Dünya dövlətləri Ermənistana qarşı çox yumşaq davranırlar - AÇIQLAMA

Bayram Səfərov : “ Böyük güclər sanki işğalçı ölkəni himayə etməklə məşğuldurlar”

"Dünya dövlətləri, dünyada söz sahibi olan ölkələr Ermənistana qarşı çox yumşaq davranırlar. Bu yanaşma dünyada hələ də ikili standartların mövcudluğunu göstərir". Bu fikirləri Şuşa Şəhər İcra hakimiyyətinin başçısı Bayram Səfərov hakim partiyanın saytına müsahibəsində dilə gətirib. Onun dediyinə görə, artıq belə bir mənzərə yaranıb ki, dünyadakı problemlərin həllində beynəlxalq hüquq normaları, qəbul olunmuş sənədlər heç bir rol oynamır. B.Səfərov bildirib ki, həmin problemlərə böyük güclər öz maraqları çərçivəsindən yanaşırlar: "Əgər mövcud problemlər, o cümlədən münaqişələr həmin güclərə sərf edirsə, məsələnin həllinə maraq göstərmirlər. Yox, bu problemlər onların maraqlarına toxunursa, dərhal fəaliyyətə keçirlər. Bunu sübut edən kifayət qədər faktlar var. Necə olur ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi dörd qətnamə 20 ildir ki, icra olunmur, amma Liviya barədə qəbul olunmuş qətnamənin icrasına həmin sənədin qəbul olunduğu gündən başlanır? Bəs Azərbaycanda öz torpaqlarından didərgin düşmüş, öz yurdlarından zorla çıxarılmış bir milyon insanın hüquqlarını niyə bərpa etmək istəmirlər? Özlərini demokratiyanın, insan hüquqlarının qoruyucuları kimi təqdim edən dövlətlər, beynəlxalq təşkilatlar bizim məcburi köçkünlərin vəziyyətini görmürlər? Bu insanlar nə vaxta qədər dözməlidirlər? Onlar münaqişə ilə bağlı mövqeyi ümumi sözçülükdən o tərəfə getmir. Deyirlər ki, münaqişə sülh yolu ilə həll olunmalıdır, tərəflər özləri bu problemi həll etməlidir. Belədirsə, bəs beynəlxalq qayda-qanunlar nə üçün lazımdır? Ermənistan öz xoşu ilə işğal etdiyi torpaqları azad edərmi? Əlbəttə ki, burada böyük güclərin marağının olması özünü göstərir. Onlar sanki, işğalçı Ermənistanı himayə etməklə məşğuldurlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00