İbrahimbəyov düşərgəsində parçalanma - SİYASİ ŞƏRH
İnsanlar El hərəkatı ilə Milli Şuranın arasında qalıblar
27 Fevral 2013 15:24 SiyasətKinodramaturq Rüstəm İbrahimbəyov xaricə səfərə gedəndən onun başladığı iş yarımçıq qalıb. Ziyalılar Forumu fəaliyyətsizdir, Milli Şura elan edilmir, El hərəkatı ideyası uğur qazanmadı. Siyasi müşahidəçilər hesab edirlər ki, buna səbəb bəzi dairələrin siyasi oyunları, sözügedən qurumları öz mənafeyinə xidmət etdirmə cəhdidir. Bu qruplardan biri Eldar Namazovun rəhbərlik etdiyi "Ağrıdağ"çılar qrupudur. Bu qrup Ziyalılar Forumunda Eldar Namazov, İctimai Palatada K.Nağıbəyli, Müsavatda Arzu Səmədbəyli ilə təmsil olunur. Onların istədiyi yalnız öz qruplarına daxil olan şəxsin öndə olmasıdır. Bu qrup Ziyalılar Forumunda Eldar Namazovun prezidentliyə namizəd olmasını istəyir. Maraqlıdır ki, ağrıdağçı elektoratı özünə tərəf çəkmək üçün Rüstəm İbrahimbəyov da Eldar Namazovun prezidentliyə namizəd olmasını istəyir. Amma Əkrəm Əylisli hadisəsindən sonra bu taktika da dəyişib. Məsələ burasındadır ki, Eldar Namazov Əkrəm Əylislinin öz əsərində təhqir etdiyi adamlara güvənir. Başda Rüstəm İbrahimbəyov olmaqla Ziyalılar Forumu Əkrəm Əylislini dəstəklədilər. Eldar Namazov da çıxılmaz vəziyyətə düşüb. Yuxarıda sözügedən elektoratın dəstəyini almaq üçün Ziyalılar Forumunun Əylislini kəskin tənqid etməsi lazım idi. Amma bu, baş vermədi. Ona görə də hazırda İbrahimbəyov düşərgəsində çaşqınlıq yaranıb. Düşərgədə parçalanma qaçılmazdır. Bu günlərdə Rafiq Əliyevin "El hərəkatının bizə aidiyyatı yoxdur" fikri də parçalanmanın əlamətlərindəndir. Məlumdur ki, Ziyalılar Forumu radikal müxalifət partiyalarını, müstəqil QHT-ləri birləşdirən böyük koalisiya-Milli Şuranın yaranmasında maraqlıdır. Eldar Namazovun qrupu isə El hərəkatı yaratmaqla İctimai Palataya alternativ qoymaq niyyətindədir. Siyasi kuluarlarda gedən söhbətlərdən aydın olur ki, Rüstəm İbrahimbəyov El hərəkatının yaranmasında maraqlı deyil. Rafiq Əliyevin El hərəkatına qarşı çıxması əslində İbrahimbəyovun mövqeyi kimi qiymətləndirilir. Ehtimal edilir ki, Əkrəm Əylislinin Ziyalılar Forumunu çətin vəziyyətə salması İbrahimbyov düşərgəsində bölünməni qaçılmaz edib. Bölünmə nədən ibarətdir? Baş verənlərdən sonra Eldar Namazov siyasi fiqur kimi önəmini itirir. İbrahimbəyovun Ziyalılar Forumu onu prezidentliyə namizəd kimi dəstəkləməyəcək. Bu halda Namazovun qrupu müstəqil təşkilat kimi çıxış etmək zorunda qalacaq və El hərəkatı yaranacaq. Ziyalılar Forumu İP-ə alternativ yaratmaq istəmədiyindən nə "El"i, nə də Eldar Namazovu dəstəkləməyəcək. Maraqlıdır ki, İbrahimbəyov düşərgəsində parçalanma olarsa, bu düşərgə ənənəvi müxalifət üçün də cəlbedici olmayacaq.
Hazırda Rüstəm İbrahimbəyov ölkədə deyil. Açıqlamalarından görünür ki, kinodramaturq ölkəyə dönmək istəmir. O, Azərbaycana gəlmədikcə, İbrahimbəyov düşərgəsində arzuolunmaz proseslər davam edəcək. İbrahimbəyov ölkəyə qayıtdıqdan sonra hazırki situasiyaya aydınlıq gətirmək lazım gələcək. Ya Ziyalılar Forumu Əkrəm Əylislini sıralarından xaric etməli (Eldəniz Quliyev də bildirib ki, Əylisli ZF-a ciddi zərbə vurub), ya da Eldar Namazovla yolları ayırmalıdır. Nəhayət, İbrahimbəyov ona ümid edənlərə mesaj verməlidir: ya İP-ə alternativ olan namazovçuların marağına uyğun olan El hərəkatı yaranır, ya da daha geniş koalisya kimi nəzərdə tutulan Milli Şura.
Ərhun Abbas