Gürcüstanın qadın prezidenti Salome Zurabişvili kimdir?
29 Noyabr 2018 13:14 SiyasətGürcüstanda prezident seçkilərinin ikinci turu baş tutub. Səsvermədə seçicilərin sayı 56,23 faiz təşkil edib. Prezident seçkilərində Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 59,56 faiz səs toplayıb (1,14 milyondan çox seçici). Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası tərəfindən seçki bülletenlərinin 99,7 faizi hesablanandan sonra yayılan məlumatda qeyd edilir. Bu nəticələrə görə, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə seçicilərin 40,44 faizinin (778 min nəfər) qazanıb. Salome Zurabişvili və onun tərəfdarları artıq qələbəsini qeyd edir. Xatırladaq ki, cari il oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçirildi. İlk dəfə ölkə öz prezidentini birinci turda seçə bilmədi. Siyasi ekspertlər hesab edirlər ki, bu məsələdə seçicilərin hakimiyyəti cəzalandırmaq istəyi daha çox rol oynayıb. Bundan başqa, insanlar ümumilikdə oliqarx İvanişvilinin rəhbərlik etdiyi "Gürcü arzusu" iqtidarından narazıdır, problem həm də şəxsən Bidzina İvanişvilinin seçdiyi namizəddə idi. Seçkiqabağı kampaniyanın özəlliyi onda idi ki, hökumətyönlü namizədə qarşı yalnız müxalifət yox, hətta bəzi hakimiyyət tərəfdarları da çıxırdı. Salome Zurabişvilinin namizədliyinə qarşı böyük kampaniya davam edirdi və bu kampaniyada yalnız onun siyasi opponentləri yox, "Gürcü arzusu"na loyal olan başqa seçicilər də iştirak edirdi. Sosial şəbəkələrdə insanlar bir-birini istənilən namizədə səs versələr də, ona səs verməməyə çağırırdılar.
Bəs, ikinci turda qələbə qazanan Salome Zurabişvili kimdir?
Məlumata görə, onun Gürcüstan siyasətində karyerası 2004-cü ildə başlayıb, həmin vaxt Zurabişvili keçmiş prezident Mixail Saakaşvilinin dəvəti ilə Gürcüstanın xarici işlər naziri olub. Həmin vaxt Salome Zurabişvili adını Gürcüstanda demək olar ki, heç kim tanımırdı. Zurabişvili Parisdə anadan olub, böyüyüb, həyatının böyük hissəsini də burada keçirib. 1921-ci ildə Gürcüstandan qaçan siyasi mühacirlərin nəvəsi olan Zurabişvili uzun illər Fransa XİN-də diplomat işləyib. 2003-cü ildə o, Fransanın Gürcüstanda səfiri təyin olunub, artıq bir neçə ay sonra, Gürcüstanda qızıl gül inqilabı baş tutanda isə gənc lider Saakaşvili 52 yaşlı fransalı xanımı öz hökumətində xarici işlər naziri təyin edib. Elə o vaxt da fransız pasportunu özündə saxlayan Zurabişvili Gürcüstan vətəndaşlığı da alır.
Onun təyinatı vaxtı Saakaşvili deyib ki, "Gürcüstanda bu səviyyəli diplomat hələ olmayıb". Xarici işlər naziri postunda öz əsas xidməti olaraq Zurabişvili danışıqlar prosesinə töhfəsini və Rusiya bazalarının Gürcüstan ərazisindən çıxarılması barədə razılaşmanın əldə edilməsini göstərir. Rusiya hərbi bazalarının Gürcüstanı tərk etməsi haqqında sənəddə məhz onun imzası durur. Amma Saakaşvili ilə Zurabişvilinin siyasi dostluğu çox çəkməyib. Artıq 2005-ci il oktyabrında vəzifədən uzaqlaşdırılımış Zurabişvili minlərlə insanın toplaşdığı mitinqdə əlində meqafon Saakaşvilinin "sülalə diktaturası"ndan danışırdı. Onun müxalifətçi kimi siyasi karyerasını uğurlu adlandırmaq olmaz. 2005-ci ildən 2010-cu ilə qədər o, fəal şəkildə Saakaşvili hakimiyyətinə qarşı durub, amma müxalifət lideri elə də ola bilməyib. 2010-cu ildə Zurabişvili təkcə özünün "Gürcüstanın yolu" partiyasının sədri vəzifəsini deyil, həm də siyasəti və ümumiyyətlə Gürcüstanı tərk edib. Bu, Zurabişvilinin ilk Gürcüstan prezidenti olmaq cəhdi deyil. O, 2013-cü ildə də prezident seçkilərində iştirak etmək istəyib, amma o vaxt ikili vətəndaşlığa görə onu qeydiyyata almaqdan imtina edilib. 2016-cı il parlament seçkilərində o, Tbilisinin majoritar dairələrindən birindən müstəqil deputat kimi namizədliyini irəli sürüb. Hakim partiya qəsdən bu dairədə öz namizədini irəli sürməyib, bütün administrativ resurslarını Zurabişvilinin dəstəyinə yönləndirib.
Ona qarşı başlayan ciddi kampaniyaya baxmayaraq, Zurabişvili prezident seçkilərində favorit sayılıb, MSK-nın siyahısına görə, seçkilərdə 46 namizəd iştirak edib ki, onların da əksəriyyəti heç kimin tanımadığı şəxslərdir. Zurabişvili tez-tez özünün mühacir köklərindən və məşhur əcdadlarından danışır. Hətta öz köklərini o, seçkiqabağı kampaniyasının əsas mesajlarından birinə çevirib. Məlumata görə, o, gürcü dilində pis danışır. Bəzən onu hətta anlamaq çətin olur. Görüşlərindən birində o, mühacirlərə müraciət edib: "Qayıdın. Və öz gürcü dilinizdən utanmayın. Bax, məsələn, mən, öz gürcü dilimlə tezliklə prezident olacam". Əl-əlvan bəzək əşyaları olan və eleqant geyimli 66 yaşlı qadın haqqında danışarkən, bir çox gürcü ekspertləri və jurnalistləri ilk növbədə onun xalq lideri deyil, daha çox "insanlara yuxarıdan aşağı baxan siyasətçi" olduğunu qeyd edirlər. Müsahibələrindən birində jurnalistin "Niyə siz bizimlə sanki yuxarıdan, Parisin hündürlüyündən aşağı danışırsız" sualına o, aşağıdakı cavabı verib: "Yəqin ona görə ki, bəli, prezident xalqla olmalıdır, amma o yenə də xalqdan yuxarıdır".
Zəka