Ermənistanda nə baş verir? - REGİON
Demokratiya görüntüsü yaratmağa xidmət edən “inqilab”
27 Fevral 2013 14:33 SiyasətErmənistanda fevralın 18-də keçirilən prezident seçkilərində qələbə qazandığı iddia edilən Serj Sərkisyanın ikinci dəfə dövlət başçısı postuna sahib olması ilə daxili və xarici siyasətdə müəyyən problemlər özünü göstərməyə başladı Seçkilərdə ikinci nəticə göstərən sabiq xarici işlər naziri Raffi Ovanesyanın bununla razılaşmayaraq tərəfdarlarını səslərinin qorunması uğrunda mübarizəyə çağırması ölkədə onsuz da pis olan vəziyyəti daha da gərginləşdirib. Daxili siyasi böhran dövrünü yaşayan Ermənistanda bundan sonra hansı proseslərin cərəyan edəcəyi həm ölkənin özündə, həm də ondan kənarda diqqətlə izlənilir. Raffi Ovanesyanın öz tərəfdarlarına sona qədər mübarizə aparılacağı barədə çağırış etməsi və ölkədə keçirilən mitinqlərə qatılan insanların sayının hər ötən gün artması növbəti inqilab məkanının Ermənistan olacağından xəbər versə də, fərqli düşünənlər də var. Xüsusilə, bu cür fərqli düşüncə Ovanesyanın Serj Sərkisyanla görüşündən sonra daha çox yayılıb. Seçkinin nəticələrinin açıqlanmasından sonra Ovanesyanı qəbul edən Serj Sərkisyanın sabiq XİN rəhbəri ilə ümumi razılığa gəldiyi də bildirilir. Düzdür, erməni kütləvi informasiya vasitələri Sərkisyan-Ovanesyan görüşündən dərhal sonra ikincinin baş nazir postuna iddialı olduğu və bu səbəbdən görüşün müsbət sonluqla başa çatmadığı barədə xəbərlər yaysalar da, müstəqil ekspertlər bu informasiyanın hakimiyyət tərəfindən ortaya atıldığı qənaətindədirlər. İddia olunur ki, Sərkisyan-Ovanesyan görüşündə tərəflər ümumi razılığa gəliblər. Bu razılıq isə ondan ibarətdir ki, sabiq xarici işlər nazirin tərəfdarlarının etiraz aksiyası hələ bir müddət davam edəcək. Yalnız bir neçə ay davam edən kütləvi aksiyalardan sonra Serj Sərkisyan və Raffi Ovanesyan ilk görüşdə əldə etdikləri, lakin cəmiyyətdən gizli saxladıqları razılaşmasını açıqlayacaqlar. Həmin razılaşmaya əsasən Raffi Ovanesyanın Miras Partiyasının bir sıra nümayəndələrinə hakimiyyətin müxtəlif strukturlarında yer veriləcək. Sabiq xarici işlər nazirinin də Sərkisyanın səxavətindən kənarda qalmayacağı bildirilir. Eskpertlər hesab edirlər ki, Sərkisyan və Ovanesyan arasında əldə edilən razılıq bir neçə detalı özündə ehtiva edir.
Birincisi, məqsəd Qərbdə demokratiya görüntüsü yaratmaqdır. Belə ki, son illər, xüsusilə 2008-ci ilin prezident seçkilərindən sonra Ermənistanda antidemokratik mühitin hökm sürdüyü, ölkədə insan hüquq və azadlıqlarının pozulduğuna dair həm beynəlxalq təşkilatlar, həm də yerli hüquq müdafiə təşkilatları tərəfindən fikirlər səslənir. Hətta bir sıra beynəlxalq təşkilatların hesabatlarında da Ermənistanda antidemokratik mühitin mövcudluğu barədə faktlar yer alır. Hazırkı vəziyyətdə isə hakimiyyətin müxalifətlə razılığa getməsi Ermənistanda demokratiya görüntüsü yarada, Qərbdə prezident Serj Sərkisyanın demokratik bir dövlət başçısı kimi imicinin formalaşmasına gətirib çıxarar. Müxalifətlə əldə edilən uzlaşma xaricdəki erməni lobbisi ilə Sərkisyan arasında mövcud olan sərin münasibətlərə də bir qədər istilik qata bilər. 2008-ci ilin mart hadisələrindən erməni lobbisi tərəfindən Səkisyana qarşı formalaşmış mənfi rəyin aradan qaldırılmasında hakimiyyət-müxalifət anlaşması yaxşı vasitə sayılır. Bu erməni lobbisinin ölkəyə maliyyə yardımlarının artmasına gətirib çıxaracaq ki, bu da heç şübhəsiz ki, ilk növbədə Sərkisyanın maraqlarına xidmət edəcək.
Planlı şəkildə yaradılan demokratiya görüntüsü Ermənistana əlavə yardımların ayrılmasına da yol aça bilər. Belə ki, hər il həm Birləşmiş Ştatlar Dövlət Departamenti, həm də Avropanın ayrı-ayrı təşkilatları tərəfindən Cənubi Qafqaz ölkələrinə demokratiya və siyasi islahatların həyata keçirilməsi məqsədilə ayrılan maliyyə vəsaitindən Ermənistan daha çox yararlana bilər.
İkinci, daha doğrusu, ən başlıca məqsəd "Ermənistanda daxili siyasi gərginlik mövcuddur" adı ilə Dağlıq Qarabağ problemi və bu problemin həlli ətrafında həyata keçirilən fəaliyyəti əngəlləməkdir. Hər zaman Qarabağ kartından istifadə edərək öz postunu qoruyub saxlamağı bacaran Sərkisyanla Ovanesyanı birləşdirən ortaq məsələ də məhz Dağlıq Qarabağ problemi və bu problem ətrafında cərəyan edən proseslər olub. Ermənistan prezidenti sabiq xarici işlər nazirini inandıra bilib ki, indiki məqamda ölkədə hakimiyyət dəyişikliyinin baş verməsi Dağlıq Qarabağ məsələsində İrəvanın ziyanına olar Ən yaxşı variant daxili-siyasi gərginlik görüntüsü ilə mövcud status-kvonu saxlamağa cəhd göstərməkdir. Məlumat üçün qeyd edək ki, Dağlıq Qarabağ problemi Ermənistan siyasi dairələrinin hər zaman ortaq məxrəcə gələ biləcəyi bir məsələdir. Hətta Sərkisyan hakimiyyətinə qarşı barışmaz mövqedə dayanan keçmiş prezident Levon Ter-Petrosyan da hələ 2008-ci ildə Qarabağ məsələsnə görə bütün iddialarından geri çəkilməsi mümkünlüyünü səsləndirmiş və mart hadisələrindən bir qədər sonra Sərkisyan hakimiyyətinin bilərəkdən Azərbaycanla təmas xəttində atəşkəs rejimini pozmasından sonra seçkilərdə oğurlanmış səslərin geri alınması uğrunda mübarizəsini dayandırmışdı. Bu da öz-özlüyündə Qarabağ kartının hər zaman Ermənistan siyasətində önəmli faktor olduğunu təsdiqləyir.
Nəhayət, tərəflərin razılıq əldə etməsində mühüm rol oynayan üçüncü amil qondarma "erməni soyqırımı" istiqamətindəki çalışmalardır. Qondarma soyqırımın 100 illiyinə ciddi şəkildə hazırlaşan bütün siyasi dairələrin 2015-ci ilə qədər yalnız bu istiqamətdə fəaliyyət göstərməsi Sərkisyan-Ovanesyan görüşündə vacib amil olaraq qeyd edilib.
Süleyman İsmayılbəyli