Bəşəriyyət əleyhinə törədilmiş cinayət

Xocalı faciəsi əsrin ən dəhşətli soyqırımı hadisəsidir

Danılmaz faktdır ki, Dağlıq Qarabağ müharibəsində ermənilər bütün beynəlхalq hüquq normalarının, eləcə də müharibə qanunlarının ziddinə olaraq insanlığa və bəşəriyyətə qarşı hər növ cinayətlərə əl atıblar. Bəşəriyyət əleyhinə olan bu cinayətlər həm Azərbaycan qanunvericiliyində, həm də beynəlхalq hüquqda soyqırımı hadisəsi kimi hüquqi şərhini tapıb. Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürüdür. Tarixi həqiqətdir ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Onlar tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. Hələ 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş və onlar Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişlər. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr, erməni ideoloqlarının "dənizdən-dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək üçün bütün cinayət və vəhşiliyə hazır olduğunu bir daha nümayiş etdirdi.

XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir zamana qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Beləliklə, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü. Təəssüf ki, uzun müddət Xocalı soyqırımı öz hüququ quymətini ala bilmədi. Yalnız ümummilli lider Heydər Əliyevin 1994-cü il fevralın 24-də imzaladığı fərmanla həmin gün xalqımıza qarşı törədilən soyqırımı aktı kimi qeyd edilməyə başlandı. Xocalı hadisələrini həm faciə, həm də xalqımızın qəhrəmanlıq salnaməsi adlandıran Heydər Əliyev şəhərin müdafiəçilərinin xidmətləri ilə bağlı sərəncam da imzaladı. Bununla dünyaya  bəyan edildi ki, Xocalı faciəsi bütün azərbaycanlıların dərdi, törədilən vəhşiliklər isə bütün bəşəriyyətə qarşı yönələn cinayətdir. Məhz bu cür yanaşmadan sonra aparılan təbliğat öz nəticəsini verdi. Görülən əməli işlərin nəticəsində bu faciə lokal məkandan çıxaraq beynəlxalq səviyyədə tanınmağa başlandı. Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyəti yetərincə məlumat əldə etdi. Xaricdə yaşayan soydaşlarımız bu işə yaxından cəlb olundu. Nəticədə erməni təcavüzü, onun işğalçılıq siyasəti, Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik, bir sözlə, o günə qədər dünyaya naməlum qalan çox həqiqətlərin üstünə işıq salındı. Artıq 

bu gün Xocalı soyqırımı dünyanın bir çox ölkələrində qeyd edilir, rəsmən tanınır, qəti şəkildə pislənir. Eləcə də bir sıra ölkələrin qanunvericilik orqanları Xocalı faciəsinin soyqırımı kimi tanınmasına dair qərarlar qəbul etməkdədirlər.

Məlum olduğu kimi, bu ilin yanvar və fevral aylarında ABŞ-ın Nyu-Meksika və Arkanzas ştatları da Xocalıda baş verənlərin soyqırımı kimi tanınmasına dair qətnamələr qəbul etmişlər. Bunadək isə Xocalı faciəsi ABŞ-ın Massaçusets, Texas, Nyu-Cersi, Corcia və Meyn ştatlarının qanunvericilik orqanları tərəfindən tanınmışdır.  Bundan başqa, fevralın 7-də Çexiya parlamenti 21 il əvvəl "erməni hərbi bölmələri tərəfindən Azərbaycanın işğal olunmuş Xocalı şəhərində 613 müdafiəsiz dinc sakinin vəhşicəsinə qətlə yetirilməsi ilə törədilmiş qırğına görə"  Ermənistanı pisləyən qətnaməni yekdilliklə qəbul etmişdir. Həmin cənəddə qeyd olunur ki, "bu qırğın haqqında dünyanın bir çox kütləvi informasiya vasitələri məlumat yaymış və bu hadisə "Human Rights Watch//Helsinski" təşkilatı tərəfindən erməni hərbi qoşunlarının münaqişə zonalarında dinc əhaliyə münasibətdə beynəlxalq hüququn adi normalarının pozulması kimi bəyan edilmişdir". O da xüsusi vurğulanır ki, "insanlığa qarşı törədilən bu cinayəti bir çox dünya hökumətləri də pisləmişlər". Qəbul edilmiş sənəddə o da qeyd edilir ki, "Azərbaycan torpaqlarının qonşu Ermənistan tərəfindən işğalına son qoyulmasına çağıran BMT-nin Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri indiyədək yerinə yetirilməmişdir. BMT Baş Məclisi, Avropa Parlamenti, Avropa Şurası və ATƏT-in Parlament Assambleyası öz qətnamələrində Azərbaycan Respublikasının Dağlıq Qarabağ da daxil olmaqla suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirlər". Nəhayət, qətnamənin sonuncu paraqrafında deyilir: "Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsi müdafiəsiz dinc əhaliyə qarşı törədilmiş etnik təmizləməni, qırğın və soyqırımı hallarını törədilmə vaxtından və yerindən asılı olmayaraq pisləyir. Bütün bu cür aktları pisləyən, qəbul edilmiş qətnamələrin ardıcıllıqla yerinə yetirilməsinə çağırırıq. Bu kontekstdə Xocalıda törədilmiş qırğını insanlığa qarşı cinayət hesab edərək, onu pisləyir və rədd edirik. Bununla həmin faciənin 21-ci ildönümünü anır və Azərbaycan xalqına başsağlığı veririk".

Beləliklə, Çexiya parlamenti Avropa İttifaqında Ermənistanı Xocalıda bəşəriyyət əleyhinə törətdiyi cinayətlərə görə pisləyən ilk qanunverici orqan olmuşdur. Çexiya bu qətnamə ilə Dağlıq Qarabağ regionunu Azərbaycan Respublikasının tərkib hissəsi kimi, Ermənistanı isə bu ərazini işğal etmiş, Xocalıda ən ağır cinayətin törədilməsində təqsirkar olan dövlət kimi tanıdığını bir daha rəsmən təsdiq etmişdir.  Onu da xatırladaq ki, ötən il Meksika, Pakistan və Kolumbiya senatları da Xocalı soyqırımının tanınmasına dair müvafiq qərarlar vermişlər. Həmin qərarlarda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törətdikləri soyqırımı pislənilmişdir.

Bu il Xocalı faciəsinə beynəlxalq siyasi-hüquqi qiymət verilməsi istiqamətində atılan daha bir addım - Ağ Evin rəsmi saytında Xocalı qırğınını pisləməyə çağıran petisiyanın yerləşdirilməsidir. Bu addım ABŞ Prezidenti administrasiyasının diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal olunması faktına cəlb etməyə yönəldilmişdir. Bu petisiya üzrə tələb olunan 100 min imza artıq yığılmışdır. İndi Amerika ictimaiyyəti, eləcə də tərəqqipərvər dünya ABŞ Prezidentindən ölkə vətəndaşları qarşısında verdiyi vədin yerinə yetirilməsini - 21 il bundan əvvəl erməni hərbçilərinin Azərbaycan xalqına qarşı qanlı cinayətini pisləyən tarixi bəyanatını gözləyir. Bəli, dünya artıq qəbul edir ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayətdir. Bu cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı faciəsinə əsl soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Çünki bu soyqırımı cinayəti azərbaycanlı milli qrupuna qarşı yönəlməsidir ki, bunun üçün də tutarlı hüquq əsaslar mövcuddur. 

Belə ki, BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tariхli 260 saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyaya uyğun olaraq demək mümkündür ki, baş verən cinayətlər tanınan azərbaycanlı milli qrupa qarşı yönəlib, bu qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti olub. Onu da qeyd edək ki, Xocalı soyqırımının beynəlхalq cinayət kimi tanınması üçün kifayət qədər beynəlхalq hüquqi sənəd mövcuddur. 

Bunlar BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tariхli 260 saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırım Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvsiyaya, Nürnberq Hərbi Tribunalının Nizamnaməsi, Yuqoslaviya Beynlхalq Cinayət Tribunalının Nizamnaməsi, Ruanda Beynəlхalq Cinayət Tribunalının Nizanaməsi və Beynəlхalq Cinayət Məhkəməsinin Statutundan ibarətdi. Məhz bu sənədlərin müddəalarına əsasən ermənilər tərəfindən Xocalı əhalisi olan azərbacanlılara qarşı törədilmiş bütün əməllər soyqırımı kimi qiymətləndirilə, beynəlхalq hüquq prinsiplərin əsasən bəşəriyyətə qarşı cinayət hesab oluna bilər. 

Alim 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00