Elman Nəsirov “Diplomatlar” klubunun üzvləri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Milli Məclisin deputatı, professor Elman Nəsirovla "Diplomatlar" klubu üzvlərinin görüşü keçirilib.

Olaylar.az bildirir ki, tədbirdən öncə tələbələr Mərkəzlə tanış olub, "Muzey" və "Kitabxana", "İnformasiya texnologiyaları" bölmələrinin funksiyaları barədə məlumat alıblar. Onlara Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolunu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi misilsiz xidmətlərini özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı bilgilər verilib.

Görüşü Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova açaraq, Fondla birgə təşkil etdikləri maarifləndirici layihələrdən danışıb. Mərkəzin əməkdaşı Azər Zeynalzadə belə tədbirlərin əhəmiyyətindən bəhs edib.

Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov təmsil etdiyi qurumun beynəlxalq əlaqələrindən söz açıb və bildirib ki, gənclərin dünyagörüşünün hərtərəfli inkişafına nail olmaq üçün onların bilik və bacarıqlarının qlobollaşan dünyanın tələblərinə cavab verməsi vacibdir.

Tədbirdə çıxış edən millət vəkili politoloq Elman Nəsirov beynəlxalq münasibətlər, politologiya və menecement ixtisasları üzrə təhsil alan klub üzvləri ilə müasir beynəlxalq münasibətlərin aktual problemləri, Azərbaycanın milli təhlükəsizlik siyasəti və müasir geosiyasi münasibətlər sistemində rolu, böyük güclərin Yaxın və Orta Şərq siyasəti kimi bir çox məsələlər ətrafında disskusiya aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31