Xamneyi ilə Əhmədinejadın son döyüşü - REGİON
İranda builki prezident seçkiləri qanlı hadisələrlə yadda qalacaq
28 Fevral 2013 14:00 SiyasətBeynəlxalq təzyiqlər artdıqca İran hakimiyyəti daxilində qarşıdurmalar qızışır. İranın bölgədə, özəlliklə də Suriya məsələsində böyük oyunçu kimi oynamaq istməsinin bədəli ağır oldu. Artıq böyük güclər Suriya rejiminə paralel olaraq İranın da taleyini həll etməyi düşünürlər. Bəşər Əsəd rejiminin taleyi artıq həll onunub. Qanlı Suriya diktatoru devrilmək üzrədir. İran və Rusiya rəhbərləri Suriyada Bəşər Əsəd rejimini qoruya bilmədiklərini artıq etiraf edirlər. Ola bilsin ki, Suriyada rejimin sonu çatmamış İranda inqilabi proseslər başlasın. Hazırda molla rejimi daxilində baş verən hadisələr inqilabi proseslərin əlamətləri sayıla bilər. Bir neçə il bundan öncə baş vermiş hadisələrə görə, dini liderin qəzəbinə tuş gəlmiş İran prezidenti Mahmud Əhmədinejad bütövlükdə sistemə qarşı hücuma keçib. Yayda hazırkı prezidentin möhləti bitir. Dini lider prezidenti tamamilə sıradan çıxarmaq, müflisləşdirmək istəyir ki, sonrakı mərhələdə ona mane ola bilməsin. Əhmədinejad isə yaya qədər gücü çatdığı qədər dini lideri yıpratmaq, gücdən salmaq niyyətindədir. Belə görünür ki, prezident Qərbdə özünə müttəfiqlər tapıb. Artıq Qərb mətbuatı Əhmədinejadın apardığı suyasəti dəstəkləməyə başlayıb. "İran prezidenti Mahmud Əhmədinejad dini dövlətdən ayıracaq". Bu iddia ilə Böyük Britaniyada nəşr olunan nüfuzlu "The Times" qəzeti yazıb. Qəzet yazır ki, İran Konstitusiyasına əsasən M. Əhmədinejad üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürə bilməyəcək və o, siyasi varisi vasitəsilə mollalara qarşı müharibəyə başlayıb. Qəzetin iddiasına görə, İran prezidenti sağ qolu olan İsfəndiyar Rəhim Məşayinin namizədliyinin qəbul edilməməsi halında ali dini lideri Əli Xamneyinin nəzarəti altında olan "Şuraye Negahban"ın (İran Konstitusiyasına Nəzarət Şurası) seçkiləri həyata keçirməsinə mane olacağı ilə təhdid edib. Eyni zamanda qəzet yazır ki, ayətullah Xamneyi ilə apardıqları mübarizədə M. Əhmədinejad və İ. Məşayi ali dini liderin siyasətdəki təsirini dörd il içərisində ölkə Konstitusiyasını dəyişdirərək məhdudlaşdırmağı planlaşdırır. Adı açıqlanmayan iranlı bir mənbə isə bir yığıncaqda İ. Məşayinin "məscid və dövlətin ayrılması"nı dəstəklədiyini söyləyib. Aydınca görünür ki, molla rejimini içəridən parçalamaq istəyən Qərb Əhmədinejadın mövqelərini gücləndirmək, onu islahatçı kimi təqdim etmək, dini lideri və onun prezidentliyə namizəd irəli sürəcəyi şəxsi isə qara piarla aşağılamaq taktikası seçir. Bu gedişlə yayda keçiriləcək prezident seçkilərində əsas mübarizə dini liderlə Əhmədinejad arasında gedəcək. Siyasi analitiklərin firkrincə, hazırkı prezidentin prezidentliyə öz adayı olacaq. Bu şəxs hələ ki dini liderin tərəfdarı kimi çıxış edir. Qeydə alınandan sonra isə islahatçı kimi çıxış edəcək və Əhmədinejadın dəstəyi ilə dini liderin namizədinə əsas alternativ olacaq. Builki seçki Xamneyi İlə Əhmədinejadın son döyüşü olacaq. Ötən seçkidə dini lider Mirhüseyn Musəvi qarşısında çətin duruma düşmüşdü. Musəvi də güclü namizəd idi. Amma Əhmədinejadın bir fərqi var ki, o hazırda hakimiyyətdə təmsil olunan adamdır. Onun namizədini güc strukturları da dəstəkləyə bilər. Bu halda İranda qanlı hadisələr, toqquşmalar labüd olacaq.
Hüseyn Meşkinli