ABŞ-ın Yaxın Orta Şərq planına müdaxilə Rusiyanın sonu olacaq
Moskva cılız texnikası ilə qarşı qüvvələrin önündə zəif rəqib təsiri bağışlayır
27 Fevral 2013 16:23 SiyasətABŞ dövlət katibi Con Kerri İran və Suriyaya kəskin xəbərdarlıq edərək, deyib ki, bu ölkələrin hökumətləri dəyişikliyi qəbul etməlidir, əks halda bunun ən pis nəticələri ilə qarşılacaqlar. Con Kerrinin bu bəyanatı baş vermə ehtimalı yüksək olan İsrail-ABŞ müharibəsinə söykənir. Politoloq Qabil Hüseynli hesab edir ki, ABŞ və Qərb Yaxın Orta Şərqdə İranla Rusiyaya məğlub ola bilər: "Con Kerridən əvvəl Hillari Klinton Suriya və İran mövzusunda buna bənzər bəyanatlar səsləndiriblər ki, artıq onların bu cür ifadələri insanda heç bir refleks doğurmur. Obama hakimiyyəti Suriya məsələsində ciddi xətalara yol verdi. Əvvəlcədən insanları qızışdırıb ayağa qaldırdılar, sonra da onlara heç bir yardım etmədilər. Qərb dövlətləri Suriyadakı vətəndaş müharibəsinə soyuqqanlı münasibət bəsləyir. İran və Rusiya isə çox böyük prinsipiallıqla Qərbə meydan oxuyucu tərzdə bu prosesin araxasında dayanır. Qərb sanki, ABŞ Yaxın Orta Şərqdəki planlarını Rusiya və İrana qurban verməyə hazır görünür. Ola bilsin ki, ya Qərb dəyərlərinin erroziyası başlayıb, ya da ki, Qərb liderlərini məsuliyyətsizliyi kifayət qədər daralıb. Qırğını başladıb bunun arxasından qaçmaq ABŞ-a ən böyük xəyanətdir. Əgər Con Kerrini açıqlaması kimi olmayacaqsa İran və Rusiya Suriyadakı proseslərin axarını tamamilə dəyişəcək. Faktiki olaraq bu iki dövlət Qərb üzərində özünün tarixi qələbəsini qazanacaq, Rusiya yenidən dünyada qibtə edilən tərəf olacaq və fövqəl qüvvə kimi dünyaya meydan oxuyacaq. İran da bu yolu qət edən dövlət olacaq, bundan sonra isə Qərbin məhşər günləri başlayacaq". Con Kerrinin təhlükəli bəyanatı və politoloq Qabil Hüseynlinin ehtimalları bir sıra məsələləri yenidən analiz etmək zərurətini ortaya qoydu.
Moskva maraqlarını qorumaq üçün HƏMAS və Hizbullahla da əlaqələr qurur
Rusiya SSRİ-nin super gücünü özünə qaytarmaq üçün dünyanın müxtəlif nöqtələrində hərbi texnikasının sayını artırmağa başlayıb. Kremlin ilk hədəfi əvvəlcə yaxın ətrafında güclənməkdir. Rusiya ABŞ-ı mübarizədən kənarlaşdırmaq üçün dənzi planlarını həyata keçirməyə səy göstərir. SSRİ dönəmində Rusiyanın kənarda cəmi iki dənizdə hərbi bazası vardı. Bunlardan biri Suriyanın Aralıq dənizindəki Tarsus, digəri isə Çin dənizində Vyetnama məxsus olan Kamran bazası idi. Bir müddət qabaq Rusiya Hərbi Dəniz Qüvvələri (RHDQ) komandanının mətbuata açıqlamasında Rusiyanın tezliklə Vyetnamdakı bazasını geri qaytaracağını bildirib. Rusiya planlarını həyata keçirə bilsə yaxın gələcəkdə Kuba və Hind okeanındakı Seyşel adalarında da hərbi bazalara sahib olacaq. Rusiyanın Qara dənizdə güclənmək cəhdləri isə ABŞ-la müqayisədə bu gün faktiki olaraq iflasa uğrayır. NATO 1999 və 2004-cü illərdə Qara dəniz ölkələrini - de-fakto Macarıstanla Rumıniyanı üzvlüyünə qəbul edərək dəniz hövzəsini Amerikanın təsir dairəsinə itələdi. Kreml beyin mərkəzinə görə, ABŞ kəşfiyyatının Qara dənizə sızması RF-nın dövlət təhlükəsizliyi üçün təhdiddir. Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərini işğal etməsinin səbəblərindən biri də ABŞ-ın Qara dəniz planlarına müəyyən qədər əngəl törətməkdir. Bunun məntiqi nəticəsidir ki, Gürcüstan hələ də NATO üzvlüyünə qəbul edilmir. Rusiyanın dəniz hövzəsindəki yeganə dayağı Krım yarımadasının Sevastopol limanıdır. Rusiyanın Aralıq dənizindəki hərbi gücü yalnız Suriyadakı Tarsus limanı ilə məhdudlaşır. ABŞ burada da Rusiyanın qarşısına əngəl çıxarmağı bacarıb. İspaniya hökuməti ilə razılaşmaya əsasən ABŞ Cəbəllütariq boğazında 4 dənizaltı baza qurmaq razılığını alıb. 2021-ci ilədək ABŞ boğazda iri miqyasda hərbi bazaya sahib olacaq. Baza raketdən müdafiə sistemləri və döyüş təyyarələrilə təchiz ediləcək. İspaniya ərazini 2014-cü ildə Amerikaya verəcək. Rusiyanın son zamanlarda öz hərbi gücünü artırmaqda əsl məqsəd ABŞ-ın Yaxın Orta Şərq və Çin planlarının qarşısına onun qarşısını almağı bacaran qüvvə ilə çıxmaqdan ibarətdir. Həmçinin Kreml 1991-ci ildə SSRİ-ni parçalayaraq Rusiyanın bütün qüdrətini əlindən alan Ağ Evdən qisas almaq niyyəti güdür. Sosializm rejiminin parçalanmasından dərhal sonra ABŞ Rusiyanın bütün dənizaltı hərbi bazalarını məhv etmişdi. Məhz Moskva Vaşinqtonun bütün planlarını alt-üst etməklə 90-cı illərin əvvələrindəki itkilərini konpensasiya etməyə çalışır. Suriyanın Asiyaya açılan qapı olduğunu yaxşı başa düşən Rusiya ilk növbədə Suriyanın Aralıq dənizindəki Tarsus hərbi bazasının komplektləşdirməsinə önəm verir. Hətta Rusiya Tarsus limanında daimi hərbi qərargah yaratmağı planlaşdırır. Kreml Qərbin və ABŞ-ın səylərinə baxmayaraq Suriyanın Rusiya üçün Yaxın Orta Şərqdə ən böyük silah bazası olduğunu sübut etdi. Vladimir Putinə yaxın olan politoloqlar hər nə qədər Kremlin Suriyadakı iddialarını yalanlasalar da, rəsmi Moskva belə bir bazanın Rusiyanın xeyrinə olacağına inanır. Rusiya hakimiyyətinin ABŞ-a qarşı möhkəmlənmək siyasətinin əsas oyunçularından biri də Ukraynanın Krım yarımadasında Sevastopolda inşa etdirdiyi hərbi bazadır. Kreml bu səyləri ABŞ-ın Şərqi Avropaya yerləşdirdiyi raketdən müdafiə sistemlərinə qarşı şərti refleksidir. Rusiyanı isə indiki məqamda daha çox Suriya və İranın taleyi maraqlanıdırır. Moskva öz maraqlarını qorumaq üçün HƏMAS, İran, Hizbullahla da əlaqələrə girir. Digər tərəfdən RF prezidenti Vladimir Putinin göstərişinə əsasən Rusiya 2020-ci ilədək hərbi texnikaya 200 milyard dollar sərmayə xərcləyəcək. Buna qarşılıq isə təkcə ABŞ-ın hərbi büdcəsi 1 trilyon dollara yaxındır.
ABŞ təkcə nüvə arsenalı ilə dünyanı yer üzündən silmək iqtidarındadır
Rusiyanın Hərbi Texnologiya Şirkəti silah ixracatını son 10 ildə üç qat artırıb, silahların ixrac dəyəri isə 15.2 milyard dollardır. Alınan sifarişlərin ümumi portfeli isə 46 milyard dollardan çoxdur. 15.2 Rusiya üçün fantastik rəqəm hesab olunur. Məlumat RHTŞ-ın prezidenti Aleksandr Fomin tərəfindən təsdiq edilib. Rusiyanın əsas silah bazarı Suriya, Əfqanıstan, Tanzaniya, Oman, Qana, Qazaxıstan və s.dir. Rusiya ümumilikdə 55 ölkə ilə silah ticarəti edir. ABŞ-ın silah ixracatının dəyərini təyin edən rəqəm isə 100 milyard dollardır. Amerika çox az sayda ölkə istisna olmaqla demək olar ki, bütün dünya ilə silah ticarətindədir. Rusiyanın Amerika ilə müqayisədə dünya ölkələrindəki əsgəri güclərinin olduğu dövlətlər olduqca azdır. Post-sovet məkanı (Azərbaycan, Gürcüstan, Latviya, Litva və Moldova istisna olmaqla) Rusiya canlı qüvvələrinin cəmləşdiyi əsas məkandır. Bu ərazilərdən başqa çox az sayda Suriya və İranda da rus əsgərləri mövcuddur. ABŞ-ın isə 150 ölkədə 350 mindən çox əsgəri var. Nüvə silahlarının sayında isə hər iki dövlət arasında açıq fərlər var. ABŞ-ın Rusiyadan 300-dən çox atışa hazır vəziyyətə gətirilmiş nüvə silahı var. "ICBM", "SLBM" və ağır bombardmançı döyüş təyyarələri daxil olmaqla ABŞ-ın cəmi 822 ədəd nüvə mərmisi var. Rusiyada isə cəmi nüvə silahının sayı 516 ədəddir. ABŞ-ın 1790 nüvə başlığı olduğu halda Rusiyada isə bu göstərici 1566-dır. Məlumatlar Stokholm Beynəlxalq Sülh İnstitutu tərəfindən dərc edilən məlumatlarda yer alıb. İnstitutun məlumatına görə isə İsrailin cəmi 80 ədəd nüvə mərmisi var. 80 rəqəmi də müəyyən mənada ABŞ-ın nüvə arsenalına daxildir. Çünki, ABŞ-ın xarici siyasət xəttini müəyyən edən əsas fiqur məhz İsraildir. Rusiya və ABŞ-ın hərbi gücünə səthi baxış bir daha onu sübut edir ki, rəsmi Moskva istənilən cəbhədə, siyasət masasında Vaşinqtona uduzmağa məcburdur. Çünki, ABŞ Qərbi, Şərqi Avropa, Şimali Afrika, Ərəbistan yarımadası, Cənubi-Şərqi Asiya, Avstraliya, Yeni Zellandiya, Yaponiya və demək olar ki, Avrasiya materikinin bütün nöqtələrindən Rusiyaya nəzarət edir. ABŞ-a Rusiya ilə mübarizədə üstünlük qazandıran əsas amillərdən biri də dünya ölkələrinin böyük əksəriyyətinin ABŞ-dan yana olmasıdır. Tam mənada demək olar ki, ABŞ bu gün demokratiya və super gücü ilə dünya dövlətləri üçün brenddir. Qərbin indiki məqamda Suriya məsələsində passivlik nümayiş etdirməsinin səbəblərindən biri Suriyada baş verən vətəndaş müharibəsinin əslində kənar müdaxilə olmadan başa çatması imicini formalaşdırmaqdır. Digər tərəfdən isə Bəşər Əsəd rejiminin yıxılması labüddür. Artıq, İsrail və ABŞ-ın İranla müharibəyə start verməsi Suriyada Bəşər Əsəd rejimin devrilməsindən xəbər verir. Çox yaxın müddətdə Əsəd Qərb və Amerikanın kəşfiyyat orqanlarının qurbanı ola bilər. Bu isə faktiki olaraq yəhudi və amerikalıların İrana gedən yolunun üzərinə yaşıl işıq yandıracaq. Qərb heç bir vəchlə Amerikaya xəyanət edə bilməz. Çünki, bu gün Qərbin siyasət xətti elə müəyyənləşdirilib ki, bütün Avropanın varlığı ABŞ-ın super gücünün saxlanıb qorunmasından keçir. Odur ki, Qərb gələcəkdəki varlığını itirməmək üçün Amerikanın bütün planlarında strateji tərəfdaşlıq rolunu qoruyacaq. Qərb heç vaxt Rusiyanın yenidən imperiya olmasına razı olmayacaq. Rusiyanın köhnəlmiş imperialist ambisiyaları isə indiki və tarixin ayrı-ayrı dövrlərində kəskin etirazla qarşılanıb. ABŞ-ın və Qərbin sahib olduğu nüvə arsenalı bəs edir ki, Rusiya istəmədiyi halda planlarından geri çəkilsin. Rusiya Qərb, ABŞ, NATO və Aİ ilə müqayisədə cılız texnikası ilə qarşı qüvvələrin önündə zəif rəqib təsiri bağışlamaq istəmir. Rusiya bu qüvvələrlə açıq mübarizədən çəkinir. ABŞ-ın apardığı istənilən mübarizəyə müdaxilə Rusiyanın sonu olacaq. ABŞ-ın bu gün müəyyən etdiyi siyasi xətt Rusiyanı parçalamaqdır. Bundan sonra Rusiyanın bu gün nümayiş etdirdiyi ssenari qürur məsələsidir.
Mənsur Rəğbətoğlu