“Saakyanın səfərlərinə dəstək vermək kimsəyə başucalığı gətirməz"
“Bako Saakyanın səfərlərinə dəstək vermək, qondarma, işğalçı, vandal rejimin rəhbərini viza ilə təmin etmək heç bir halda məntiqə sığmır və kimsəyə başucalığı da gətirməz. Üstəlik, proses, məram anlaşılan da deyil və ortalıqda çox qəribə durum yaranıb. Paşinyanı vururlar, amma Saakyanın səsini, hərəki diapazonunu qaldırmağa çalışırlar”. Bunu millət vəkili Elşən Musayev deyib.
28 Noyabr 2018 14:45 Siyasət"Bako Saakyanın səfərlərinə dəstək vermək, qondarma, işğalçı, vandal rejimin rəhbərini viza ilə təmin etmək heç bir halda məntiqə sığmır və kimsəyə başucalığı da gətirməz. Üstəlik, proses, məram anlaşılan da deyil və ortalıqda çox qəribə durum yaranıb. Paşinyanı vururlar, amma Saakyanın səsini, hərəki diapazonunu qaldırmağa çalışırlar". Bunu millət vəkili Elşən Musayev deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev üzv olmadığımız Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzərindən Ermənistanı öz müttəfiqləri vasitəsilə necə seyt-not vəziyyətə salıbsa qarşı tərəf özünə təcili kömək axtarır: "Halbuki hamıya gün kimi bəlli olan bir həqiqət var: Qondarma rejimin sükan idarəçiliyində özlərinə aid protez əl belə yoxdur. Hamısı yad barmaqlar, yad biləklərdir və ona görə də paralel xətdə KTMT məğlubiyyəti ATƏT-in Minsk Qrupunun vasitəsilə sığortalanır. Ən azından buna cəhd edilir ki, Ermənistan məlum cinahdan necə təkləndisə, Azərbaycanın da başını Dağlıq Qarabağ konfliktini həll etməyə məsul olan və bu missiya qrupuna daxil dövlətlərin qeyri-adekvat hərəkətləri ilə qatsınlar.
ATƏT-in Minsk qrupu ilə bağlı bir sıra şərhlər oxudum. Şəxsi qənaətimsə budur: Nə dövlətlər dəyişsin, nə də fərd olaraq subyektlər. Tək dəyişəsi şey təlimat və əsasnamədəki 2 hərfdir."Münaqişənin həll edilməsinə yönəlik fəaliyyət" cümləsinin "edilməsi" sözünə "mə" artırılsın, vəssalam. Olsun, "edilməməsi". Bütün mübhəmlərə də tam aydınlıq gəlsin. Çünki Ermənistan kimi işğalçı, vandal siyasət yürüdən dövlətin quyruq bulayanı olan bir rudiment qurumun rəhbərinə viza vermək, onun gəlişini - gedişini, görüşlərini demokratiya və beynəlxalq hüquq prinsiplərinə hayqırı formasında seyr etmək kənardan ədalət anlayışının Qaşıqçı kimi şaqqalanmasına bənzər asosiasiya yaradır. Saakyan kimi cəllad xislətlinin Xocalı qətliamını, soyqırımını tanıyan Parlamentlərin 100 km-lik radiusunda belə hərlənməsi absurddur. O ki qala, hələ rəsmi qiyafədə keçirilən separat görüşlər olsun. Bu adamın təyyarənin göyərtəsində Avropa məkanının hava axınına girməsi, ətrafa demokratiya dərsi keçən beynəlxalq təşkilatların, özündənmüştəbeh qurumların, yarımmaili təsisatların həndəvərinə belə fırlanması hüquq adına, ümumbəşəri dəyərlər adına xəyanətdir".
SİA