Borçalıda müstəqillik iddiasının ortaya atılması...

Fərəc Quliyev: “Düşünülmüş anti Azərbaycan layihəsidir”

Gürcüstan mətbuatının yazdığına görə, Rusiya Azərbaycanlıları İttifaqının sabiq rəhbəri Söyün Sadıqovun göstərişinə əsasən "Müstəqil Borçalı"nın xəritəsi, himni və gerbi hazırlanıb.  Gürcüstanda yaşayan soydaşlarımızın adının hallandırıldığı bu hərəkət qonşu dövlətdə ciddi narazılıqlara səbəb olub və bəzi ictimai təşkilatlar tərəfindən qınanılıb.  Millət vəkili,  MDHP sədri Fərəc Quliyev  bildirib ki, Borçalı və Dərbənddə formalaşdırılmağa çalışılan etnik problemlərin bu məqsədlə ortaya atıldığını düşünür: "Burada yaşayan türklər aborogendir, vətənçidir, Rusiya -Gürcüstan müharibəsi zamanı Cavaxetiya deyilən (Axalkələki) yerdə yaşayan ermənilərdən fərqli olaraq Gürcüstanın ərazi bütövlüyünü müdafiə etdilər. Biz burada yaşayan soydaşlarımızın hüquqlarını daima müdafiə etmişik və edəcəyik. Amma bu gün onları onların iradəsi və xəbəri olmadan bölücü kimi təqdim etmək, düşünülmüş anti Azərbaycan layihəsidir". F. Quliyevin fikrincə,  Borçalıda yaşayan azərbaycanlıların adından müstəqillik iddiasının ortaya atılması Cənubi Qafqazda yeni konflikt ocağı yarada bilər və nəticədə soydaşlarımız tarixi torpaqlarından sıxışdırılıb çıxarıla bilər. Bununla da, həm tarixi torpaqlarımızda kompakt yaşamaq imkanımızı itirər, həm Cənubi Qafqazdakı milli hegemonluğumuza kölgə salar, həm də ölkəmiz yeni qaçqın problemləriylə zəif düşər. Odur ki, belə məsələlərin ortaya atılması düşmən dəyirmanına su tökən addımdır: "Atalar demişkən, hürüşünü bilməyən it örüşə qurd gətirər". Daha sonra "məlum ideyanın Rusiya kəşfiyyat orqanlarına və rəsmilərinə bağlı olan Söyün Sadıqov tərəfindən ortaya atılması onun Azərbaycanın milli maraqlarına zidd dairələrdə hazırlandığı ehtimalını artırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00