Nurəddin Məmmədli: “Müəyyən qüvvələr var ki, AXCP-dən bəzi nümayəndələri özlərinə çəkməyə çalışırlar”

AXCP sədrinin müavini Nurəddin Məmmədli partiyada görülən işlər və gələcək planlar barədə "OLAYLAR"a danışdı. N.Məmmədlinin sözlərinə görə fevralın 25-də keçirilən AXCP-in Rəyasət Heyətinin iclasında bəzi məsələlər müzakirə edilib. "İclasda eyni zamanda 6-7 rayonda keçirilmiş iclaslar, məclislər, sorğuların nəticələrini müzakirə etdik. Həmçinin bölgələrdə tədbirlərin təşkil edilməsi barədə tapşırıqlar verildi. Saatlıda baş verən hadisələrin nəticələri barədə fikir mübadiləsi apardıq. Müəyyən qüvvələrin məzarları dağıdıb AXCP-in üstünə atmalarının yolverilməz olduğunu bildirdik. Baxmayaraq ki, bəzi qüvvələr partiyanın təşkilatlanmaq işinə maneə olurlar, bütün bunlara baxmayaraq AXCP öz fəaliyyətini davam etdirəcək" deyən Nurəddin Məmmədlinin sözlərinə görə Saatlı rayon təşkilatı AXCP-in ən güclü dayaqlarından biridir: "Gələcəkdə orada 200-300 nəfərlik müşavirənin keçirilməsi nəzərdə tutulub. Digər siyasi qüvvələrlə əməkdaşlıq istiqamətində görüşlərimiz olacaq. Bu görüşlərlə bağlı müzakirələr aparırıq. Son zamanlarda Azərbaycanda baş verən prosesləri müsbət dəyərləndiririk. Azərbaycanı narahat edən əsas məsələlərdən biri Xocalı soyqırımıdır. Xocalı bizim çiynimizə yüklənmiş taleyüklü məsələdir və biz özümüz bunu həll etməliyik". Sədr müavini həmçinin bir müddət əvvəl mətbuatda AXCP-nin "Kölgə kabineti"nin dərc edilmiş siyahısı barədə məsələyə də aydınlıq gətirdi: "AXCP-in "Kölgə Kabineti" ilə bağlı dərc edilən siyahıda hətta mən "mükafatlandırılmışam". Bunu qeyri-ciddi, məsuliyyətsiz bir hərəkət kimi qiymətləndiririk. Bu cür siyahıların dərc edilməsi böyük eybəcərlikdir. Həmin amildən öz məqsədləri üçün istifadə etməyə çalışan qüvvələr var ki, AXCP-dən bəzi nümayəndələri öz tərəflərinə çəkməyə çalışırlar, AXCP daxilində intriqanın yaradılmasına nail olmağa səy göstərirlər" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00