"Saakyan İnterpol vasitəsilə axtarışa verilməlidir"
“Özünü separatçı rejimin rəhbəri kimi qələmə verən Bako Saakyanın son dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrə səfər etməsinin məqsədi özünü müstəqil oyunçu kimi qələmə vermək istəyidir. O bu cür səfərlər etməklə guya sözügedən ölkələrdə nüfuza, “müstəqil dövlətin rəhbəri” kimi həmsədr ölkələrin siyasi dairələri tərəfindən dəstəkləndiyini nümayiş etdirməyə çalışır”. Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.
28 Noyabr 2018 16:23 Siyasət"Özünü separatçı rejimin rəhbəri kimi qələmə verən Bako Saakyanın son dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrə səfər etməsinin məqsədi özünü müstəqil oyunçu kimi qələmə vermək istəyidir. O bu cür səfərlər etməklə guya sözügedən ölkələrdə nüfuza, "müstəqil dövlətin rəhbəri" kimi həmsədr ölkələrin siyasi dairələri tərəfindən dəstəkləndiyini nümayiş etdirməyə çalışır". Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.
Saakyan tərəfindən atılan addımların gülünc olduğunu deyən politoloq bildirib ki, hər kəs həmsədr ölkələr olan Fransa, ABŞ və Rusiyanın rəsmi hakimiyyətinin onları dəstəkləmədiyini çox yaxşı bilir: "Ola bilsin ki, bu ölkələrdə hansısa dairələr separataçı rejimin rəhbərini dəstəkləsin, amma rəsmi hakimiyyət nəinki onu dəstəkləmir, əksinə Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu baxımdan Saakyanın sözügedən ölkələrə səfəri heç nəyi dəyişməyəcək".
F.Sadıqov söyləyib ki, sözügedən şəxsin bu ölkələrdən viza alması acınacaqlı haldır: "Onun öz pasportu yoxdur və Saakyan Ermənistan pasportundan istifadə edir. Bu əslində beynəlxalq hüquq normalarına ziddir. Fransa, ABŞ, Rusiya çox yaxşı bilir ki, Saakyan əslində kimdir və o heç bir səviyyədə qəbul edilmir. Özünə hörmət edən rəsmi dairələri Saakyanı qəbul otağına belə buraxmırlar. Lakin o ermənilərin qarşısında özünə xal qazandırmaq üçün bu cür "səfərlər" edir".
Saakyanın "səfərləri"nin arxasında Paşinyanın oyunlarının olmasının istisna edilmədiyini dilə gətirən politoloq vurğulayıb ki, hazırda seçki ərəfəsində olan Paşinyan bu yolla Fransa, ABŞ və Rusiyada yaşayan, zəngin diasporanın dəstəyini qazanmağa çalışır: "Saakyan da onun əlində alət olaraq, Paşinyanın istəklərini çatdırmaq üçün həmin ölkələrə gedir".
F.Sadıqov qeyd edib ki, Azərbaycanda Saakyanla bağlı cinayət işi açılmalı və o İnterpol vasitəsilə axtarışa verilməlidir.
SİA