Beynəlxalq Diaspor Mərkəzinin Gənclər Təşkilatı Xocalı faciəsini yad etdi
25 Fevral 2013 17:38 SiyasətBeynəlxalq Diaspor Mərkəzinin Gənclər Təşkilatı və kollecin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar Şuşa musiqi kollecində anım tədbiri keçirilib. İlk öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə açan kollecin direktor müavini Telman Hümbətov Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı qısa məlumat verib. Daha sonra tədbirdə iştirak edən qonaqlar, şair, pulisist German Əlioğlu, filologiya elmləri doktoru Zamiq Təhməzov, Elçin İsmayılov, BDM-in sədr müavini Samir Adıgözəlli, Xocalı hadisəsinin şahidlərindən olan Zahid Qarayev, Milli qəhrəman Asif Məhərrəmov fondunun prezidenti Ədalət Məhərrəmov, tanınmış gitara ustası Rəhman Məmmədli, kollecin nəzəriyyə şöbəsinin müdiri Lətafət Rəhimova çıxış edərək ermənilərin Xocalıda həyata keçirdikləri qətliam haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Tədbirdə həmçinin Tatarıstanın Azərbaycandakı səfirinin müavini Nicat Əsgərov, Dövlət Neft şirkətinin nümayəndəsi Abbas Nəbiyev, AMEA-nın əməkdaşı, psixologiya elmləri doktoru İmdad Bayramov, QHT təmsilçiləri, kollecin müəllim və tələbə heyəti tədbirdə iştirak edib. Tədbirin təşkilatçısı, Beynəlxalq Diaspor Mərkəzinin Gənclər Təşkilatının sədr müavini, eyni zamanda kollecin müəllimi Tural Məmmədlinin rəhbərlik etdiyi sinfin tələbələri ilə hazırladığı "Qəflət" adlı musiqili, ədəbi-bədii kompozisiya mərasim iştirakçılarına nümayiş etdirilib. Sonda Tural Məmmədlinin müəllifi olduğu "Qəflət" əsəri ilk dəfə olaraq pianinoda solo ifa kimi səsləndirilib.