“Azərbaycanla Gürcüstan arasında əlaqələr daha da möhkəm olacaq"
29 Noyabr 2018 13:36 Siyasət"Ötən gün Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirildi. Həmin ikinci turda gürcü xalqının iradəsi ifadə olunaraq istədikləri namizədə səs veriblər və yeni prezident seçilib. Bu prezidentin seçilməsi o demək deyil ki, Azərbaycanla münasibətlərdə mənfi bir yenilik yaratsın. Çünki bu gün Azərbaycanla Gürcüstan bir-birinə çox inteqrasiya olunmuş ölkələrdir, eləcə də bir-biri ilə dostluq, əməkdaşlıq münasibətləri çox yüksək səviyyədədir". Bunu millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, Gürcüstanla Azərbaycan arasında böyük iqtisadi layihələr həyata keçirilir: "Təbii ki, həmin iqtisadi layihələr də bir-birini daha sıx birləşdirir. Bu gün Gürcüstanda kimin prezident olmasının bizim üçün əhəmiyyəti yoxdur. Çünki bugünkü Azərbaycan-Gürcüstan arasındakı əlaqələrə xələl gətirə biləcək hər hansı bir maneə yoxdur. Ona görə də düşünürəm ki, yeni prezident seçilməsindən sonra da Azərbaycanla Gürcüstan arasında əlaqələr daha da möhkəm olacaq və inkişaf edəcəkdir".
Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası noyabrın 28-də keçirilmiş prezident seçkilərinin ikinci turundan sonra bülletenlərin 98,76 faizinin nəticələrini açıqlayıb. 3705 məntəqədən 3659-nun nəticələri artıq bəllidir. İlkin rəsmi məlumatlara əsasən seçki dairələrinin böyük əksəriyyətində hakim "Gürcü arzusu" partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili qalib gəlib. Konstitusiyaya uyğun olaraq S.Zurabişvilinin andiçmə mərasimi dekabrın 16-da olacaq.
sia