Müxalifətdən Human Rights Watch-a etiraz

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Human Rights Watch və digər beynəlxalq təşkilatların Əkrəm Əylisli ilə bağlı müraciətinə dair bəyanat imzalayıblar. "OLAYLAR"-a daxil olan məlumata görə,  AMİP-in təşəbbüsü ilə hazırlanmnış bəyanatda Ə. Əylislinin "Daş yuxular" romanı ilə Azərbaycan xalqını təhqir etməsi qeyd olunmaqla, onu xalqımızı XX əsrin əvvəllərində və sonunda erməniləri kütləvi şəkildə və qəddarcasına qətlə yetirməkdə günahlandırması, Azərbaycan xalqını vəhşi və qaniçən kimi təsvir etməsi pislənilib, əsərdə İslam dininə qarşı hörmətsizlik nümayiş etdirilməsinin yolverilməz olduğu vurğulanıb. Bəyanatda Ə.Əylislidən bu təxribatın həyata keçirilməsində "uğurla" istifadə olunduğu vurğulanır və ölkə daxilində bir qism şəxslərin qeyri-ciddi çağırışlarının da buna öz töhfəsini verdiyi qeyd edilir. Bəyanatın sonunda siyasi partiyalar Azərbaycanın 20 faiz ərazisinin işğal olunmasına, öz yurd-yuvasından didərgin düşmüş bir milyona yaxın azərbaycanlının hüquqlarının pozulmasına göz yuman bu təşkilatların hər fürsətdə dünyada azərbaycanlılarla bağlı barbar obrazı yaratmaq cəhdinin yolverilməz olduğunu bildirir, Human Rights Watch və digər beynəlxalq təşkilatları belə addımlardan çəkinməyə və anti-Azərbaycan təbliğatının aparılmasını dayandırmağa  çağırırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00