Bu, Saakaşvilinin qələbəsidir – Sensasion şərh
29 Noyabr 2018 14:10 Siyasətİkinci turun nəticələri gözlənildiyi kimi olmadı. Prinsip etibarı ilə Qriqol Vaşadzenin qalib gələcəyini çox adam proqnozlaşdırırdı.
Bu sözləri Gürcüstanda keçirilən seçkilərin nəticələrinə münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, görünür, proseslər və 1-ci turdan sonra Gürcü Arzusu Partiyasının fəaliyyəti hadisələrin gedişinə müəyyən təsir göstərib:
"Faktorlar çox ola bilər. Yəqin ki, bunu Gürcüstanın öz cəmiyyəti araşdıracaq. Amma bütün hallarda seçkinin nəticələri parlament seçkilərinə öz təsirini göstərəcək. Yəni Gürcü Arzusu növbəti parlament seçkilərində arzu etdiyi nəticəni əldə etməyə bilər. Çünki parlament seçkilərində barajı keçmək imkanlarını bir neçə partiya əldə edə bilər. Bu halda isə indiki hakim partiya ilə digər partiyaların koalisiyaya girməsi ehtimalı çox azdır. Doğrusu, proseslərin bundan sonra küçə və meydanlarda davam edəcəyi o qədər də inandırıcı görünmür. Yəni Gürcüstan cəmiyyəti indiki şəraitdə bunu arzulamır".
Analitik vurğulayıb ki, prezident seçkiləri Gürcüstanın mövcud siyasi sistemi üçün fundamental əhəmiyyət kəsb etmir:
"Bunu əsasən baş məşq kimi qiymətləndirirdilər. Məşq hesab olunarsa, bu, prinsip etibarı ilə Gürcüstan müxalifətinin uğuru sayıla bilər. Yəqin ki, parlament seçkilərinə qədər Vahid Milli Hərəkat Partiyası fəaliyyətini daha da gücləndirəcək. Gürcü Arzusunun bundan sonra daha ciddi siyasi uğurlar əldə edəcəyi isə inandırıcı görünmür. Bu aspektdən düşünürəm ki, nəticələr gözlənilən olmasa da, hər halda Gürcüstan cəmiyyətinin, seçicisinin mövqeyini ifadə edir".
Analitik vurğulayıb ki, Gürcü Arzusunu subyektiv olaraq, çox etibarsız siyasi qüvvə kimi qiymətləndirir:
"Bu partiya mövqelərini hər an dəyişə bilən, manipulyasiyalara çox yer verən, siyasətində sabit olmayan siyasi qüvvə təəssüratı yaradıb. Bütün hallarda Gürcü Arzusunun Gürcüstanın tarixində önəmli rol oynayan bir partiya kimi qalacağını da düşünmürəm".
Qeyd edək ki, 28 noyabrda Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib. Mərkəzi Seçki Komissiyası seçki nəticələrini açıqlayıb: Zurabişvilini seçicilərin 59,56%-i (1,14 milyon səs), Vaşadzeni isə 40,44%-i (778 min səs) dəstəkləyib.
axar.az