Vitse-spikerdən Ermənistan açıqlaması
“Azərbaycanın səylərini heçə endirmək üçün hər cür təxribata əl atır”
26 Fevral 2013 15:22 Siyasət"Ötən 21 il ərzində Azərbaycan dövləti və ictimaiyyəti bu Xocalı faciəsinin dünya ictimaiyyəti, beynəlxalq təşkilatların diqqətinə çatdırmaq üçün bütün imkanlarından istifadə etməyə çalışıb. Bəzi hallarda müəyyən uğurlarımız olub". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına Milli Məclisin vitse-spikeri Bahar Muradova səsləndirib. Bildirib ki, bir çox hallarda isə beynəlxalq ictimaiyyətin bu məsələyə münasibətindən haqlı olaraq narazılığımızı ifadə edirik: "O cümlədən, ATƏT-in Minsk qrupu həmsədrlərinin bu cür məsələlərdə ermənilərlə azərbaycanlılara həmişə balanslı münasibət sərgiləməsi bizi ağrıdıb və bu bardə fikirlərimizi açıq şəkildə bəyan etmişik". Bahar Muradova onu da bildirib ki, müəyyən qədər məqsədyönlü fəaliyyət göstərəndə dünya ictimaiyyətinin bu məsələyə diqqətini yönəltmək, qərarları əldə etmək mümkündür: "Bir-birinin ardınca Xocalı faciəsinə ayrı-ayrı ölkələrin parlamentləri və onların müvafiq komitələri, beynəlxalq qurumlar özünün adekvat qiymətini verirlər. Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün çağırışlar edirlər. Bunun konkret misalları var. Bu, ölkəmizin rəsmi diplomatiyasının, parlament diplomatiyasının və bütövlükdə Azərbaycan cəmiyyətinin öz dostları apardığı birgə işin nəticəsdir. Amma bu gün istər Xocalı faciəsinə siyasi-hüquqi qiymətin verilməsi, istərsə də onu törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi baxımından görülən işlər hələ kifayət deyil. Ona görə də, bu iş bütün istiqamətlərdə davam etdirilməlidir". Vitse-spiker deyib ki, Azərbaycanın səylərini heçə endirmək üçün Ermənistan hər cür təxribata əl atır: "Bunun üçün ermənilər istər ölkəmizin daxilindəki bəzi dairələrin fəaliyyətindən, istərsə də, xarici amillərdən yararlanır. Müəyyən beynəlxalq dairələr də ermənilərin bu təxribatlarından yararlanırlar.