"Gürcüstanda istənilən hakimiyyət Azərbaycanla dinamik münasibətlər saxlamaqda maraqlı olacaq"
29 Noyabr 2018 11:53 Siyasət"Gürcüstanda keçirilən seçkilər azad, demokratik yolla keçirilib, nəticələr xalqın iradəsinin təzahürünün göstəricisi olduğundan buna hörmətlə yanaşılmalıdır". Bu fikirləri beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
O bildirib ki, Azərbaycanla Gürcüstan münasibətlərinin dinamikliyi tək şəxsiyyətlər üzərində deyil, ümumilikdə ölkələr arasında mövcuddur: "İki ölkə arasında strateji struktur və prosesual münasibətlər o qədər yüksəkdir ki, Gürcüstanda istənilən hakimiyyət dəyişikliyi bu dinamikanı saxlamaqda maraqlı olacaq. Bu da əlbəttə ki, prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətinin nəticəsidir. Ölkə başçısının uğurlu xarici siyasəti Azərbaycanın digər, xüsusilə də qonşu ölkələrlə münasibətlərdə özünün yüksək səviyyədə göstərməkdədir".
Gürcüstanda keçirilən prezident seçkiləri ilə bağlı hazırda 97 faiz bülletenlərin hesablandığını deyən ekspert söyləyib ki, növbəti hesablanmayan 3 faizin nəticələrə təsir etmə ehtimalının az oldğunu dilə gətirib: "Çünki, namizədlər arasında səs faizinə baxsaq fərqin yüksək olduğunu görmək mümkündür".
T.Vahabov qeyd edib ki, son illər Gürcüstanda yaşayan Azərbaycan icmasının fəallığı artıb: "Bu da təbii ki, birbaşa olaraq onların tarixi vətəni olan Azərbaycan və iki ölkə istiqamətində aparılan xarici siyasətin nəticələrindən biridir. Belə olan halda, azərbaycanlılar orada özlərini müdafiə olunmuş, eləcə də ölkəmizin dəstəyini hər zaman hiss edirlər. Bundan başqa, həmyerlilərimizin orada kifayət qədər nüfuza malikdirlər. Onların seçkilərdə rolunun böyük olması və əminliklə siyasi proseslərdə iştirak etməsi bizə bunu deməyə əsas verir".
SİA