Bu iki dövləti ayrı-ayrılıqda təsəvvür etmək olmur - MÖVQE

Zəlimxan Məmmədli: “Avropanın enerji təchizatının təminində Azərbaycan və Gürcüstan beynəlxalq məsuliyyəti bölüşdürür”

Gürcüstan prezidenti Mixail Saakaşvili fevralın 27-də həmkarı İlham Əliyevlə birgə keçirdiyi brifinqdə Azərbaycanın Gürcüstan üçün əhəmiyyətindən danışıb: "Gürcüstanda siyasi vəziyyət mürəkkəbdir. Lakin heç bir amil Gürcüstan-Azərbaycan dostluğuna mane ola bilməz. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycansız Gürcüstanın gələcəyi, Gürcüstan dövlətçiliyinin inkişafı mümkün deyil". Məsələyə münasibət bildirən Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin sözlərinə görə Cənubi Qafqazın bütövlüyü məsələsi həmişə gündəmdə olub: "Əmin-amanlıq və birgə yaşayışın təməllərindən biri Gürcüstan-Azərbaycan birliyindən keçir. Gürcüstan və Azərbaycan Avropa üçün əhəmiyyətli coğrafiyadır, strateji mahiyyət daşıyır. Hal-hazırda Avropanın enerji təchizatının təminində Azərbaycan və Gürcüstan eyni məsuliyyəti bölüşdürür, biri istehsal, biri də tranzit ölkə olaraq. Təbii ki, bu coğrafiyada Gürcüstanı Azərbaycansız təsəvvür etmək qeyri-mümkündür, həm iqtisadi, həm də strateji baxımdan. Azərbaycanın da gələcək inkişafı Gürcüstansız mümkünsüzdür. Çünki, Azərbaycanın Avropaya açılan ən böyük qapısı Gürcüstandır. Bu qapı bağlanarsa, bu qapıda başqa təfəkkür hakim olarsa Gürcüstanın dünyaya çıxışı üçün ciddi maneə yaranacaq. Bu mənada Azərbaycan və Gürcüstan beynəlxalq məsuliyyət daşıyırlar" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00