Cəmil Çiçək Azərbaycan nümayəndə heyətini qəbul edib

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təmsilçiləri Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə,  görüşdə Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşən Cəmil Çiçək deyib ki, 21 ildir qardaşlarımızın acısını ürəyimizdə hiss edirik. 21 il əvvəl insanlıq tarixinin yaşamadığı bir acını yaşadıq. Daha sonra Türkiyə Parlamentinin rəhbəri dünyada mövcud olan ikili standartlardan danışıb: "Hər hansı problemdə ayağa qalxan dünya təəssüf  ki, Xocalı soyqırımına aradan 21 il keçməsinə baxmayaraq, heç bir reaksiya vermədi, etiraz bildirmədi". Cəmil Çiçək bu problemin sadəcə azərbaycanlıların deyil, bütün türk millətinin ortaq məsələsi, dərdi olduğunu da vurğulayıb. Dövlət Komitəsinin məlumatına görə,  Cəmil Çiçək Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyətini də qəbul edib. Nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin üzvləri Qənirə Paşayeva, Musa Qasımlı, Yaqub Mahmudov, AMEA-dan Rəna Mirzəzadə və Cəbi Bəhramov olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00