100-dən artıq QHT beynəlxalq təşkilatlara müraciət etdi
25 Fevral 2013 17:14 SiyasətXocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar olaraq bir sıra qeyri-hökumət təşkilatlarının iştirakı ilə dəyirmi masa keçirilib.Milli Qeyri Hökumət Təşkilatları Forumu və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə açan Milli QHT Forumunun prezidenti Rauf Zeyni 1992-ci ilin fevralında ermənilərin Xocalıda tərətdikləri vəhşiliklərdən danışıb. Bildirib ki, ermənilər həmin gün ruslara məxsus 366-cı alayın köməyi ilə Xocalıya hücum edərək burada insanlığa sığmayan hərəkətlər, əsrin faciəsini törədiblər. Nəticədə 613 nəfərin həlak olduğu, minlərlə soydaşımızın xəsarət aldığını deyən Rauf Zeyni Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönılü fəaliyyət göstərir. Milli QHT Forumunun prezidenti xüsusilə bu istiqamətdə Heydər Əliyev Fondu və onun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın göstərdiyi fəaliyyətin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Rauf Zeyninin sözlərinə görə, artıq bir neçə ildir ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası çərçivəsində bir sıra uğurlar əldə edilib. Rauf Zeyni buna misal olaraq bir neçə ölkə parlamentində Xocalı faciəsinin tanınmasını göstərib: "Ancaq təəssüflə qeyd etmək istərdim ki, hələ də bir sıra dövlətlər, beynəlxalq təşkilatlar ikili standartlardan çıxış edir, Xocalı faciəsini tanımaq istəmirlər. Ümid edirik ki, tezliklə haqq-ədalət öz yerini tapacaq və Xocalıda əsrin cinayətini törədən insanlar öz cəzasını alacaqlar. Eyni zamanda Xocalı hadisəsi tezliklə bütün dünyada soyqırım olaraq tanınacaq". Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri llham İsmayılov rəhbərlik etdiyi qurumun Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, ATXƏM hər il Strasburqda Xocalı yürüşü keçirir. Keçən il "Strasburq Azərbaycan Evi"nin də dəstəyi ilə baş tutan aksiyada 1000 nəfərə yaxın insanın iştirak etdiyini deyən İlham İsmayılov bu il də Strasburqda Xocalı yürüşünün təşkil olunduğunu və ATXƏM-in də həmin aksiyaya dəstək veridiyini diqqətə çatdırıb. İctimai Birlik sədri deyib ki, qeyri-hökumət təşkilatları Xocalı soyqırımının dünyaya çatdırılması prosesində fəal iştirak etməlidirlər. İlham İsmayılovun sözlərinə görə, məqsədyönlü fəaliyyət olduğu halda nəticə də əldə etmək mümkündür: "Təxminən bir il əvvəl Fransa Senatında qondarma erməni soyqırımı məsələsi gündəmə gələndə biz QHT-lər olaraq Fransanın rəsmi dairələri, eləcə də Senata müraciət ünvanladıq. Həmin müraciətə əksər dairələr tərəfindən cavab verildi və bizə göndərilən cavab məktublarında qeyd olunurdu ki, həmin müraciətdən sonra bir çox insanlar yenidən tarixə nəzər salaraq 1915-ci ildə əslində nəyin baş verdiyini öyrəniblər. Nəticə etibarilə qondarma soyqırımla bağlı məsələ müzakirədən çıxarılıb. Mən demirəm ki, bu sırf bizim fəaliyyətimiz nəticəsində baş verib. Ancaq o da danılmaz bir faktdır ki, fəaliyyət, iş olan yerdə müəyyən nəticə də əldə etmək mümkündür". Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş bölməsinin müdiri Qafar Əliyev də Xocalı soyqırımının dünya ölkələrində tanıdılması istiqamətində görülən işlərdən danışıb. Hər il faciənin ildönümü ərəfəsində dünyanın müxtəlif ölkələrində dəyirmi masalar, konfranslar və etiraz aksiyalarının keçrildiyini deyən Qafar Əliyev bu il də dünyanın 50-dən artıq ölkəsində anoloji tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində müəyyən addımların atıldığını, hətta nəticələrin əldə edildiyini də vurğulayan Qafar Əliyev eyni zamanda onu da deyib ki, bu istiqamətdə çox işləməliyik: "Hələlik bir faciənin tam mahiyyətini dünyaya çatdıra bilməmişik. Hesab edirəm ki, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri də bu prosesdə fəal rol oynamalıdırlar". Sonra çıxış edən Xocalı hadisələrinin şahidi, Dağlıq Qarabağın Azərbaycan İcmasının üzvü Hacı Cavid Xocalıda baş verən qətliam, ermənilərin insanlığa sığmayan hərəkətləri barədə danışıb. Dəyirmi masada çıxış edən digər QHT rəhbərləri də Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülməsi vacib olan işlərdən danışıblar. Dəyirmi masanın sonunda 100-dən artıq QHT adından Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, ATƏT, İnsan Haqları üzrə Haaqa Məhkəməsi, Beynəlxalq Hərbi Tribunal, eyni zamanda, dünyada fəaliyyət göstərən insan hüquqları üzrə tanınmış Freedom Hause, Human Right Wateh təşkilatlarına müraciət göndərilib. Müraciətdə adı çəkilən təşkilatlar bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş bu soyqırım cinayətinə biganə qalmamağa, dünyada bu cür soyqırımların bir daha təkrar olunmaması üçün cinayətkarların cəzalandırılmasında qətiyyətli mövqe sərgiləməyə çağırılıb: "Biz Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələri olaraq dünyada milli, etnik, dini, irqi ayrıseçkiliyə qarşı olduğumuzu bir daha bəyan etməklə, bu cür halları törədən şəxslərin və qrupların layiqli cəzalarını almaları üçün bütün beynəlxalq qurumları bir daha təkidlə mübarizəyə səsləyir, onlardan Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmasını tələb etmələrini və Xocalı soyqırımına obyektiv hüquqi-siyasi qiymət vermələrini gözləyirik".
Süleyman İsmayılbəyli