqnoz vermək çox çətindir. Mövcud tendensiya davam etsə, yaxın müddətə İranda xoşagəlməyən vəziyyət yaranacaq. Əhmədinejadla Xamneyi arasında olan siyasi mübarizənin məntiqi nəticəsi İran cəmiyyətinin parçalanması ola bilər. İranı teokratik hakimiyət idarə edir və Xamneyidən ən kiçik vəzifəli dövlət məmuruna qədər farslar din məsələlərində çox həssasdır. Məşainin irəli sürdüyü iddia isə mümkün ola bilməz. İran dünyəvi dövlət olmaq istəyirsə gərək ki, yenidən 1979-cu ilə qayıtsın. İranda dinin dövlətdən ayrılması qətiyyən mümkün deyil, Məşainin bu bəyanatı populizmdir". ("OLAYLAR" İA)