Müxalifət ara qarışdırmaqla məşğuldur

Millət vəkili: "İnsanlar sosial şəbəkənin verdiyi imkandan düzgün yararlanmır"

Son iki ildə Azərbaycanla Avropa İttifaqı arasında assosativ saziş üzrə danışıqlar yeni fazaya keçib. İldən-ilə inkişaf edən bu münasibətlər təəssüflər olsun ki, hansısa dairələri, antiAzərbaycan qüvvələri narahat edir. Beləliklə, Avropa İttifaqı ilə hər dəfə müzakirələrin aktiv dönəmində hansısa qüvvələr hərəkətə keçir, Azərbaycan əleyhinə kampaniyalara başlayırlar. Hazırda bu istiqamətdə cərəyan edən proseslər, Avropa İttifaqı ilə əməkdaşlıq məsələlərinə toxunan millət vəkili Siyavuş Novruzov deyib ki, Azərbaycan Avropa İttifaqı ilə uzun müddətdir ki, əməkdaşlıq edir və bir neçə dəfə sazişlərimiz olub. Onun sözlərinə görə, sonuncu dəfə vizaların sadələşdirilməsi ilə əlaqədar saziş imzalanıb: "Hazırda assosiativ saziş üzərində iş gedir. Bütövlükdə Avropa İttifaqının həyata keçirdiyi layihələrin böyük əksəriyyətində Azərbaycan iştirak edir. Ən böyük layihələrdən biri Bakı-Tiflis-Ceyhan layihəsidir ki, hətta iqtisadi sferada Avropa İttifaqına daxil olan ölkələrin özü Azərbaycan qədər əməkdaşlıq etmir. Azərbaycanla Aİ arasında 20 milyard avrodan artıq maliyyəni əhatə edən iqtisadi əməkdaşlıq var. Azərbaycan müstəqil siyasət yürüdür və bunun da əsasında heç bir bloklara qoşulmur, eləcə də hansısa dövlətin və ya təşkilatın diktəsi ilə oturub-durmur. Azərbaycan kimi müstəqil siyasət yeritmək dünyada az-az ölkələrə nəsib olur. Biri özünə böyük qardaş seçir, biri hansısa təşkilata daxil olmaqla öz problemlərini həll etməyə çalışır və s. Azərbaycan isə bu məsələləri xalqın iradəsi və ölkə başçısının cəsarəti ilə özü mərhələ-mərhələ həll edir. NATO-ya daxil olmaq üçün ordunun büdcəsi yetərincə olmalı, hazırlığı, silahların təchizatı standartlara cavab verməlidir. Eləcə də iqtisadiyyatı güclü olan, sosial problemlərini həll edən, işsizliyi aradan qaldıran, kənd təsərrüfatının inkişafı standartlara uyğun olan dövlətlər Aİ-yə daxil olur. Türkiyə 1950-ci ildən Aİ ilə əməkdaşlıq etsə də, hələ bu günə qədər onu bu quruma qəbul etmirlər. Müəyyən qüvvələr var ki, Aİ ilə əməkdaşlıq və üzvlük məsələsinə maneə yaradırlar. Bir tərəfdən Türkiyəni Aİ-yə buraxmırlar, Azərbaycanın isə əməkdaşlığına xələl gətirmək istəyirlər. Bunu da Avropa Parlamentindəki deputatlar vasitəsilə həyata keçirirlər. Yersiz, mənasız və məzmunsuz qərarlarla Aİ ilə Azərbaycan arasında soyuqluq yaratmağa çalışırlar. Avropa Parlamentinin tarixində fərdlərlə bağlı az-az qərarlar qəbul olunub. Vaxtilə Andrey Saxarov haqda qərar verilmişdi, Saxarov hara, Azərbaycanda şayiə şəklində, heç bir araşdırma aparılmadan bir nəfərin digəri ilə davası, heç bir hüquqi statusu olmayan hadisə barədə qərar hara?.. Qərəz göz qabağındadır". Millət vəkili deyib ki, Ermənistanda partiya sədrinin müavini Mqer Yeqizaryan aclıq və işgəncədən həbsxanada dünyasını dəyişdi: "Bu günə qədər bu hadisə nə müzakirəyə çıxarılıb, nə də barəsində qərar qəbul edilib. Nəinki Avropa Parlamenti, Avropa Şurası, ATƏT-in Parlament Assambleyası, eləcə də Freedom House və Human Rights Watch da susub. Elə bil belə bir adam dünyaya gəlməyib, olmayıb, fəaliyyət göstərməyib. Azərbaycanda adi bir halla, vətəndaşın hərəkəti ilə bağlı Avropa Parlamenti qərar çıxardı. Məsələ aydındır, Avropa-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışırlar. Hesab edirəm ki, bu da yersizdir. Avropa strukturlarında çalışanlar özləri də başa düşür ki, ikili-beşli standartlarla heç nəyə nail olmaq olmaz".

O, qeyd edib ki, hər bir insanın azad fəaliyyət göstərmək hüququ var. Qeydiyyatdan keçib hüquqi status alan hər kəs fəaliyyətə başlaya bilər: "Azərbaycanda yerindən duran deyir mən bloggerəm, araşdırmaçı jurnalistəm. Yaxud hüquq-mühafizə orqanlarında fəaliyyət göstərib rüşvət aldığına, yarıtmaz fəaliyyətinə, qanunu pozduğuna görə işdən azad olunan dərhal hüquq müdafiəçisi olur. Halbuki indiyə qədər insanların hüquqlarını, qanunu pozub, rüşvət alıb. İşdən çıxan deyir hüquq müdafiəçisi oldum, təşkilat yaradıb deyir ki, mühit məni sıxırdı. Sıxırdısa, ərizə verib deyərdin ki, bu işlə razı deyiləm, çalışdığım idarədə insan azadlıqları pozulur, düzgün rəftar edilmir, istefa verib başqa sahədə fəaliyyət göstərəcəyəm. Mənə bir nümunə göstərsinlər. Yoxdur. Məsələyə yanaşma tərzi var. İnsan bir işi fundamental şəkildə görmək istəyirsə, bunun mexanizmi, nizamnaməsi və planı olmalı, buna uyğun hərəkət etməlidir. Aidiyyatı orqanlardan qeydiyyatdan keçdikdən sonra fəaliyyət göstərməyə başlamalıdır. Əlinə fotoaparat götürüb bilib-bilmədən digər vətəndaşın mülkiyyət hüququnu pozurlar. Bir sahibkardır, özünə ev və ya ofis tikib, onu çəkib verirlər, bilmirlər onun maliyyəsi haradandır, necə tikilib. Qədim Romadan indiyə qədər ən müqəddəs şey mülkiyyət hüququdur ki, bu, qorunmalıdır. Beynəlxalq hüquqda, mülki və siyasi hüquqlar haqda paktda qeyd edilir ki, hüquqlar digərinin hüququnu pozduqda məhdudlaşdırılır. Sən digərinin hüququnu pozursan, hesab edirsən ki, öz hüququn məhdudlaşdırılmayacaq?". Millət vəkili qeyd edib ki, bu gün televiziyalarımızda tok şoular verilir, internet azaddır, hər kəs mobil telefon və kompüter vasitəsilə ondan istifadə edir. Bunlarla yanaşı insanlarla ünsiyyət qurulması, canlı görüşlərin keçirilməsi, onları maraqlandıran suallara cavab verilməsi önəmlidir. Məsələn, televiziyada çıxış edəndə vətəndaşın sual vermək imkanı olmur, amma canlı görüşdə artıq sualını verib cavab ala bilir: "Biz bu tipli müzakirələri hər zaman aparırıq. YAP-da 11 komissiya fəaliyyət göstərir. Əksəriyyəti də deputatlardır. Onu da deyim ki, burada söhbət təkcə deputatlardan getmir. Partiyanın İdarə Heyəti, Siyasi Şuranın üzvləri, gənclər, qadınlar təşkilatları və sair var. Bunların hər biri aktiv olmalıdır. Aktivlik ondan ibarətdir ki, dövlət başçısının həyata keçirdiyi siyasət insanlara çatdırılsın. Bunu televiziyada, sosial şəbəkələrdə, insanlarla birbaşa ünsiyyətdə gerçəkləşdirmək lazımdır. Bu gün xaricdə oturub müxtəlif adlar altında Azərbayacana qarşı yalan, böhtan, söyüş kampaniyaları aparırlar. Bununla həm dövlət rəhbərliyini, həm Milli Məclisin üzvlərinə təhqirlər yağdırırlar. Buna tək bir-iki adam cavab verməli deyil ki? Mən ona görə belə bir çıxış eləmişdim".  Azərbaycanda sosial şəbəkə probleminin ciddiləşdiyini deyən millət vəkiuli hesab edir ki,  insanlar sosial şəbəkənin verdiyi imkandan düzgün yararlanmır:  "Kimisə nə isə maraqlandırırsa, diskussiyaya girsin, öz fikrini əsaslandırsın ki, səhv danışırsan, arqumentlərini irəli sürsün. Amma Azərbaycanda bir qrup şəxs hamını təhqirə keçib. Təhqirə görə Cinayət Məcəlləsində maddə var. O maddənin tətbiqi üçün fərd bəlli olmalıdır. Ancaq burda kişi qadın, qadın kişi adı ilə yazır. Bununla da həmin şəxsi müəyyənləşdirmək çox çətindir. Milli mentalitetimiz var. Baxırsan, bütövlükdə Milli Məclisi təhqir edirlər. Milli Məclisdə baban yaşında kişi var, anan yaşında qadın, digər qohum-əqrəban yaşında insanlar var, axı sənin kiməsə iradın varsa, yaz ki, tutalım, Siyavuş Novruzova iradım var, o, düzgün mövqedə deyil və sair. Bütövlükdə Milli Məclisi və oradakı insanları təhqir etmək yolverilməzdir, o təhqir öz valideynlərinə, doğmalarına yönəlir. Öz ailəsini, valideynlərini sevən başqasının ailəsini təhqir eləməz. Mən sadəcə olaraq deyirəm ki, həqiqəti deyin. Bu gün Azərbaycan dövləti qədər mətbuata, QHT-lərə və digər sahələrə diqqət göstərən başqa dövlət yoxdur. Jurnalistlərin pulsuz mənzillə təmin olunması, KİVDF vasitəsi ilə mətbuata maliyyə ayrılması və sair. Mətbuata ona görə pul ayrılmır ki, gedib dədəsindən, babasından hekayə yazıb dərc eləsin, yaxud da eşq şeiri yazıb çap eləsin. Dövlətin gördüyü işlərdən, milləti maraqlandıran məsələlərdən, Dağlıq Qarabağdan yazılar yazılmalıdır. Sosial şəbəkələri bağlamayaq, amma elə bir yol seçməliyik  ki, hər şey qaydasında olsun. Birincisi, o insanlar başa düşməlidirlər ki, başqasını təhqir eləmək olmaz. Milli Məclisdə onun babası yaşında adam var, bəzilərinin müəllimi, bəzilərinin həkimi Milli Məclisdə təmsil olunur. Bu cür məqamlara diqqət eləmək lazımdır. Kimdənsə xoşun gəlmirsə, ümumilikdə təhqirə keçmək olmaz axı. Konkret mənimlə söhbəti varsa, mənimlə davasın aparsın, bütövlükdə Milli Məclisi niyə təhqirə məruz qoyur? Özü də müxtəlif adlar altında gizlənilər. Keçmişdə buna "donos" deyirdilər. İndi də bu adamlar sosial şəbəkələrdə "donos" yazırlar". Siyavuş Novruzov deyib ki, Feysbukun çatışmayan çox cəhətləri var: "Saxta adlarla profil yaradırlar. Sizin saytınız vasitəsilə bir daha bildirirəm ki, nə Feysbukda, nə də Tvitterdə varam. Feysbukdan başqa çox geniş imkanlar onsuz da var. Fikirlərimizi ölkəmizdəki onlayn media, digər mətbuat orqanlarında çatdırırıq. İstənilən şəxs də bizim çıxışımızı sosial şəbəkələrə yönəldir".

Müxalifətin son mitinqlərinə də toxunan millət vəkili bildirib ki, müxalifət ancaq ara qarışdırmaqla məşğuldur: "Avropada qərar qəbul olunan kimi eyni xətt üzrə bu fəaliyyət başlandı, dərhal Azərbaycanda müxalifət mitinq çağırdı, vəsait ayrıldı, o vəsaiti də yarı unluq, yarı dənlik edirlər. Birincisi, xaricdə maliyyə ayıran təşkilat bir hissəsini mənimsəyir, burada çox ciddi korrupsiya halları var, vəsaitin bir qismi Milli Şura rəhbərliyində mənimsənilir, cüzi hissəsini isə bu proseslərə sərf edirlər. Mitinqə gələnlərin hamısı pulla tutulmuş adamlardır. Çünki müxalifətin sosial bazası bəllidir, Yeni Azərbaycan Partiyasının kiçik rayon təşkilatı qədər elektoratları yoxdur. Onların əsas məqsədi qarşıdurma yaratmaq idi. İstəyirdilər ki, polisin səbri tükənsin. Polis işçilərini təhqir edir, söyürdülər. Sağ olsunlar hüquq-mühafizə orqanının əməkdaşları, böyük səbir nümayiş etdirdilər. Şəhidlər xiyabanına getmək istəyirsiniz, gedin də. Şəhidlər xiyabanına cənab Prezident də, I Vitse-prezident də, baş nazir də, parlament sədri də, nazirlər də, deputatlar da gedir, gül qoyur, ehtiramını göstərir. Burada şou düzəltməyin nə mənası var? Biz hansı dövrdə yaşayırıq.

Bunlar Qərbin, erməni lobbisinin öyrətdiyi, dəstək və pul verdiyi insanlardır. Bizim kiçik rayon təşkilatımız onların hamısının cəmindən böyükdür. Sadəcə olaraq, bu insanlar Avropadan idarə olunurlar və onların tapşırıqlarına uyğun fəaliyyət göstərirlər, eyni mərkəzdən maliyyələşirlər. Avropa Parlamenti Mehman Hüseynovla bağlı məsələni araşdırmadan qərar qəbul edir, amma Ermənistanda siyasi partiya sədri həbsxanada işgəncə və aclıq aksiyasından ölür, onun barəsində beynəlxalq təşkilat bir cümlə belə demir. Belə yanaşma sərgiləyən təşkilatdan ədalətli qərar gözləməyə dəyərmi, xeyr.  Ona görə də biz ayıq-sayıq olmalıyıq. Çünki bizi istəməyən qüvvələr sapı özümüzdən olan baltalardan istifadə etməyə çalışırlar. Şəhidlər Xiyabanına Prezident də, Vitse prezident də, digər dövlət rəsmiləri də gedir, ziyarət edirlər, ehtiramlarını bildirilər. Amma Əli Kərimli və ətrafı bura gələndə şou düzəldirlər. Buna nə ad verəsən? Müxalifət başqa şeydi. Parlamentdə, parlamentdən kənar müxalifət var, xarici qüvvələrə xidmət edənlər var. Bizdə müxalifət yekcins deyil, müxtəlifdir. İkincisi, müxalifət elə ideyalar gətirməlidir ki, insanlar tərəfindən ona dəstək ala bilsinlər. Müxalifət dövlətlə xalq arasında elə bir qüvvəyə çevrilməlidir ki, hər hansı alternativ layihələrin dövlətə çatdırılması ilə məşğul olmalıdır. Müxalifətin funksiyası təkcə mitinq, yürüş keçirmək deyil. Seçkidə iştirak etməli, alternativ layihələr təqdim etməlidirlər. Ancaq korrupsiya və rüşvətxorluq sözlərini əzbərləyiblər, ortaya isə bir vərəq sənəd qoymayıblar. Hətta Qarabağla bağlı hər hansı bir sənəd, yaxud təklif hazırlayıb, ortaya qoymayıblar. Ona görə də insanlar bu adamların arxasınca getmirlər".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31