Müxalifət liderləri yalnız öz maraqları üçün çalışırlar
Mais Səfərli: “Onlar xarici havadarlarının sifarişlərini icra edirlər”
29 Yanvar 2019 13:04 SiyasətMais Səfərli: "Onlar xarici havadarlarının sifarişlərini icra edirlər"
Azərbaycan müxalifəti siyasi səhnədən silinmək üzrədir. Artıq sosial bazası tamamilə tükənmiş müxalifət ayaq üstə durmaqdan ötrü bütün vasitələrdən yararlanmağa çalışır. Özünün varlığını sübut etmək istəyən müxalifət elə fikir formalaşdırmağa çalışır ki, guya hakimiyyət onlardan ehtiyatlanır. Maraqlıdır, uzun müddət xarici havadarlarının maliyyə dəstəyi ilə ömrünü uzadan müxalifət bütün gücünü səfərbər edərək meydana cəmi 3 minə yaxın adam yığa bilirsə, bunun nəyini güc hesab etmək olar? Müsahibimiz Yurddaş Partiyasının sədri Mais Səfərlidir.
- Mais bəy, müxalifətin hazırki durumunu necə dəyərləndirisiniz?
-Uzun illərdir ki, müxalifət çox acınacaqlı durumdadır. Onun belə çökməsinin səbələrini də elə müxalifətin özündə axtarmaq lazımdır. Belə ki, bu uzun illərdə müxalifət öz sıralarında, öz partiyalarında heç bir islahat həyata keçirməmişdir. Normal siyasi fəaliyyətlə məşğul olmaması, cəmiyyətə normal mesajlar, çağırışlar verə bilməməsi, həmçinin cəmiyyətə alternativ proqramlar təklif edə bilməməsi ucbatından müxalifət çox acınacaqlı vəziyyətə düşmüşdür. Başlıcası da hal-hazırda radikal müxalifət düşərgəsində olan partiyaların əksəriyyəti 90-cı illərin əvvəlində yaranmışdır və həmin partiyalar əslində sovet dönəmində mövcud olmuş komunist partiyasına oxşar partiyalar kimi formalaşmışdır.Amma zaman dəyişilib, Azərbaycan hüquqi, demokratik dövlətdir. Azərbaycan demokratik dünyanın bir parçasıdır, dünyaya inteqrasiya etmiş bir dövlətdir. Bu inkişafın, demokratik, hüquqi dövlətin ruhuna uyğun olaraq partiya quruculuğu aparılmalı idi. Amma gördüyünüz kimi bu partiyalar struktur baxımından necə yaranmışdısa eləcə də sanki donub qalıblar. İnkişaf baxımından da bu partiyalar inkişaf etməyib, əksinə biz həmişə bu partiyalarda geriyə addımın şahidi olmuşuq. Buna görə də bütün bu halların hamısı müxalifətin bü günkü durumunu, yəni acınacaqlı durumunu xarakterizə edən hallardır.
-Sizcə ötən müddət əzində müxalifət niyə dəyişə bilməyib? Nədən fəaliyyətlərini yalnız qarayaxma kampaniyası üzərində qurublar?
-Tamamilə doğrudur. Müxalifətin inkişaf edə bilməməsinin səbəblərini dediyim kimi elə müxalifətin özünün fəaliyyətsizliyində axtarmaq lazımdır. Bunlar normal siyasi fəaliyyət göstərmək əvəzinə, inkişafın alternativ modelini təklif etmək əvəzinə, hansısa yeni ideyaları ortaya qoymaq əvəzinə sadəcə mövcud olan inkişafımıza da kölgə salmaqla, ağa qara deməklə məşğuldurlar. İqtidarın gördüyü çox böyük işlərə kölgə salmaqla məşğuldurlar. Bu əslində müxalifət fəaliyyəti deyil, bu əslində elə fəaliyyətsizliyin bir nəticəsidir. Yəni, görülən işlərə, inkişafa ağız bükmək, onu saf çürük etmək, nəyisə əngəlləmək belə hesab edirəm ki, siyasi fəaliyyət deyil. Siyasi fəaliyyət siyasi nəzəriyyələrdə çox gözəl təsbit olunub. Əgər onlar özlərini savadlı hesab edirlərsə, heç olmasa siyasi nəzəriyyələri açıb görsünlər ki, siyasi fəaliyyət, ümumiyyətlə siyasət nə deməkdir. Özünü siyasi təşkilat adlandıran qurumlar necə fəaliyyət göstərməlidir, onlar cəmiyyət ilə necə işləməlidir. Axı siyasi partiyalar əslində cəmiyyətin ümumi siyasi mənzərəsinin bir parçası olmalıdır, cəmiyyətin, dövlətin inkişafında onlar öz sözünü deməlidirlər. Amma əslində bunlar yalnız öz qurum maraqları üçün çalışırlar. Bu partiyalar əslində bu gün hansısa ayrı-ayrı şəxslərin ətrafında toplaşmış, formalaşmış quruplardır. Ona görə də onlar normal siyasi fəaliyyət göstərə bilmirlər.
- Hazırki şəraitdə mübarizə metodunu "mitinq taktikası" üzərində qurmaq nə dərəcədə effektlidir?
-Söhbət mitinqdən gedirsə, müxalifətin ən çox şikayət etdiyi məsələlərdən biri də odur ki, guya Azərbaycanda insanların sərbəst toplaşmaq azadlığı pozulub. Əslində bu belə deyil. Azərbaycan demokratik, hüquqi dövlətdir və bizim Konstitusiyamızda, qanunlarımızda bu məsələlər ilə bağlı kifayət qədər müddəalar vardır. Yeri gəlmişkən, bu hüquqdan ən çox istifadə edən də elə müxalifətin özüdür. Əgər bizim çağdaş tariximizdə baş tutmuş mitinqlərin tarixçəsinə fikir versək, analiz etsək, görərik ki, ən çox mitinq keçirən müxalifət partiyaları olmuşdur. Onların Azərbaycanda sərbəst toplaşmaq hüququ boğulur iddiası yanlışdır. Bu çağdaş tariximizin faktları ilə alt-üst edilən bir iddiadır. O ki, qaldı onların yerli-yersiz mitinq keçirmələri məsələlərinə, dediyim kimi mitinq keçirmək, kütləvi aksiyalar keçirmək bütün vətəndaşlara, siyasi partiyalara ana qanunumuzla verilmiş bir hüquqdur. Götürək elə sonuncu mitinqi, Mehman Hüseynovla bağlı məsələni. Müxalifət sadəcə bu və ya digər gündəmdə olan məsələlərdən yapışaraq ucuzluğa gedir. Onlar ancaq mitinq, piket keçirməyə can atırlar ki, gündəmdə qalsınlar. Açığını deyim ki, bu məsələnin Mehman Hüseynova əslində heç bir xeyri yox idi. Mehman Hüseynov özü də bunu bildirirdi. Onlar sadəcə bu məsələdən yararlanamnağa çalışırdılar. Bilirdilər ki, müxalifətin və Azərbaycanı sevməyən bəzi qeyri-hökumət təşkilatlarının yanlış raportları əsasında Avropa Parlamentində, Avropa Şurasında bizi istəmiyən qüvvələr bu məsələni qaldıracaqlar. Ona görə də onlar dərhal aksiya keçirərək bu məsələdən yararlanmağa çalışdılar. Müxalifət liderləri sadəcə olaraq belə məsələlərdən öz məqsədləri üçün istifadə etmək istəyirlər. Əslində məqsəd mitinq keçirmək, hansısa bir məsələləri gündəmə gətirmək, həmin mitinqlər vasitəsilə öz ideyalarını, alternativ proqramlarını cəmiyyətə çatdırmaq deyil. Sadəcə olaraq gündəmdə qalmaq üçün bu və ya digər məsələlərdən yararlanırlar. Elə hesab edirəm ki, belə şoularla gündəmdə qalmaq mümkün deyil. Əslində bu cəmiyyətdə qıcıq yaradır, nəticədə müxalifət artıq ətrafındakı dost, tanışlarını da itirir.
- Sizə elə gəlmirmi ki, müxalifət yalnız xarici havadarlarının sifarişini icra edir?
-Hesab edirəm ki, bunu istisna etmək olmaz. Sadəcə olaraq müxalifət özü də çox gözəl bilir ki, Azərbaycan cəmiyyətində bunlar öz sosial bazalarını itiriblər, cəmiyyət tərəfindən dəstəklənmirlər. Ona görə də onlar ayaqda qalmaq üçün müxtəlif yollar axtarırlar. O yollardan biri də bu gün Avropada Azərbaycanın müxalifətini himayə edən qüvvələrdir ki, o qüvvələr də Azərbaycanın inkişafından narahatçılıq keçirirlər, Azərbaycanın inkişafından qısqanclıq keçirirlər.Çalışırlar ki, burada müəyyən qüvvələrin vasitəsilə bu inkişafın qarşısını alsınlar və belə qüvvələrdən də istifadə edirlər. Müxalifət həmişə çalışır ki, Avropanın diqqətində olsun, onlardan yararlansın. Əslində onlar bir-birlərindən qarşılıqlı yararlanmaq istəyirlər. Həmin qüvvələr buradakı müxalifətdən Azərbaycan iqtidarına, Azərbaycan hakimiyyətinə təzyiq etmək məqsədi güdürlər. Müxalifət də onlardan yararlanıb müəyyən məqamlarda ayaqda qalmaq, gündəmdə qalmaq istəyir. Bu səbədən də onların sözü ilə oturub-dururlar.
- Müxalifət hətta ümumilli məsələlərdə belə bir araya gələ bilməyib. Uğursuzluqlarını başqasında axtararaq daim bir-birlərini ittiham ediblər. Bu məsələnin kökündə hansı amillər durur?
-Müxalifətin bir araya gəlməməsinin səbələrindən biri də odur ki, bunlar normal siyasi partiyalar, siyasi təşkilatlar kimi təşəkkül tapmamışlar, formalaşmamışlar. Bunların əksəriyyəti ayrı-ayrı şəxslərin ətrafında, bir qrup siyasi maraqlar ətrafında toplaşmış şəxslərdir, qruplardır. Bu qrupların başında duranlar ətrafdakılardan sadəcə olaraq öz məqsədləri üçün istifadə edirlər. Ona görə də onların məqsədi bir-birinə toqquşur, nəticədə də bir araya gələ bilmirlər.Uzun müddət müxalifət düşərgəsində mövcud olan bu partiyalar bildiyiniz kimi çoxlu sayda qurumlar, birliklər yaratmışlar. Lakin bildiyimiz kimi bunların heç biri uzunömürlü olmamış və çox qısa zaman ərzində tarixin arxivinə qovuşmuşdur. Yəni, bunların bir araya gəlməsi qeyri-mümkündür. Bu siyasi qurumlar, özlərini partiya adlandıran bu təşkilatlar o şərtlər ətrafında toplaşıblar, o məqsədlərə xidmət edirlər ki, bunu əslində partiya adlandırmaq olmaz. O partiyalar deyilən qurumlarda demokratiyadan heç danışmaq mümkün deyil. Orada demokratizm təmin olunmamışdır. Yerli təşkilatların, yerdə olan sıravi vətəndaşların səsi demək olar ki, eşidilmir. Yuxarılarda qəbul edilən qərarlar onlara sırınır və sanki bir hökm kimi hesab olunur. Ona görə də düşünürəm ki, onlar doğurdan da normal siyasi fəaliyyətlə məşğul olmaq istəyirlərsə ilk növbədə öz partiyalarını zamanın ruhuna uyğun olaraq yenidən qurmalıdırlar. Normal demokratik cəmiyyətin ruhuna uyğun olaraq, demokratik hüquqi dövlətin prinsiplərinə uyğun olaraq partiya kimi formalaşmalı və normal siyasi fəaliyyət göstərməlidirlər. Əks təqdirdə belə hesab edirəm ki, heç növbəti seçkilərə qədər onlar gedib çıxa bilməyəcəklər. Həmin partiya sədrlərinin adlarından və təşkilatlarından başqa heç nə qalmayacaq.
Alim