Kerç böhranı və yeni dəniz müharibəsi təhlükəsi
Rusiya ilə Ukrayna arasında münasibətlər yenidən gərgin məcraya qədəm qoyub. Krımın Rusiya tərəfindən işğalından sonra Moskva ilə Kiyev arasında gərginləşən münasibətlər son bir neçə ayda bir qədər səngiməyə doğru getdiyi halda, Rusiyanın nümayiş etdirdiyi aqressiya yenidən iki ölkəni qarşı-qarşıya qoyub.
28 Noyabr 2018 13:39 SiyasətRusiya ilə Ukrayna arasında münasibətlər yenidən gərgin məcraya qədəm qoyub. Krımın Rusiya tərəfindən işğalından sonra Moskva ilə Kiyev arasında gərginləşən münasibətlər son bir neçə ayda bir qədər səngiməyə doğru getdiyi halda, Rusiyanın nümayiş etdirdiyi aqressiya yenidən iki ölkəni qarşı-qarşıya qoyub. Söhbət Kerç boğazında Ukrayna hərbi dəniz qüvvələrinə məxsus gəmilərin Rusiya gəmiləri tərəfindən atəşə tutulmasından gedir. Təsadüfi deyil ki, Rusiyanın atmış olduğu bu addımdan dərhal sonra Ukraynanın Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib və ölkədə fövqəladə vəziyyətin elan edilməsi barədə təşəbbüslər irəli sürülüb. Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəisinin ölkənin hərbi baxımdan hazırlıq vəziyyətinə gətirilməsi təşəbbüsü hətta prezident Pyotr Poroşenko tərəfindən də dəstək görüb.
Artıq Rusiya ilə Ukrayna arasında münasibətlərin Krim böhranı zamanı olduğu mərhələyə çatdığı bildirilir. Hətta Qərb və NATO-da son yaranmış problemə öz adekvat reaksiyasını verib. Belə demək mümkünsə Ukraynada Rusiya və Qərb yenidən üz-üzə gəlir. Təsadüfi deyil ki, Kerç boğazında baş verən son hadisələrə ekspertlər də bu prizmadan yanaşırlar.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Rusiya və Ukrayna arasında yaşanan Kerç böhranı NATO-nun Ukraynada güclənməsinə və Birləşmiş Ştatların bu ölkəyə hərbi yardımlarının artmasına gətirəcək: "Bundan əlavə hərbi baza inşa etməsini daha da sürətləndirəcək. Rusiya Ukrayna gəmilərini Azov dənizinə buraxmamaqla yeni münaqişə ocağı yaratmaqla, bir növ Birləşmiş Ştatlara ciddi mesaj vermiş oldu. Çünki, Vaşinqton Mariupol limanında Ukraynanın hərbi dəniz donanmasını gücləndirir. Moskva bununla göstərmək istəyir ki, artıq Azov dənizi onun daxili su hövzəsidir və üçüncü ölkələrin burada iştirakına imkan yaratmayacaq".
Politoloq deyib ki, Kremlin bu təcavüzkar siyasəti dünyada yeni dəniz böhranına gətirmiş oldu: "Bununla Moskva bir daha beynəlxalq hüququ pozaraq, Ukraynanın Azov dənizində sahil akvatorieyasını işğal etdi. Halbuki iki ölkə arasında 2003-cü ildə Azov dənizi ilə bağlı müqavilə var. Kreml üzərinə götürdüyü öhdəliyi bununla pozmuş oldu. Bu, Rusiyanın Ukraynaya qarşı işğal faktorudur. Bununla əlaqədar prezident Pyotr Poroşenkonun ölkənin bəzi rayonlarında hərbi vəziyyət elan etməsi ölkənin təhlükəsizliyi və suverenliyi baxımından önəmlidir. Çünki, Kiyev rəsmən Rusiya tərəfindən açıq müharibə ilə təhdid olunur və Azov dənzində qeyd etdiyim kimi, ölkənin sahil akvatoreyası Rusiya tərəfindən işğal olunaraq, Ukraynanın burada hərəkətliliyinin qarşısı alınıb. Məhz Donbasda gedən müharibə ilə buradakı böhranda fərq bundadır. Donbasda Rusiya öz iştirakını qəti şəkildə inkar edir. burada isə, birbaşa özü iştirakçıdır. Bu böhran Rusiyaya qarşı siyasi-iqtisadi sanksiyaları daha da sərtləşdirəcək. Vladimir Putin Qərbə ölkəsinə qarşı sanksiyaların tətbiq olunması üçün yeni fürsət vermiş oldu".
Məhəmməd Əsədullazadə hesab edir ki, bu böhran yeni dəniz müharibəsinə də gətirib çıxara bilər: "Hələ ki, Ukrayna Rusiyanın bu provakasiyasına getməyəcək. Kreml Qərbə qarşı bununla əzələ nümayiş etdirir. Çünki, Birləşmiş Ştatlar başda olmaqla NATO öz silahlı qüvvələrini Şərqi Avropada yerləşdirir, hərbi təlimlər keçirir. Və, Ukraynanın müdafiəsi istiqamətində bu ölkənin limanlarında yeni hərbi donanma inşa edir. Bu proseslər Kremli ciddi narahat etdyi üçün müstəqil bir ölkənin ərazi sularını işğal etdi". Politoloqun sözlərinə görə, Rusiya çalışır ki, Poroşenkonun növbəti seçkilərdə qələbə çalmasını əngəlləsin: "Ukraynanı məğlubiyyətə düçar etməklə, indiyə qədər Poroşenkonun müdafiə sahəsində gördüyü işləri sıfıra endirsin. Bu da ölkə elektoratında müəyyən suallar yaratsın. Hazırda Kremlin qonşularına qarşı açıq təhdidi ölkəmizin təhlükəsizlik qayğılarını artırmalıdır. Rusiya ilə quru və dəniz sərhəddinə malikik. Rusiya Ukrayna kimi qonşusu olan böyük dövlətə qarşı təcavüzkar siyasət aparırsa, buradan ölkəmizin də müəyyən nəticələr çıxarması mütləqdir".
Süleyman