Parlament gələn ilin dövlət büdcəsinə “hə” dedi

Büdcə 410 milyon manat artırılıb

Milli Məclisin noyabrın 30-da keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi zərvinə daxil olan qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Spiker Oqtay Əsədov bildirib ki, ilk dəfə olaraq dövlət büdcəsi haqqında qanun üç oxunuşda müzakirə olunur: "2019-cu ilin dövlət büdcəsi haqqında" qanun layihəsi ətrafında xeyli müzakirələr aparılıb. Müzakirələrdən sonra isə bəzi təkliflər nəzərə alınıb" Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, ilk dəfə olaraq 2019-cu ilin dövlət büdcəsinin xərcləri 410 milyon manat artırılıb. Beləliklə, Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi yekunlaşıb. Parlament 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərini 23 milyard 168 milyon manat, xərclərini 25 milyard 190 milyon manat, büdcə kəsrini 2 milyard 22 milyon manat səviyəsində təsdiqləyib. 2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7 316,0 mln. manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı ARDNF-dan transfertlərin, 3 702,6 mln. manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı isə digər gəlirlərin payına düşür. Qeyd edək ki, 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

Həmçinin Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən sığorta Fondunun büdcəsini yekun-üçüncü oxunuşda təsdiqlənib. "Sosial təminatı və sosial müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsinə əsasən Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 3 928,1 mln. manat həcmində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin müvafiq proqnoz göstəricisindən 349,3 mln. manat və ya 9,8% çoxdur. 2019-cu ildə də Fondun gəlirlərinin məcburi dövlət sosial sığorta haqlarından, sair gəlirlərdən və Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərdən ibarət olacağı nəzərdə tutulub. 2019-cu ildə Fondun xərcləri 3 928,1 mln. manat olacağı nəzərdə tutulub ki, bu da 2018-ci ilin müvafiq proqnoz göstəricisindən 349,3 mln. manat və ya 9,8% çoxdur. 2019-cu ildə Fondun xərclərinin əhaliyə ödənişlər, AHİK xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə AHİK vasitəsi ilə maliyyələşdirilən xərclər, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri, müvafiq icra hakimiyyəti orqanının və onun yerli orqanlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın saxlanılması xərcləri və digər xərclər istiqamətlərində icra ediləcəyi nəzərdə tutulub. 

"İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında" qanun layihəsinə əsasən, 2019-cu ildə Fondun gəlirləri üzrə 8 3451,4 min manat məbləğində nəzərdə tutulub ki, bu da Fondun 2018-ci il üçün təsdiq edilmiş gəlirləri ilə müqayisədə 5 588,6 min manat və ya 6,3% azdır. 
Fondun gəlirləri büdcədən maliyyələşən təşkilatlar, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər, qeyri-büdcə sektoru və sair gəlirlər üzrə proqnozlaşdırılıb. 2019-cu ildə Fondun xərcləri 83 451,4 min manat nəzərdə tutulub. Həmin vəsait 2018-ci il üçün təsdiq edilmiş proqnoz göstəricisindən 5 588,6 min manat və ya 6,3% azdır. Fondun xərcləri üzrə vəsaitlərin işsizliyə görə sığorta ödənişləri, peşə hazırlığı və əlavə təhsilin təşkili, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi, əmək yarmarkalarının, əmək birjalarının təşkili, haqqı ödənilən ictimai işlərin təşkili, özünəməşğulluq tədbirlərinin təşkili, sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri üzrə nəzərdə tutulub. Eyni zamanda,  2019-cu il üçün yaşayış minimumu haqqında" qanun layihəsini üçüncü oxunuşda qəbul edilib. Belə ki, 2019-cu ildə Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə tutulub. Bununla yanaşı, 2019-cu il üçün yaşayış minimumunun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilib.

Ardınca Vergi Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Layihədə bildirilir ki, Azərbaycanda istehsal olunan alkoqollu, alkoqolsuz energetik içkilər, siqarlar, elektron siqaretlər aksiz vergisinə cəlb edilir. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq. Dəyişiklik nəticəsində tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədindən tutulan 12 manat aksiz vergisi 20 manata qaldırılıb. Bu mallara görə asksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin hasilinə tətbiq edilməklə hesablanır. Müzakirələr zamanı deputat Çingiz Qənizadə  nəvələrin Vergilər Məcəlləsində ailə üzvləri sırasına daxil edilməməsinə etiraz edib: "Çox vaxt notariuslar şikayət edir ki, bu Vergilər Məcəlləsindəki boşluqla əlaqədardır. Necə olur ki, ögey bacı- qardaş ailə üzvü sayılır, amma bir yerdə yaşayan baba və nəvələr ailə üzvü sayılmır? Xahiş edirəm ki, yeni Məcəllədə bu məsələ nəzərə alınsın" .

Vergilər naziri Mikayıl Cabbarov isə Ç. Qənizadəyə cavab olaraq bildirib ki, bu məsələyə İşçi Qrupu səviyyəsində baxıla bilər: "Amma əslində bu məsələdə problem yoxdur. Onlar da məntiqlə ailə üzvləri hesab olunur". Deputat Fazil Mustafa  Gəncədə yeni universitet yaradılmasını təklif edib. Bildirib ki, Gəncəyə ölkə başçısı tərəfindən insanların ayağına gedən bir icra başçısı təyin olunub və bu təqdir olunası haldır: "Amma Gəncə kimi bir şəhərə həftədə 3 dəfə təyyarə uçur. Əgər biz regionların inkişafını istəyiriksə, o zaman hökumət Gəncəyə ən azından gündə bir dəfə təyyarə uçuşunu təmin etmək barədə düşünməlidir. Digər bir məqam isə ondan ibarətdir ki, regionların inkişafı məqsədi ilə sahibkarlara güzəştlər tətbiq edilməlidir. Gəncə kimi ikinci şəhərdə elə bir universitet yaradılmalıdır ki, hamı oranı seçmək üçün mübarizə aparsın. Biz regionları inkişaf etdirməklə Bakının yükünü azalda bilərik. Odur ki, hökumət bu istiqamətdə ciddi addımlar atmalıdır". Deputat Qüdrət Həsənquliyev qeyd edib ki, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olanlar bu işlə bağlı vergidən azad olmalıdır: "Bu yaxınlarda birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə "Paşa İnşaat" məcburi köçkünlər üçün böyük bir yaşayış kompleksi tikdi. Bu zaman həmin şirkəti vergiyə cəlb etmək nə qədər doğrudur? Qəbul etdiyimiz qanunlar ictimai əxlaqla dəstəklənməlidir. Mənfəət görmədiyi işə görə şirkətdən mənfəət vergisi almaq doğru deyil. Müəyyən hüquqi, fikiz şəxsləri vergidən azad etsək, cəmiyyətə töhfə vermiş olmalıyıq". Q.Həsənquliyev həmçinin məktəb, bağça tikintisinin stimullaşdırılması üçün bu işi həyata keçirən şirkətlərin 3 il vergidən azad olunması, 5 il güzəştin tətbiq edilməsi təklifini səsləndirib. Spiker Oqtay Əsədov qeyd edib ki, Vergilər Nazirliyi inqilabi islahatlar həyata keçirir: "İslahatlar mərhələli şəkildə aparılır. Birdən-birə yükləmək olmaz".

"Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsi də ikinci və üçüncü oxunuşda müzakirə olunub. MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd edib ki, qanuna əlavə edilən yeni - 30-cu bəndə əsasən, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Qanuna əlavə edilən 22-1-ci (Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri) maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu maddəyə uyğun olaraq hesablanır. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu maddənin tələbləri nəzərə alınmaqla aşadığıdakı qaydada hesablanır: "2019-2020-cu illərdə bu qanunun 7-ci maddəsi ilə müəyyən edilən (63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var) yaş həddinə çatan sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Əlilliyi müəyyən edilən şəxsə əlliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürməklə hesablanır. Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu qanunun 22-1 maddəsi ilə hesablanır. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu maddədə göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır". 
Sonra "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Qanunun 2-ci maddəsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliyə görə, 2021-ci il yanvarın 1-dək yalnız vergi yoxlamaları, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq. 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31