Texas ştatı Xocalı ilə bağlı qətnamə qəbul edib

Birləşmiş Ştatların Texas ştatında Xocalı soyqırımının anılması ilə əlaqədar  qətnamə qəbul edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, Nümayəndələr Palatasının Xocalı qətliamının 21-ci ildönümünün anılması haqqında qətnaməni Palatanın üzvü Cin Vu  təqdim edib.  Azərbaycanlıların Amerika Mədəni Alyansı tərəfindən Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən C.Vu qətliam barədə öyrəndikdə kədərləndiyini və bu kimi faciələrin yenidən təkrarlanmasına yol verilməməsi üçün onları xatırlamağın vacib olduğunu deyib. 

C.Vunun təqdim etdiyi qətnamdə 1988-1994 cü illərdə Dağlıq Qarabağda alovlanan müharibə və erməni silahlı qüvvələrinin Rusiya hərbi qoşunlarının müşayiəti ilə Azərbaycan torpaqlarını işğal etməsi xatırlanır. İşğal zamanı Xocalını tərk etməyə çalışan dinc əhaliyə qarşı Rusiya və Ermənistan ordusu tərəfindən törədilən bu qətliamda 1000-dən artıq insanın həlak olduğu qeyd olunur. Qətnamdə bu faciənin bir çox insan hüquqları təşkilatları tərəfindən pisləndiyi, habelə bir sıra xarici dövlət və ABŞ-ın digər ştatlarının bu faciəyə diqqət yetirdiyi qeyd olunaraq, bu xüsusda 2011-ci ildə Texas Nümayəndələr Palatasının 535 nömrəli qətnaməsi vurğulanır. Texas ştatı Nümayəndələr Palatasının üzvü C.Vu bütün bunları nəzərə alaraq təmsil etdiyi qurumu Azərbaycanda baş verən Xocalı qətliamının 21-ci ildönümünü anmağa çağırır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00